Kəlbəcərdə yeni hərbi hissənin yaradılması Vətən müharibəsindən sonrakı ordu quruculuğu prosesinə müsbət təsir göstərəcək

Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri Qarabağda və Şərqi Zəngəzurda sərhədlərimizin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın güclü liderə, iqtisadiyyata, müasir orduya malik olmasının yenidənqurma və bərpa işlərinin sürətlə həyata keçirilməsində, sərhədlərimizin etibarlı qorunmasında, ölkəmizin maraq və mənafelərinin müdafiəsində mühüm rolu vardır.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev açıqlamasında deyib.

O, bildirib ki, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışında iştirak edib. Birinci komando hərbi hissəsi altı ay əvvəl azad edilmiş Hadrutda istifadəyə verilib. Ümumiyyətlə, Azərbaycan Ordusu müharibədən sonrakı dövrdə, həm Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin, həm də komanda birliklərinin tərkibini genişləndirməyə davam edir. Hadrut və Kəlbəcərdə yaradılan komanda hərbi hissələri Azərbaycan Ordusunun mövcud imkanlarının artırılmasına xidmət edir.

Diqqət etsək görərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə açılan hərbi hissələr Azərbaycan–Ermənistan sərhədinə yaxın məsafədə yerləşir. Bu isə həmin ərazilərdə baş verə biləcək təhdidlərin qısa müddətdə aradan qaldırılmasına münbit şərait yaratmaq məqsədi daşıyır.

“Həm Xüsusi Təyinatlı Qüvvələrin tərkibinin genişləndirilməsi, həm də yeni yaradılan komando hərbi hissələrinin sayının artırılması paralel olaraq həmin bölmələrin zəruri silah və texnikalarla təchizatını da nəzərdə tutur. Bunun üçün Azərbaycanın imzaladığı bir çox müqavilələr artıq həyata keçirilir. Hazırda yeni silahlar və ən müasir texnikalar Azərbaycana gətirilir. Bu isə ümumilikdə Azərbaycanın Ermənistan qarşısında daha üstün hərbi potensiala malik olmasını təmin edəcək. Kəlbəcərdə yeni, ümumiyyətlə azad edilmiş ərazilərdə ikinci komando hərbi hissənin açılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirəcək, müharibədən sonrakı ordu quruculuğu prosesinə müsbət təsir göstərəcək. Bu, həmçinin müasir ordu quruculuğunda mühüm əhəmiyyətə malikdir. Şərqi Zəngəzur ərazisində Ermənistanla sərhəddə Azərbaycanın hərbi infrastrukturunun genişlənməsi Azərbaycanın gələcək hədəflərinin konturlarını da dəqiq nümayiş etdirir”, – deyə o vurğulayıb.

Hərbi ekspert qeyd edib ki, ümumilikdə İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ordu quruculuğu prosesinə keçidini də nəzərə almaqla, Azərbaycan qarşıda duran bütün hərbi vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərini qorumaq üçün imkanlarını daha da genişləndirir. Bu isə Azərbaycana Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, lazımı cəzalandırma tədbirlərini reallaşdırmağa şərait yaradır.

Ə.Verdiyev diqqətə çatdırıb ki, müharibədən sonrakı dövrdə yaradılan Quru Qoşunları komandanlığının yeni hərbi birliyi, Xüsusi Təyinatlı Qüvvələrin yeni hərbi hissələrini və komando əməliyyat briqadalarını, onların silah və sursatla təchizatını nəzərə alsaq, deyə bilərik ki, artıq Azərbaycan Ordusu müharibədən əvvəlkindən təxminən iki dəfə çox hərbi potensiala malikdir. Bu isə müharibə zaman darmadağın olan Ermənistan üzərində Azərbaycanın mövcud üstünlüyünü bir neçə dəfə artırdığını göstərir.

Vurğulanıb ki, Ermənistan tərəfinin bu proseslərdən lazmı nəticələr çıxarması vacibdir. Əks halda rəşadətli Ordumuz tarixi missiyasını şərəflə yerinə yetirməyə davam edə bilər. Azərbaycanın Ermənistandan gözlədiyi birgə bəyanatın dəqiqliklə yerinə yetirilməsidir. Əgər qarşı tərəf bundan sonrakı müddətdə də üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi əvəzinə bu prosesi daha da uzatmağa cəhd göstərərsə, o zaman Azərbaycan üzərinə düşən öhdəliklərindən imtina edərək 2020-ci il noyabrın 9-na olan vəziyyətə qayıda bilər. Bu isə Ermənistan üçün daha ağrılı, acılı və sarsıdıcı nəticələrə gətirib çıxaracaq.

“Ordu quruculuğu istiqamətində görülən işlər onu göstərir ki, ölkəmiz gələcəkdə də hərbi qüdrətini artıraraq yeni silahlar və texnikalar almağa davam edəcək. Yaradılan yeni komando hərbi hissələrinin sayı isə getdikcə daha da artırılacaq. Bununla da Azərbaycan böyük həcmli motoatıcı hərbi hissələr əvəzinə, daha kompakt və çevik komando briqadalarının sayını artırmağa nail olacaq. Bu isə ordumuza əlavə güc və imkan qazandıracaq”, – deyə hərbi ekspert əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP