FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərini daim davam etdirir. Ölkə ərazisində yerləşən obyektlərə baxışlar keçirir, obyekt sahibləri ilə lazımi söhbətlər aparır, zəruri məsləhətlər verir. Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti hər hansı bir təhlükənin olmaması istiqamətində üzərinə düşən vəzifəsinin öhdəsindən bacarıqla gəlir və bunun da dəfələrlə şahidi olmuşuq.
Amma gəlin görək, biz vətəndaş cəmiyyəti olaraq, bu istiqamətdə hansı köməyi edirik? Hər hansı bir təhlükə yaradan hallarla üzləşdikdə, anındaca əlaqədar orqanları xəbərdar edirikmi? Və necə edirik? Çünki, burada söhbət hamımızın təhlükəsizliyindən gedirsə və təhlükə yaradan nə varsa, buna qarşı barışmaz mövqedə olmalıyıq!
Müşahidələr əsasında Binəqədi rayonu,Sulutəpə qəsəbəsi 1-də yerləşən “Evrohome” ticarət mərkəzində yanğın təhlükəsizliyinin tələblərinin kobud sürətdə pozulması halları aşkarlanıb. Yüksək risk mənbəyi olan bu obyektdə yanğınların söndürülməsi, qarşısının alınması vəziyyəti tələblərə cavab vermir. Belə ki, ticarət mərkəzinin anbarlarında, satış mağazalarında taxtalar, müxtəlif boyalar pərakəndə halda qalaqlanaraq, ətrafa təhlükə yaradır. Çoxsaylı sahibkarların fəaliyyət göstərdiyi bu obyektdə insan həyatına və sağlamlığına, onların əmlak maraqlarına birbaşa təhlükənin qarşısı alınmır. Nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı açıq-aşkar görünür. Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən “Eurohome” ticarət mərkəzində aidiyyəti dövlət qurumunun sözügedən obyektdə yoxlamaların aparılması əhalinin təhlükəsizliyi baxımından zəruridir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP








