Cümə axşamı, 17 Sentyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
17.09.2026 10:08 · Dünya, Gündəm, Manşet, Xəbər xətti

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib

ABŞ konqresmenləri Rusiya və onun müttəfiqlərinə yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər. Sənəd artıq Senat tərəfindən qəbul edilib və Donald Tramp tərəfindən dəstəklənir. ABŞ tərəfindən ilk dəfə Rusiyanın “kölgə donanmasına” qarşı tədbirlərin görülməsini nəzərdə tutan qanun layihəsi 262 lehinə, 159 əleyhinə səslə qəbul edilib və respublikaçı prezidentin hakimiyyətə qayıtmasından sonra ABŞ Konqresinin Moskvaya qarşı ilk genişmiqyaslı addımıdır.

Qanun layihəsi, həmçinin Rusiyanın enerji və müdafiə sektorlarına qarşı tədbirlər görülməsini, Rusiya Prezidenti Vladimir Putinə və digər yüksək vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Sənəd, əsasən, ABŞ prezidentinə Rusiya qazı və neftinin ən böyük beş idxalçısı olan ölkələrə, o cümlədən Çin və Hindistana 100 faizə qədər gömrük rüsumları tətbiq etmək səlahiyyəti verir. Bu müddəa qanun layihəsinin qəbulunu əngəlləyə bilər.

Demokrat konqresmenlər Ukraynaya dəstək tədbirlərini dəstəkləyirlər, lakin Donald Trampa onun əsas iqtisadi aləti olan bu əlavə gömrük rüsumları ilə bağlı geniş səlahiyyətlərin verilməsinə ehtiyatla yanaşırlar.

Sənədin tərəfdarlarının fikrincə, Rusiya və onun, hətta dolayı yolla da olsa, müttəfiqlərinə qarşı sanksiyaların sərtləşdirilməsi Ukraynaya zərbələrin artırdığı bir vaxtda zəruridir.

Qanun layihəsi onun əsas müəllifi olan, iyul ayında vəfat etmiş respublikaçı senator Lindsi Qrehemin adını daşıyır. O, Ukraynanın qətiyyətli tərəfdarı, Rusiya və İranın sərt tənqidçisi olub. İran da sənəddə nəzərdə tutulan tədbirlərin hədəfləri sırasındadır.

“Qanun layihəsi sürətlə imzalandıqdan və qüvvəyə mindikdən sonra ümid edirik ki, ABŞ Kremlin müharibə xəzinəsini maliyyələşdirən maliyyə axınlarına son qoymaq üçün onun ciddi şəkildə tətbiq olunmasını təmin edəcək”, – deyə “Razom We Stand” təşkilatının direktoru Svitlana Romanko bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP