“Vicdanın varsa, sus!” – Flora Kərimova ilə Zeynəb Xanlarova arasındakı müharibə qızışdı
“Vallah, məəttəl qalıram insandakı “abır”a!!! Dünən Qənirə xanımın comərdliyini gördüm. Türkiyədə Rasim Balayevi ziyarətə getmişdi, bunun sıradan ziyarət olmadığını hamımız yaxşı bilirik! Ürəyim dağa döndü. Kişilik budur, “direktiva” gözləmədən, heç kimin əlinə, ağzına baxmadan iki daşın arasında əlindən gələni eləmək! Xalq artistini də diqqətdə saxlamaq, zorlanan qız uşağını da, əsgər anasını da, şəhid qəbirini də, ÖLKƏNİN ADINI DA, BAYRAĞIMI DA!!! Budur LAYİQLİ ÖVLAD OLMAQ, layiqli vəzifəsini yerinə yetirmək və öhdəsindən gəlmək!”
A24.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova millət vəkili Qənirə Paşayevanın bu günlərdə Xalq artisti Rasim Balayevi ziyarət etməsinə münasibət bildirərkən deyib.
F.Kərimova Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisdə Rasim Balayev haqqında danışmasını isə birmənalı qarşılamadığını qeyd edib:
“Bu rəsmləri və xəbəri gördükdə, keçən həftənin icmalını silkələyən, 40 ilə yaxın deputat kürsüsünu zəbt edən, xalq artisti Zeynəb Xanlarovanın Rasim Balayev və Azərbaycan müəllimi barəsində dediklərinə göz yuma bilmədim. Susa bildiyim qədər susdum ki, yene deməsinlər “Flora Kərimova polemika axtarır, qaşınmayan yerdən qan çıxarır və ya kiminsə bostanına daş atır”! Bildiyim qədəri ilə insanın həyatı boyu xasiyyəti dəyişmir, hədəfləri dəyişir. İldə-fəsildə bir fikrə, bir düşüncəyə xidmət eləmək…?! İllah da səksəndən sonra!
Birinci gələk ŞABALID SATAN MÜƏLLİM mövzusuna. Deyən gərək, qocalaydın ki, ürəyin “yumuşalaydı”!? Pensiya vaxtını azaltdığın, uşaq pulunu kəsdirdiyin, maaşının artırılmasına etiraz etdiyin MÜƏLLİMLƏRİ illər sonra Türkiyədə acınacaqlı görüb halına acıyaydın!? Müəllimə bu rəzaləti layiq bilib, sonra başını sığallamaq… Kimə gərəkdir?
“Prezidentə düzgün məlumat çatdırmırlar!”-heç fərqindəsən nə danışırsan!? -“Mənim ağıllı prezidentim hər şeyi görür və düz edir, nə edirsə”- sözünlə dünən dediyin üst-üstə düşür? Belə çıxır ki, prezident bilərəkdən SƏNİN SÖZÜNLƏ DESƏM “acından ölüdürür”? Budur sənin Vətandaş-deputat mövqeyini, budur tutduğun vəzifənin şanlı və şərəfli göstəricisi?”
Xalq artisti millət vəkilinin “sülh platforması”na qoşulması məsələsinə də münasibət bildirib:
“Ağbirçək olasan, 25 ilə yaxın müharibə şəraitində yaşayan dövlətə BİRBAŞA “xidmət” edəsən və bütün titulları alasan, müharibə astanasından, müharibədən dönəsən, yüzə yaxın şəhidin ola (APREL DÖYÜŞLƏRİ) bütün gəncin, qadınlı-kişili könüllü meydanlara çıxa, HÖKÜMƏTİ dəstəkləyə, SEN GEDİB ERMƏNİ İLƏ SÜLHƏ QOŞULASAN!?
Bu da azmış kimi üstündən 15 gün keçməmiş -“mənə ÇATMIR (“siyasi düşüncənin” dil qabiliyyəti), gəlin, müharibə edək, ermənilər də qırılsın, bizimkilər də… ATƏT-ə niyə qulaq asmalıyam, 25-30 ildi eyni şeyi eşidirəm!”- deməklə ali baş komandanın beynəlxalq nüfuzunu şübhə altına alasan, səninlə bir çatının altında olan hər bir DEPUTATI heç edəsən, bu, görülməmiş bir şeydir! Cavabın o zaman tutarlı verildi, vitse – spiker tərəfindən! Bir balaca düşünsəydin, mandatından imtina etməli idin, o sözlərdən sonra.
Keçək əsas məsələyə, yəni XALQ ARTİSTİ haqqında -“desəm, öldürərlər – deməsəm, ölərəm”. Kimdi səni öldürən, kimdi sənin DÜZ fikirinə qarşı çıxan?! Kimdir sənin yolunu kəsən!? Çiyin-çiyinə oturduğun deputatlar, nazirlər, yoxsa hər zaman “sözün doğrusunu çatdırdığın PREZİDENT”, bəlkə “QARA CAMAAT” dediyin xalq!? Bu ifadələrlə bütün milləti, hökuməti nə qədər təhqir etmək olar? Nə qədər özünü mənasız və cılız “YAXŞI” göstərib silahdaşlarını küçümsəmək olar!? Ayıbdır, amma dahası olmamalıdır! Deyəcəksən ki, “mən dedim, Qənirə xanım elədi!”
Bəs sən niyə elə ordaca, dediyin qədər ürəyin yanırdısa, o “qanın qaynadığı”, acıdığın, İstanbulda şabalıd satan MÜƏLLİMİNƏ cüzi də olsa bir yardım etmədin, ya da XALQ ARTİSTİNƏ! Xalq artistini biabır eleməyin bir qırağa, mədhiyyələr qoşduğun hakimiyəti də yerə vurdun! Vicdanın varsa, sus və heç yaxşılıq eləmə! 40 ildə eləmədinsə, bundan belə də cəhd etmə, bil ki, ziyanın dəyir!!!”