Bəxtiyar Həsənov: “Hədəfimiz hakim vəzifələrdə yer tutmaqdır”
Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri vəzifəsinə iş adamı və xeyriyyəçi Bəxtiyar Həsənov seçilib. Təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, bu qərar 10 iyun 2022-ci il tarixində keçirilmiş hesabat-seçki konfransında qəbul edilib.
Bəxtiyar Həsənov müsahibəsində yeni vəzifədə qarşısına qoyduğu hədəflərdən söz açıb, hansı yeniliklərə imza atmaq istədiyini açıqlayıb.
Həmin müsahibəni təqdim edirik:
– Bəxtiyar bəy, ilk olaraq sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edirik. Təşkilatın gələcək hədəfləri, görüləcək işlər, qarşıya qoyulan məqsədlər nədən ibarətdir?
– Azərbaycan diasporunun böyük bir hissəsi Moskvada yaşayır. Bəllidir ki, Moskva böyük meqapolisdir. Burada yaşayan vətəndaşlarımızın ümid yeri kimi fəaliyyət göstərəcək təşkilatlardan biri olacağımıza ümid edirəm. Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti demək olar ki, dondurulmuşdu, durğunluq vardı. Amma hazırda ətrafımıza topladığımız yeni komandamız ilə Milli-Mədəni Muxtariyyətin inkişaf konsepsiyasını hazırlamışıq. Bu konsepsiya üzrə məqsədimiz plan üzrə inkşaf etmək, azərbaycanlıların ümid yeri olduğumuzu doğrultmaqdır. Soydaşlarımız ilə daim əlaqədə olmaq, onların problemlərini həll etmək və vətəndaşlar üçün öz qapımızı açıq saxlamaq bizim məqsədlərimizin başında dayanır. Bu gün Rusiyada diaspor fəaliyyəti öz aktuallığını itirib, köhnəlib. Biz artıq burada tam olaraq buna qarşı yeni model ortaya qoymaq niyyətindəyik. Diaspor fəaliyyətinin yeni modeli ilə diaspor arenasında fəaliyyətimizlə nümunə olmağa çalışacağıq.
– Bildiyiniz kimi, azərbaycanlıların ən çox yaşadığı ölkələrdən biri də Rusiyadır. Burada yaşayan azərbaycanlıların bir mənbədən koordinasiyası vacib məsələdir. Gələcəkdə soydaşlarımız arasında koordinasiyanı necə planlaşdırırsınız?
– Bizim təşkilatın fəaliyyəti Moskva regionunu əhatə edir. Moskva dünyanın ən böyük şəhərlərindən biridir. Əlbəttə ki, işlərimizi bu şəhər əhatəsində quraraq, mövqelərimizi möhkəmlədəcəyik. Bundan sonra isə bütün regionlarla əməkdaşlıq etməyi planlaşdırırıq. Moskvada fəaliyyət göstərən digər diaspor təşkilatları ilə də əlaqə quraraq işlərimizi koordinasiyalı etməyi düşünürük.
– Rusiyada azərbaycanlılarla bərabər digər xalqların nümayəndələri də yaşayır. Qonşu ölkədə digər xalqlarla əlaqələr qurmaq üçün hansı işləri görmək fikrindəsiniz?
– Bunu nəzərə alaq ki, Rusiya çoxmillətli dövlətdir. Biz Rusiya vətəndaşlarıyıq, bu ölkənin maraqlarını qorumaq bizim birbaşa borcumuzdur. Amma burada fəaliyyətimiz də Azərbaycan hakimiyyətinin mövqeyindən irəli gəlir. Dövlət maraqlarımıza uyğun olaraq xalqlar arasında mehribanlıq yaratmaq, əlaqə qurmaq üçün burada yaşayan digər xaqlarla kontakta girmək inkşaf konsepsiyalarımızdan biridir. Bu da Azərbaycan dövlətinin qonşu xalqlara göstərdiyi etimaddan irəli gəlir. Əsas məqsəd millətlər arasında provakasiyalardan uzaqlaşmaq və onlara uymamaqdır.
– Dünya təcrübəsində diaspor işinin əsas istiqamətlərindən biri də fəaliyyət göstərilən ölkələrdə hakim vəzifələrin tutulmasıdır. Bu istiqamətdə hədəfiniz varmı?
– Burada biz bilirik ki, qonşularımız hakim vəzifələrdə fəaliyyət göstərir və onların sayı daha çoxdur. İstər mətbuatda, istərsə də hakim vəzifələrdə onlara rast gələ bilərik. Amma təəssüf ki, bunları bizim üçün deyə bilmərik. Bundan sonra qarşımıza qoyduğumz əsas vəzifələrdən başlıcası elə soydaşlarımızı Rusiya ictimaiyyətinə inteqrasiya etməkdir. Bunun üçün biz gənclər təşkilatı yaradacağıq. Öz tələbələrimizin arasında bu sahədə təbliğatımızı aparacağıq.
– Bəs digər ölkələrdə fəaliyyət göstərən azərbaycan diaspor nümayəndələri ilə birgə işləməyi düşünürsünüzmü?
– Paytaxtda fəaliyyət göstərən diaspor təşkilatı olaraq fikrimiz var ki, qonşu və əlaqələrimizin olduğu ölkələrin paytaxt diasporları ilə əməkdaşlıq haqqında müqavilələr bağlayaq. Məsələn, ilk olaraq fikirləşirik ki, Belarusun Minsk şəhərində olan Azərbaycan diasporu ilə əməkdaşlıq yaradaq. Orada da bizim dostlarımız çalışır. Birlikdə gördüyümüz işlər xalqımızın etimadını, güvənini doğrultmaq üçündür. Düzdür, təcrübəmiz çox deyil, amma xalqımızın gücü, dəstəyi ilə bu istiqamətdə əminliklə irəliləyəcəyik.
Bu yolda Diasporla İş Üzrə Dövlət Komitəsi bizə öz dəstəyini verir, daim yardım edirlər. Komitə ilə gələcəkdə sıx əməkdaşlıq edərək qarşıdakı vəzifələri ölkəmizin adına layiq şəkildə yerinə yetirəcəyik. Ümumilikdə deyə bilərəm ki, son illər Diaspor Komitəsinin fəaliyyəti yüksək səviyyədədir. Biz birlikdə daha böyük məqsədlərə çatmaq üçün çalışacağıq.
Qeyd edək ki, 1 iyul 2022-ci il tarixində Rusiya Federasiyası Ədliyyə Nazirliyi hesabat-seçki konfransının nəticələrini tanıyıb və təşkilatı rəsmi qeydiyyata alıb. Yarandığı gündən “Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyəti”nin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP