Vətən müharibəsinin salnaməsi: 20 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edirik.

Müharibənin 24-cü günü

• Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad olunub. Prezident İlham Əliyev bununla bağlı xalqa müraciət edib.

• İşğaldan azad olunmuş Zəngilan şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb.

• Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

• Cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS qurğusu, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib. Ordumuzun artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb, 2-ci motoatıcı alayın bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə zərbələr endirməsi ilə bağlı videogörüntülər təqdim edib.

• Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

• Müdafiə Nazirliyi məlumat verib ki, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı uğurlu əməliyyatlar aparılıb. Ümumilikdə düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş və avtomobil texnikası, artilleriya və zenit-raket qurğuları, silah və döyüş sursatları, əməliyyat-taktiki və ballistik raket qurğuları, yaylım atəşli, radioelektron mübarizə və tank əleyhinə vasitələri, o cümlədən S-300 tipli zenit-raket kompleksləri məhv edilib. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.

• Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində vurulub.

• Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya atəşləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin məhv edilməsinin videogörüntüsü yayımlanıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb, 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Düşmənin növbəti xain hücumu nəticəsində Tərtər rayonunda iki nəfər mülki şəxs həlak olub, bir nəfər yaralanıb.

• Dövlət Sərhəd Xidmətinə üzərində “İLHAMLA İRƏLİ!” və “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılan BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP