Əli Kərimli Müsavata sataşdı, qalmaqal düşdü
Özünü AXCP sədri kimi təqdim edən bloqqer Əli Kərimli müsahibəsində Müsavat partiyasını tənqid edib. O, Arif Hacılının rəhbəri olduğu Müsavatı müxalifəti yarıyolda qoymaqda ittiham edib.
Kərimlinin tikanlı sözlərinə əks düşərgədə qıcıq yaradıb. Nəticədə yeni AXCP-Müsavat qalmaqalının təməli qoyulub.
Müsavat başqanın müavini Yadigar Sadıqov “Facebook” hesabında Milli Şuranın 2013-cü ildə prezident seçkiləri ilə əlaqədar yaradıldığını vurğulayaraq, Əli Kərimlinin ittihamlarının əsassız olduğunu deyib:
“Əli Kərimli jurnalist Sevinc Osmanqızına verdiyi müsahibə zamanı birlik barədə suala ad çəkməsə də, çox güman ki, Müsavat Partiyasını “həlledici məqamda” birlikləri pozmaqda, xalqı məyus etməkdə qınayıb. Müsavatın MŞ-nı tərk etmə səbəbləri barədə çox deyilib, çox yazılıb. Haqlı sayanların da, haqlı saymayanların da fikri artıq formalaşıb. Buna toxunmadan “həlledici məqam” iddiasına münasibət bildirmək istəyirəm.
Milli Şura 2013-cü ildə prezident seçkiləri ilə əlaqədar yaradılıb. Həlledici məqam da bu seçkilər olub. Müsavat Partiyası MŞ-nın seçkidə iştirak etməsi üçün əlindən gələni edib. Müsavatın qəti mövqeyi olmasaydı, boykot tərədarları qalib gələcəkdilər. Partiya bunun üçün əvvəlcə İsa Qəmbərin, daha sonra da vahid namizəd kimi görmək istədiyi Mehman Əliyevin namizədliyindən imtina edib. AXCP-nin ultimativ formada “ya Cəmil Həsənli, ya heç kəs” şərti ilə razılaşıb.
İmkanımız olan bütün şəraiti yaratmışıq, gücümüz çatan bütün köməyi göstərmişik. Sənədləşmə işlərinin böyük əksəriyyətini müsavatçılar aparıb. İmzatoplama kampaniyası zamanı ən çox imzanı müsavatçılar toplayıb. “Həlledici məqam” deyilən zaman Müsavat bunları edib. Bunun müqabilində Müsavatı həlledici məqamda birliyi pozmaqda ittiham etmək ən azı ədalətsizlikdir”.
Başqan müavini vurğulayıb ki, Müsavat həlledici məqam qalmayanda qurumu tərk edib: “Seçkidən 3 ay sonra, artıq həlledici bir şey qalmayanda Müsavat Milli Şuranı tərk edib. Xalqın məyusluğuna gəlincə, bu addımı Müsavatın hüququ kimi təbii qarşılayıb, müxalifətdaxili didişmələrə rəvac verən “satqınlıq”, “hakimiyyətə işləmək”, “parlamentdə mandat almaq” kimi ittihamlar irəli sürülməsəydi və müsavatçılar da cavab vermək məcburiyyətində qalmasaydılar, heç bir məyusluq yaşanmayacaqdı. Və nəhayət, ənənəvi müxaliət içində Müsavat bəlkə yeganə partiyadır ki, “özünə müxalifət deyən” dövrü heç zaman olmayıb”.
Sadıqlının statusu müxalif cəbhədə qarşıdurmanı daha da gərginləşdirib. Əli Kərimli tərəfdarları sosal şəbəkələrdə müsavatçılar “yıxıb-sürüyüblər”.
Tənqid dolu statuslarda Əli Kərimlini “müxalifətin keşiş Qaponu”, İsa Qəmbəri isə “Ölü siyasətçi” adlandırıblar. Maraqlıdır ki, Milli Şura sədri Cəmil Həsənli və Müsavat başqanı Arif Hacılını saya salan olmayıb. Yəni, dava İsa Qəmbər-Əli Kərimli davasıdır.
Müsavat funksioneri cavab statuslarının birində Əli Kərimlini AXCP-ni monopoliyada saxlamaqda ittiham edib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev də AXCP-Müsavat davasına qoşulub. Kərimlini müdafiə etmək həvəsinə düşən E.Quliyev Yadigar Sadıqovu ağılsız adlandırmaqdan belə çəkinməyib.
“Aksiyalara hazırlıq getdiyi bir vaxtda, hörmətli Müsavat partiyasının əsas funksionerlərindən biri öz facebook profilində, 2013-cü il prezident seçkilərindən sonra Müsavatın Milli Şuradan çıxması barәdә iddialı bir status paylaşıb. Və çox təəssüf ki, bu status-açıqlama onsuz da gərgin olan münasibətlərin üstünə bir qədər də “benzin” səpib. Məncə, belə həlledici məqamda tərəflər arasında kəskin polemika və antaqonizmə səbəb olan bu sayaq yazıların tirajlanması yanlış və ziyanlı bir addımdır. Ağıllı siyasətçi bunu etməməlidir”.
E.Quliyev qeyd edib ki, Y.Sadıqovun yanaşması kökündən yalnışdır: “Nəzərinizə çatdırım ki, müəllifin statusda xüsusi olaraq vurğuladığı: “Milli Şura 2013-cü ildə prezident seçkilərilə əlaqədar yaradılmışdır” yumşaq desək, kökündən yanlış və həqiqətə uyğun olmayan fikirdir. Status sahibinin doğru olmayan bu qәnaәtini əsaslandırmaq cәhdlәri dә qeyri-ciddi görünür və olsa-olsa, “xolostoy” atılmış patron effekti verir. Müsavat partiyası MŞ-da yolun ağırlığı və çətinliyindən xoflanıb, tramvayda nəzarətçi görmüş biletsiz sərnişin kimi, özünü dal qapıdan atdı”.
Görünür, Əli Kərimlinin başlatdığı AXCP-Müsavat qalmaqalı xeyli davam edəcək.