Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi – Xalqa bağışlanmış ömür
1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə SSRİ məkanında tanınan Heydər Əliyev 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi.Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun zəngin və şərəfli həyat yolunun, siyasi və dövlətçilik fəaliyyətinin əsas və vacib məqamlarını xronologiyasını təqdim edirik:
28 yanvar. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Kremldə Yəmən Ərəb Respublikasının Baş nazirinin müavini Məhəmməd Said əl-Əttar ilə görüşdü.
25 fevral-6 mart. Sov. İKP-nin XXVII qurultayının işində iştirak etdi.
7 mart. Suriyanın Dirçəlişi Ərəb Sosialist Partiyasının baş katibinin müavini Əl Əhmərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdi.
24 aprel. Vyetnam Sosialist Respublikasının Nazirlər Sovetinin sədr müavini Donq Şi Nquyenanı qəbul etdi.
31 iyul. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin Naxçıvanda büstü açıldı.
3 sentyabr. Novorossiyskdə “Admiral Naximov” gəmisinin qəzaya uğraması ilə əlaqədar yaradılmış Dövlət Komissiyasına sədr təyin olundu.
26 sentyabr. Kremldə Kuba Respublikasının nümayəndə heyəti ilə görüşdü.
16 oktyabr. SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf Bürosunun sədri təyin olundu.
11-16 noyabr. Laosa səfər edən Sov. İKP MK-nın nümayəndə heyətinə başçılıq etdi.
18 noyabr. Moskvada Səməd Vurğunun 80 illik yubileyi mərasimində iştirak etdi.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin fəaliyyət dairəsinə iqtisadi, sosial-mədəni sahələrlə yanaşı, SSRİ-nin Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə münasibətləri məsələləri də daxil idi. Həmin ölkələrlə əlaqələrin inkişafı istiqamətində gördüyü işlər onu xarici siyasət sahəsində dərin biliklərə malik dövlət xadimi kimi bütün dünyada tanıtmışdı. 1986-cı ildə Yəmən Ərəb Respublikasının Baş nazirinin müavini Məhəmməd Said əl-Əttar, Suriyanın Dirçəlişi Ərəb Sosialist Partiyasının baş katibinin müavini Əl Əhmərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşləri və apardığı danışıqlar bu baxımdan xarakterikdir. Dahi rəhbər bundan istifadə edərək həm də Azərbaycan Respublikasını xaricdə tanıdırdı. Bununla bağlı bir sıra faktları xatırlamaq yerinə düşər: 1983-cü ildə Moskvaya gəlmiş Suriya KP MK Baş katibinin müavini Yusif Feysəl Bakıda da oldu. Həmin ildə Suriyanın paytaxtı Dəməşq şəhərində Azərbaycan rəssamlarının əsərləri sərgiləndi. 1984-cü ildə Suriyanın vəqf işləri üzrə nazirinin, 1985-ci ildə irriqasiya nazirinin başçılıq etdiyi nümayəndə heyətləri Bakıya gəlmişdilər. 1986-cı ildə Bakıda keçirilmiş “Müsəlmanlar sülh uğrunda” Beynəlxalq İslam Konfransının işində Suriya nümayəndə heyəti də iştirak etdi. 1985-1986-cı illərdə respublikamızın ali məktəblərində Suriyadan 130 aspirant və tələbə təhsil alırdı.
Heydər Əliyevin 1986-cı ilin aprel ayında Kremldə Vyetnam Sosialist Respublikasının Nazirlər Sovetinin sədr müavini Donq Şi Nquyen, sentyabr ayında Kuba Respublikasının nümayəndə heyəti ilə görüşləri, noyabr ayında Laosa səfəri çərçivəsində apardığı danışıqlar SSRİ-nin beynəlxalq əlaqələrinə töhfə verdi. Bütün bunlar Heydər Əliyevin təkcə SSRİ məkanında deyil, bütövlükdə beynəlxalq aləmdə səriştəli və bacarıqlı dövlət xadimi kimi nüfuzunu durmadan artırırdı. Onun getdikcə artan nüfuzu bir çoxlarında, xüsusən də Mixail Qorbaçovda həsəd və qısqanclıq doğururdu. Siyasi Büro üzvlərinin söyləməyə cürət etmədiyi bir sıra mühüm məsələləri Heydər Əliyev cəsarətlə Qorbaçovun üzünə deyirdi. Belə insidentlərdən biri də 1986-cı il aprelin 26-da Çernobıl Atom-Elektrik Stansiyasındakı qəza ilə bağlı olmuşdu. Heydər Əliyev Siyasi Büroda qəza barədə ictimaiyyətə məlumat verilməsini tələb etdi. Ancaq Qorbaçovun təkidi ilə məlumat gizlədildi və yalnız beş gündən sonra açıqlandı.
Heydər Əliyevin istər Azərbaycan SSR KP MK-nın birinci katibi olduğu dövrdə respublika iqtisadiyyatının dirçəldilməsi, əhalinin rifahını yüksəldilməsi istiqamətində gördüyü böyük işlər, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə edilmiş sahələrdə İttifaq miqyasında qazanılan nailiyyətlər layiq olduğu qiyməti almışdı. O iki dəfə – 1979-cu və 1983-cü illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, vətəni Naxçıvanda büstünün qoyulmasına qərar verilmişdi. 1986-cı ildə büstün açılışı oldu. Büstün müəllifi – görkəmli heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarov müsahibələrindən birində söyləyir ki, Heydər Əliyev məsuliyyətli bir insan kimi büst qoyulması məsələsinə də çox diqqətlə yanaşmış və onu Moskvaya dəvət etmişdi. Büstü hazırlamaq üçün Heydər Əliyevin fotoları çəkilmişdi. Ömər Eldarovun çəkdiyi bu etüd sonradan dahi rəhbərin obrazını yaratmaqda çox kömək etmişdi. Büst Möminə xatun meydanında ucaldıldı. Büstün qoyulacağı yerin seçiməsində də Heydər Əliyev iştirak etmişdi.
1986-cı ildə Novorossiyskdə “Admiral Naximov” gəmisinin batması ilə əlaqədar sentyabr ayında Dövlət Komissiyası yaradıldı. Komissiyaya rəhbərlik Heydər Əliyevə həvalə olundu. Onun yüksək təşkilatçılıq bacarığı, yorulmaz səyləri sayəsində qəzanın nəticələrini qısa müddətdə aradan qaldırmaq mümkün oldu. Jurnalistlərin bu barədə suallarına cavabında Heydər Əliyev belə demişdi: “Bizim işimiz səhər saat altıda başlayır. Dövlət Komissiyası bütün gün ərzində işləyir. Bir çox məsələlər yerindəcə həll edilir. Komissiyanın üzvləri hər gün qəzanın şahidləri, batanların qohumları ilə görüşür. Biz olduğumuz yerlərdə, küçələrdə belə birbaşa sualla müraciət edirlər.
Komissiya üzvləri hər gün mehmanxanalara, nəqliyyat qovşaqlarına, ictimai-iaşə müəssisələrinə, tibb müəssisələrinə gedir. Biz hesab edirik ki, belə görüşlər lazımdır, onlar bizim işimizin tərkib hissəsidir.
Bunlarla yanaşı, komissiya dənizdə işlərə operativ rəhbərlik edir, çünki orada çoxlu məsələlər meydana çıxır. Ardıcıl olaraq gündə iki dəfə hökumət komissiyasının iclası keçirilir”.
Hadisə baş verdiyi dövrdə Ukrayna KP MK-nın katibi olmuş Yakov Poqrebnyak (1928-2016) Kiyevdə çıxan “Faktı i kommentarii” qəzetinə 2003-cü ildə müsahibəsində 423 nəfərin ölümü ilə nəticələnmiş gəmi qəzasını da xatırlamışdı. Onun dedikləri Heydər Əliyevin digər bir keyfiyyətini – insanlara həssas münasibətini, başqalarının faciəsini qəlbən yaşamasını üzə çıxarmaq baxımından diqqəti cəlb edir.
Sitat: Heydər Əliyev komissiyanın rəhbəri kimi ölənlərin sayını və əslən haralı olduqlarını dəqiqləşdirirdi. Gözlərimiz qarşısında cəsədləri refrijeratorlara yığırdılar. Suda boğulanların sifəti qorxudan əyilmişdi, çoxlarının saçları çəngə-çəngə qopmuşdu. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qəmgin-qəmgin gəzinir və tez-tez də təkrar edirdi: “Deyəsən, bu yara ürəyimdə həmişəlik qalacaq!”…
Biz Heydər Əliyevlə salona, hönkürtü ilə ağlayan adamların yanına gəldik. Buradakıların yarısı əzizlərinin həlak olduqlarını bilirdi. Möcüzəyə ümid qalmamışdı. Heydər Əliyev ağlayan bir qadına yaxınlaşdı, onu qucaqlayıb öpdü. Sonra isə xalasının yanında dayanmış 15 yaşlı bir oğlana yaxınlaşdı: onun valideynləri həlak olmuşdu. Heydər Əliyev oğlanı qucaqlayıb astadan dedi: “Başımıza belə bir iş gəldi. Biz əlimizdən gələni edəcəyik ki, sən ali məktəbi bitirəsən, sənə təqaüd təyin edəcəyik”…
Biz səhər və axşam yeməyini vilayət partiya komitəsinin mehmanxanasının restoranında edirdik, Heydər Əliyev elə orada ikiyerlik adi nömrədə qalırdı. Axşam, stresdən çıxmaq üçün Heydər Əliyev bir qədəh konyak içirdi.
“Admiral Naximov” teploxodunda axtarış işləri 50 metr dərinlikdə işləyən 10 dalğıcın ikincisi həlak olana qədər davam etdirildi. Bu faciəni ürəyinə salan Heydər Əliyev sınıxmış vəziyyətdə Moskvaya yola düşdü. O, öz səlahiyyətlərini mənə verərək dedi: “İnsanların dərdini mümkün qədər azaltmaq üçün əlinizdən gələni edin!”
Heydər Əliyevin zəngin təcrübəsindən “perestroyka” adlanan dövrdə də istifadə olundu. 1986-cı ilin oktyabrında SSRİ Nazirlər Sovetinin Sosial inkişaf bürosu yaradıldı və Heydər Əliyev büronun sədri təyin edildi. Büronun fəaliyyəti 12 nazirlik, idarə və komitəni əhatə edirdi.
Moskvada son dərəcə gərgin iş rejiminə baxmayaraq dahi rəhbərin bir əli Azərbaycanın üstündə idi. Xüsusən Azərbaycan mədəniyyət və incəsənətinin təbliğinə dəstək göstərir, İttifaqın ən nüfuzlu salonlarında görkəmli mədəniyyət xadimlərimizin yubileylərinə həsr edilən tədbirlərin keçirilməsinə nail olurdu. Belə tədbirlərdən biri də 1986-cı il noyabrın 18-də Moskvada İttifaqlar Evinin Sütunlu Salonunda Səməd Vurğunun 80 illik yubiley mərasimi oldu. Tədbirdə Heydər Əliyev, Azərbaycandan gəlmiş yüksək səviyyəli nümayəndə heyəti, SSRİ rəhbərliyinin vəzifəli şəxsləri iştirak etdilər. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin davamı olaraq 2006-cı ildə Moskvada görkəmli şairin 100 illik yubileyi də yüksək səviyyədə qeyd olunmuşdu.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP