Ermənistan və Rusiya sülhməramlıları xəbərdarlıqlardan NƏTİCƏ çıxarmalı idi

Ermənistanın aylarla davam edən təxribat xarakterli hərəkətləri Azərbaycan Ordusunu yenidən güc amilindən istifadə etmək məcburiyyətində qoydu. Avqustun 1-dən Laçın istiqamətindən mövqelərimizi atəşə tutan qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı düşmənə yenidən sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin açıqladığı məlumatda Silahlı Qüvvələrimizin “Qisas” əməliyyatı adı altında qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı əməliyyat keçirdiyi bildirilir. Qeyd olunur ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.

Elə əksər siyasilər, ekspertlər də hesab edirlər ki, Ermənistan bu kimi təxribatlarını davam etdirdiyi təqdirdə bu ölkə üçün heç də xoşagələn hadisələr baş verməyəcək və İrəvan daha çox itkilərlə üzləşəcək. Erməni təxribatlarının cəmiyyətdə hiddət doğurduğunu qeyd edən siyasilər daha ciddi proseslərin baş verəcəyindən də narahatçılıq ifadə edirlər. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da bu qənaətdədir. Millət vəkili bildirib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Laçın istiqamətində Azərbaycan Ordusu bölmələrini atəşə tutması, bir əsgərimizin şəhid olması təəssüf və hiddət doğurur. Bəhruz Məhərrəmovun sözlərinə görə, bir müddət öncə Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı xəbərdarlıq etmişdi ki, “Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Ancaq biz mənfi meylləri görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın”. Bu çox geniş spektorlu bir xəbərdarlıq idi və yalnız Ermənistana yönəlməmişdi”. Deputat qeyd edib ki, bu mənada separatçılar da, Ermənistan da, Rusiya sülhməramlıları da bu xəbərdarlıqdan dərs çıxarmalı idi: “Müşavirədə cənab İlham Əliyevin dediyi kimi, artıq hər kəs başa düşməlidir ki,  “Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!”  İndi yeni təxribatların və bir hərbçimizin şəhadəti fonunda başa düşsünlər ki,  bağlanmış Qarabağ mövzusu açılmayacaq, Ermənistan təxribatları davam edərsə biz artıq yeni mövzuları, Qərbi Zəngəzur, Göyçə və İrəvan mövzularını açmalı olacağıq. Buna gücümüz də, imkanımız da, nüfuzumuz da artıqlaması ilə yetər. Bütün dünya Azərbaycanın, sülh niyyətindən xəbərdardır və hətta 2 ay öncə Bayden də məktubunda, qısa müddət əvvəl isə Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken telefon söhbətində Prezident İlham Əliyevin sülh və təhlükəsizliyə yönəli səylər yüksək qiymətləndirmişdilər. Bu mənada, əgər Dəmir yumruq dövriyyəyə girərsə, bu BMT nizamnaməsi başda olmaqla Beynəlxalq hüquqla bizim özünümüdafiə hüququmuz olmaqla Ermənistanın sonunu gətirəcək”. Separatçılara gəlincə, millət vəkili hesab edir ki, Azərbaycanın daxilində baş qaldıran separatizmlə mübarizə, antoterror əməliyyatları bizim təbii haqqımızdır və ümumiyyətlə beynəlxalq hüququn mövzusu deyil: “Qarabağdakı yolunu azmış erməni vətəndaşlarımız isə prezident İlham Əliyevin onlara verdiyi tarixi şansdan maksimum yararlanmalı, Azərbaycan xalqının digər nümayəndələri ilə birlikdə inkişaf və tərəqqinin bir hissəsi olmağa çalışmalıdırlar.  Bir daha şəhid olan hərbçimizə rəhmət, onun ailəsinə və yaxınlarına səbir diləyir və bildirmək istəyirəm ki, Laçın rayonu istiqamətində ordumuzun gördüyü müvafiq tədbirlərlə Anar Kazımovun qisası dərhal və misli ilə alınıb. Əməliyyat şəraitinə istisnasız olaraq Azərbaycan hərbçiləri nəzarət edir və ordumu Müzəffər Ali Baş Komandanın istənilən əmrinə hər an hazırdır”.

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Azərbaycanın keçirdiyi antiterror əməliyyatına Rusiya sülhməramlı qüvvələri qarışa bilməzdi: “Daima qeyd etmişik ki, antiterror əməliyyatı mütləqdir və burada Rusiya sülhməramlılari ordumuzun işinə qarışa bilməz. Rusiya sülhməramlı qüvvələri erməni silahlı birləşmələrinin yerində olmalı idi. Orada erməni silahlıları varsa, bu, 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndinə ziddir”.

Ekspert bildirib ki, Prezident İlham Əliyevin xəbərdarlığından sonra Moskva və Yerevan silahlı erməni birləşmələrini çıxarmalı idi: “Yerevan hərəkət etmək istədi. Rusiya buna  imkan vermədi. Çünki, Rusiya toqquşmanin baş verməsində maraqlı idi. Azərbaycanla Ermənistan arasında birbaşa ikitərəfli danışıqlarin aparılmasını pozmağa çalışırdı. Rusiya taktiki şəkildə buna nail olur. Amma, strateji cəhətdən nail olmayacaq.  Azərbaycanla Ermənistan arasında danışıqlar dayansa da, Vaşinqtonun vasitəçiliyi ilə bərpa olunacaq. Amma, ilk növbədə silahlı erməni birləşmələri çıxarılmalıdır”.

Məhəmməd Əsədullazadə onu da bildirib ki, Baki və Moskva arasında siyasi diplomatik müstəvidə problem ortaya çıxır: “Kreml Türkiyə Azərbaycan tandeminə qarşı açıq hərəkət etməyəcək. Azərbaycan ordusu separatçıların nəzarətində olan ərazilərin nəzarətə götürməsi hüququna malikdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə yaxın tarixə nəzər salaraq diqqətə çatdırıb ki, ermənilər hələ SSRi illərində Qarabağda separatçılığa başlayanda və gələcək “addımlarını” planlaşdıranda qarşılarına bir neçə hədəf qoymuşdular. Onun sözlərinə görə, birinci hədəfləri keçmiş Dağlıq Qarabağın tamamını, o cümlədən Şuşanı işğal etmək, azərbaycanlıları dədə-baba yurdlarıdan qovmaq idi: “İkinci hədəfləri keçmiş Dağlıq Qarabağ ətrafında özlərinin təbirincə desək, “təhlükəsizlik zolağı” yaratmaq və bunun üçün Azərbaycanın digər rayonları işğal etmək idi. Üçüncü hədəfləri keçmiş Dağlıq Qarabağla Ermənistan arasındakı Laçın dəhlizini nəzarətə götürmək idi”.

Mərkəz rəhbəri bildirib ki, separatçılar Birinci Qarabağ müharibəsində hər 3 hədəflərinə çatdılar: “İkinci Qarabağ müharibəsində isə “təhlükəsizlik zolağını” və işğalda saxladıqları Şuşa və Hadrut qəsəbəsini itirdilər, azərbaycanlıların geri qaydışı prosesi başlandı”.

Mərkəz rəhbəri onu da diqqətə çatdırıb ki, hazırda üçüncü hədəfləri olan Laçın dəhlizi də əllərindən çıxmaq üzrədir: “Alternativ yol hazırdır. Buna görə də Laçın şəhərinin, kəndlərinin və dəhlizin Azərbaycan ordusunun nəzarəti altına keçməsi aktuallaşıb. Separatçılar müqavimət göstərməyə çalışır və Kremldən dəstək umurlar. Qarşımızda dayanan separatçılar deyil, onlarla məsələni həll etmək çətin deyil, aydınlaşdırılmalı məsələ Kremlin verəcəyi qərarla bağlıdır. Azərbaycan Qarabağda Rusiya ilə toqquşmaq istəmir, danışıqlar yolu ilə rusiyalı hərbçilərin alternativ yola keçidi təmin edilməlidir. Bu məqsədlə yaxın günlərdə Bakı ilə Moskva arasında danışıqların intensivləşəcəyini proqnozlaşdırmaq olar. Rusiya sülhməramlıları Laçına alternativ yolun tikintisinə mane olmadılar. Deməli, Kreml Laçın dəhlizinin alternativ yolla əvəz edilməsi ideyasının əleyhinə deyil, bu bənd 2020-ci ilin 9 noyabr ortaq bəyanatında da yer alıb. Sadəcə, alternativ yol vaxtından əvvəl inşa olunub”. Elxan Şahinoğlu hesab edir ki, əgər Moskva Azərbaycanla strateji tərəfdaşlığın davamını istəyirsə sülhməramlılarını alternativ yola köçürməli, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan ordusunun nəzarətinə keçməsinə imkan verməlidir. Əks halda Rusiya-Azərbaycan münasibətlərində çat baş verəcək.

Süleyman

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP