Cümə axşamı, 08 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
06.10.2026 12:38 · Gündəm, Manşet, Xəbər xətti

Rusiyanın PUA hücumunda ölən kapitanın nəşi Azərbaycana GƏTİRİLİR

Ukraynadan İtaliyaya taxıl daşıyan “Röyad Məmmədov” yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan azərbaycanlı ekipaj üzvlərindən birinin cənazəsinin Azərbaycana göndərilməsi ilə bağlı prosedurlar davam etdirilir.

Bu barədə  Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı məlumat verib.

Onun sözlərinə görə, gəminin kapitanı Rüstəm Həsənovun cənazəsi müvafiq prosedurlar tamamlandıqdan sonra Azərbaycana göndəriləcək.

“Gəminin kapitanının cənazəsi müvafiq prosedurlar tamamlandıqdan sonra Vətənə yola salınacaq. Aşpazın isə axtarılması tədbirləri həyata keçirilir. Görək, nə olur”, – deyə Q.Osmanlı bildirib.

O qeyd edib ki, hadisə nəticəsində yaralanan digər 3 azərbaycanlı ekipaj üzvünün də tibbi prosedurlar başa çatdıqdan sonra Azərbaycana qayıtması gözlənilir.

Qeyd edək ki, Ukraynadan İtaliyaya taxıl daşıyan “Röyad Məmmədov” yük gəmisi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə Rusiyanın PUA hücumuna məruz qalıb. Hücum nəticəsində azərbaycanlı ekipaj üzvləri – gəminin kapitanı Rüstəm Həsənov və aşpaz Məhəmməd Süleymanzadə həlak olub. Rüstəm Həsənovun ehtiyatda olan polkovnik olduğu bildirilir. Gəminin heyətində ümumilikdə 13 nəfər olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.

12:06

Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hal-hazırda, müvafiq axtarış tədbirləri həyata keçirilir.

“Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır.

Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin Vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

Bir daha, Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik”, – deyə XİN-in məlumatında qeyd olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP