Türk Dövlətləri Təşkilatının (TDT) Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.
Tədbirdəki müxbiri xəbər verir ki, konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə təşkil edilib.
Konfransın mövzusu “Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi”dir.
Tədbir çərçivəsində “Regional inteqrasiya və Orta Dəhliz infrastruktura əsaslanan inkişafın katalizatoru kimi”, “TDT dövlətləri arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi” və “Dayanıqlı inkişaf üçün innovasiya: Siyasət çərçivələri və iqtisadi transformasiya” adlı panel müzakirələr keçiriləcək.
Konfransda “Bakı Şəbəkəsi” (Baku Network) Araşdırmalar və Təhlil İctimai Birliyinin rəhbərliyi də iştirak edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı tədbirdə çıxış edərəkən bildirib ki, Türk dövlətləri arasında investisiya üzrə Azərbaycan liderdir.
“Azərbaycanın Orta Dəhliz Davamlılıq İndeksi göstəricisi 1 üzərindən təxminən 0,5 təşkil edir. Bu göstərici bir tərəfdən davamlılıq üçün yaxşı bir bazanın olduğunu, digər tərəfdən isə regional infrastrukturu genişləndirmək, təkmilləşdirmək və Orta Dəhlizi rəqəmsallaşdırmaq üçün böyük imkanların varlığını göstərir”,- deyə o bildirib.
V.Qasımlı əlavə edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) regionunun iqtisadi və maliyyə göstəricilərinə nəzər saldıqda görünür ki, regionun qlobal ÜDM-dəki payı 2%, qlobal yığımlardakı (əmanətlərdəki) payı 2,3% olduğu halda, qlobal bank aktivlərindəki payı cəmi 0,8% təşkil edir.
“Yarana biləcək maliyyə çatışmazlığını aradan qaldırmaq üçün əsas vəzifə regionun yığım potensialını səfərbər etmək və yeni nəsil maliyyə həlləri vasitəsilə bu resursları səmərəli investisiyalara və davamlı iqtisadi artıma yönəltməkdir”,- deyə o vurğulayıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev öz növbəsində Türk Dövlətləri Təşkilatının regional əməkdaşlıq üçün fəal platformaya çevrildiyinə diqqət çəkib.
O qeyd edib ki, Türk dövlətləri üçün ortaq məqsəd aydındır: ümumi coğrafiyanı, mədəni əlaqələri, tarixi, insan kapitalını və iqtisadi potensialı praktiki, davamlı inkişafa çevirmək.
“Son illərdə TDT xarici siyasət və ticarətdən tutmuş energetika, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər müxtəlif sahələrdə 63 mexanizmi əhatə edən çoxşaxəli əməkdaşlığı genişləndirib.
TDT-yə üzv və müşahidəçi dövlətlərin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb, onların ümumi ticarət dövriyyəsi təxminən 1,27 trilyon ABŞ dollarına çatıb, əhalisinin sayı isə 180 milyon nəfəri keçib. Bu rəqəmlər ümumi iqtisadi potensialımızın miqyasını nümayiş etdirir və eyni zamanda bizə məsuliyyətimizi xatırladır”, – deyə o bildirib.
Baş katib əlavə edib ki, Orta Dəhliz Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün ən mühüm vasitələrdən birinə çevrilib.
“Bu, sadəcə nəqliyyat marşrutu deyil. Bu, Türk regionundan keçən ticarət, sərmayə və digər iqtisadi imkanlar üçün yeni fürsətlər yaradır. Orta Dəhlizin uğuru yalnız fiziki infrastrukturdan asılı deyil. Limanlar, dəmir yolları, avtomobil yolları və logistika mərkəzləri səmərəli sərhəd prosedurları, tənzimlənən tariflər və etibarlı rəqəmsal xidmətlər kimi tamamlayıcı sistemlərlə dəstəklənməlidir”,- deyə baş katib vurğulayıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr Kürşat Zorlu qeyd edib ki, Türk dünyası ölkələrinin öz aralarındakı ticarətinin ümumi ticarətdəki payı bu gün təxminən 7%-dən bir az çoxdur. Bir neçə il əvvəl 3% ətrafında olan bu nisbətin yüksəlməsi, yaxşı nəticədir.
“Lakin mövcud iqtisadi potensialımızı nəzərə aldıqda, qısa müddətdə bunu 10%-dən yuxarı çıxarmaq kimi bir öhdəliyimiz var. Artıq sadəcə öz aramızda mal satmaq üzrə hədəflər qoymaq əvəzinə, birlikdə istehsal etməli, maliyyələşdirməliyik. Qlobal ticarətdə getdikcə daha strateji xarakter alan Orta Dəhliz xüsusi yerə sahibdir. Bu gün təkcə bizim deyil, dünyanın da qlobal riskləri azalda bilməsi baxımından Orta Dəhliz çox böyük əhəmiyyət kəsb edir. əzər keçidli bu marşrut yalnız Şərq ilə Qərb arasında təhlükəsiz və sürətli daşınma xətti təqdim etməklə qalmır, eyni zamanda Türk Dünyasının qlobal iqtisadiyyata daha güclü inteqrasiyasını təmin edəcəkdir”,- deyə o əlavə edib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP
