Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı niyə artır?
Azərbaycanda ötən il ölən insanların yarıdan çoxu ürək çatışmazlığından vəfat edib. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında kardioloq cərrah, deputat Rəşad Mahmudov bildirib. O, qeyd edib ki, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub. Deputat deyib ki, vəfat edənlərin 57,8 faizi ürək çatışmazlığından ölüb. R. Mahmudovun sözlərinə görə, bu sahədə dinləmələr keçirmək, tədbirlər görmək lazımdır.
Qeyd edək ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı getdikcə çoxalır. Artıq kardioloqlar bununla bağlı dəfələrlə həyəcan təpili çalıblar. Son statistik məlumatlara görə, ölkəmizdə hər doğulan 1000 uşaqdan 14-ü ürək qüsuru ilə doğulur. Ürək qüsuru ilə doğulan körpələrdən 25 faizi ilk 6 ay müddətində tələf olur. Son 5 ildə Azərbaycanda təxminən 2000-ə yaxın ürək qüsurlu uşaq əməliyyat olunub. Rəqəmlərdən də görünür ki, ürək xəstəliklərindən dünyasını dəyişənlərin və əməliyyat olunanların sayı ölkəmiz üçün narahatçılıq yaradacaq həddə çatıb. Bəs görəsən Azərbaycanda ürək xəstəliklərinin sayının artması nə ilə bağlıdır?
Kardioloq Adil Qeybulla deyir ki, ölkəmizdə ürək xəstəliklərinin sayının artması son illər ölkəmizə daxil olan qidaların keyfiyyəti ilə bağlıdır: “Ürək xəstəliklərini sürətləndirən əsas qida isə keyfiyyətsiz yağlardır. Bu gün bazarda olan yağların böyük əksəriyyətinin keyfiyyət parametrləri çox aşağıdır. Onların tərkibinə müxtəlif bitgi yağları vurulur. Bunlar metobolizmə uğrayanda xolistrinin mübadilə məhsulları xüsusilə xırda fraksiyalı xolistrin damarlara köçür. Nəticədə damarlarda daralma baş verir. Digər əsas səbəblərdən biri isə insanların hərəkətsizliyi ilə bağlıdır. Çox təəssüf ki, bu gün Azərbaycanda da avtomobildən istifadə edənlərin sayı sürətlə artır. İnsanlar hər yerə avtomobildən istifadə edərək getməyə alışırlar. Piyada gəzməyə üstünlük verənlər azdır. Bu da insanın qəbul etdiyi qida ilə ilə sərf etdiyi kalori arasında bir disbalans var. Həddən artıq çox qida qəbul etməyə rəğmən insanlar hərəkətsiz qalır, yaxud da çox az hərəkət edirlər”.
A. Qeybullanın sözlərinə görə, digər məqam isə qidaların əsasən günün ikinci yarısında qəbul edilməsidir: ” Bu gün restoranlar, şadlıq evləri el şənliklərini günün ikinci yarısına təyin edirlər. İnsanların çoxu günün ikinci yarısı yeməyə daha çox üstünlük verir. İnsanlar bu cür həyat tərzini dəyişməlidirlər”.
A. Qeybulla deyir ki, bu gün 50 yaşdan yuxarı insanların çox hissəsində ürək damarlarının kirəcləşməsinə görə, stendləşmə əməliyyatı aparılır. Bu, ürək xəstəliklərindən ölüm hallarını da artırır.
Professor genefondun sağlamlığının qorunması istiqamətində kompleks tədbirlərin işlənərək hazırlanmalı olduğunu bildirir. Onun sözlərinə görə, cavan yaşda insanların infartkdan, ürək dayanmasından ölənlərin sayı artması ciddi siqnal olmalıdır.
A. Qeybulla ürək xəstəlikləri riskini azaltmaq üçün keyfiyyətli qidalanmanın, hərəkətliliyin şərt olduğunu söyləyir. Onun sözlərinə görə, bununla yanaşı xolistrinin yüksəlməməsi üçün vaxtaşırı müayinə olunmaq da vacibdir: “Mənim əsas tövsiyyəm odur ki, insanlar qidalanmaya diqqət yetirsinlər. Keyfiyyətli qidalardan, yağlardan istifadə etsinlər. Eyni zamanda idmanla məşğul olsunlar. İmkan daxilində passiv həyat tərzindən uzaqlaşsınlar