Vaqif Əsədovdan razılar da var, narazılar da… – RƏYLƏR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Vaqif Əsədov uzun illər idi ki yol polisi sistemində çalışırdı. İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi fəal idi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) “mətbuat katibi” olaraq jurnalistlərlə ünsiyyətdən qaçmırdı. Doğrudur, Vaqif müəllimin də bəzən telefona cavab vermədiyi, ya da hansısa suallardan yayınmaqla jurnalisti “yola verdiyi” vaxtları olurdu… Amma bu, nadir hallar idi.
Onun adı bir neçə dəfə qalmaqallı hadisənin episentrinə də düşmüşdü. Məsələn, 2017-ci ildə jurnalistlərin 2-ci binasından mənzil almaq üçün müraciət etməsi Vaqif müəllimi günlərlə sosial şəbəkədə müzakirə obyektinə çevirmişdi…
Vaqif Əsədov baməzə adam idi… Yaxşı rəsm çəkmək qabiliyyəti var… Dediyinə görə, spirtli işki kolleksiyasına malikdir…
Dünəndən sosial şəbəkələrdə jurnalistlər Vaqif Əsədovun təqaüdə göndərliməsindən yazır, onunla bağlı xatirələrini bölüşür, polkovniki xarakterizə edirlər. Rəylərdən belə görünür ki, Vaqif müəllimin işindən, jurnalistlərə yanaşmasından razı olanlar da var, narazılar da…Yəni Vaqif Əsədova, onun fəaliyyətinə münasibət birmənalı deyil… Kimi onunla dost olaraq qalacağını, kimi də nömrəsini telefonun yaddaşından siləcəyini qeyd edib…
Jurnalistlərin sosial şəbəkədə yazdığı Vaqif Əsədova münasibəti əks etdirən rəylərdə onun barəsindəkilərə aydınlıq gətirilir:
Beləliklə, Vaqif Əsədov necə xatırlanacaq?..
Elməddin Muradlı, Avtosfer.az saytının rəhbəri:
“Vaqif Əsədov polis-vətəndaş münasibətlərində, media ilə DYP arasında əlaqələrin qurulmasında çox böyük zəhməti olan bir zabit kimi yaddaşlarda qalacaq. Xidmətləri böyükdür. Rəhbərlik də sağolsun ki, hər zaman qiymət verib. 60 yaşı mayın 9-da tamam olmuşdu, pensiyasını gözləyirdi… Sağolsun DİN rəhbərliyi ki, təcrübəli işçi olduğu üçün Vaqif Əsədova qanunun imkan verdiyi ən son həddə qədər hörmətlə yanaşdı. “Formula-1”i də yola verib getdi.
Vaqif Əsədov böyük təcrübəyə malik bir DYP zabitidir. Gənclərdin faydalanması lazımdır.
Dostluqda da çox möhkəm adamdır. 2005-ci ildən dostluq edirik… Ona yaxşı yol arzu edirəm. Amma nömrəsini telefonunuzdan tezbazar silməyin. Bəzi dostluqlar bura qədər olur axı, adam işdən çıxan kimi nömrədini silirlər, ya da bloka atırlar”.
Xaqani Səfəroğlu, “Azpost.info” saytının baş redaktoru:
“Vaqif müəllim həm də Vətən müharibəsi döyüşçüsünün atasıdır. Oğlu Pərvin Əsədov könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. Bu da vacib məsələdir. Uğurlar arzulayıram”.
Zülfiyyə Quliyeva, “Sputnik Azərbaycan”ın əməkdaşı:
“Yolu açıq olsun. Vaqif müəllim jurnalistlərin həm də dostu idi”.
Elnur Teymuroğlu, ATV-nin redaktoru:
“Vaqif müəllimə uğurlar arzulayırıq. Jurnalistlərin yol polisi ilə bağlı problemlərinə həssaslıqla yanaşıb, kömək edə bildiyinə kömək edib, edə bilmədiyinə də dua edib. Allah can sağlığı versin. Onu əvəz edən Araz Əsgərli də yəqin ki, bu yanaşmanı daha da inkişaf etdirəcək”
Azər Həsrət, “Bayraqdar.info” saytının rəhbəri:
“Vaqif Əsədovun nömrəsini telefonumuzdan niyə silirik? O bizə hələ çox lazım olacaq. Hazır peşəkar ekspertdir, əl çəkən deyilik ondan”.
Vəli Vəlili, “Səs” İnformasiya Agentliyinin icraçı direktoru:
“Gözəl insan, dəyərli dost və peşəsini sevən, DYP-sürücü münasibətlərinin “balansirovşiki”, 1985-ci ildən tanıdığım, yetimlərin dədəsi – Vaqif Əsədov. DYP-də yeri görünəcək. Amma mülki şəxs kimi qala bilər məncə”.
Anar Məmmədov, “Criminal.az” saytının rəhbəri:
“Vaqif Əsədov polis sıralarından mənimlə küsülü getdi. Çox incitmişdim, yol polisi ilə bağlı əmin olduğum istənilən məlumatı onun fikrini öyrənmədən yazardım. İncik halda zəng edib şikayətlənsə də, “mənim axtardığım cavab sizdə deyil” cavabını verərdim. Hətta son dəfə əsəbi halda zəng edərək söz verdi ki, bir də məni yığmayacaq.
Maraqlı insan idi, bir az Zəlimxan Yaquba bənzədirdim onu, dayanmırdı, tükənmirdi, qaynayırdı, məlumatı elə deyirdi ki, redaktə etməyə ehtiyac olmurdu. Hər kəs üçün əlçatan polis idi. Heç kimin çəkinmədiyi və ərk etdiyi polis idi. Polis karyerasında çox maraqlı anları da olub, yəni enişli-yoxuşlu…
Düşüncəmdə yanılmıramsa, heç vaxt peşəsinə xəyanət etməyən polis idi”.
Elnur Hidayətoğlu, Kliniki Tibbi Mərkəzin mətbuat katibi:
“Doğurdan da pozitiv adamdır. Köməklik etmək istəməyəndə də elə şirin dillə deyirdi ki… Çıxıb gedirdin, yolda yadına düşürdü ki, axı cavab almamış hara gedirəm? Həqiqətən də o vəzifənin haqqını vermiş, peşəkar adam idi. Allah uzun ömür versin!”.
Həbibə Abdulla, AFN.az saytının redaktoru:
“Vaqif Əsədov elə mətbuat xidməti idi ki, özünün işi düşəndə mənə “bacı” deyirdi, biz hansısa halla bağlı sorğu göndərəndə isə ya mesaja, zəngə cavab vermirdi, ya da özü zəng edirdi ki, ağsaqqal adamam, sözümü eşidin, o məsələdən yazmayın. Belə pis insan deyildi. Allah ömür versin! Nəvə-nəticələri ilə xoşbəxt ömür sürsün!
Dünəndən onunla bağlı statusları oxuduqca xatırlayıram olub-keçənləri, düşünürəm ki, görəsən bu mənim tanıdığım Vaqif Əsədovdur?”.
Fazil Əhməd, “Reyting.az” saytının redaktoru:
“İşi düşəndə, ilanı yuvasından çıxaran adam idi, amma sən arayanda, qaçıb gižlənirdi. Öz təcrübəmdən bilirəm. DYP-də baş verən bir hoqqabazlıqda onu tanıdım və peşman oldum. Dil pəhlivani idi, eləsindənsə, diliacı, amma dürüst birinin o posta gətirilməsi daha məqbuldu.
Əslində onun işi elə qanunsuzluğun aradan qaldırılması və cəmiyyətdən gələn şikayətlərin araşdırılmasına komək idi. Buna görə də kiməsə minnət qoya bilməz. Əgər həqiqətən kömək edibsə belə.
Haqqındakı rəyləri oxuduqca, kiçik istisnalarla təəccüblənmirəm. Qaldı onun haqda fikrimə, vəzifədən getdiyi üçün hələ yumşaq yazdım”.
Famil Fərhadoğlu, “Manşet.az”ın baş redaktoru:
“Bir işə yarayan adam deyildi. İşdən çıxmazdan öncə də özünə demişəm”
Mübariz Hacıyev, “MİR” Dövlətlərarası Teleradio Şirkətinin əməkdaşı:
“Həmişə demişəm, yenə deyirəm, yaxşı adam idi, sənə işi düşəndə. Özünə demişəm və razılaşıb. Yolu açıq olsun.
Bir il verilişimizin qonağı olub. Amma DYP-də məni görəndə salamlaşıb, aradan cıxıb. Əslində heç onun köməyinə də ehtiyacım olmayıb. Özümə nə gəlib ki…”
Azər Niftiyev, “Sosium.az” saytının baş redaktoru:
“Heç yaxşı da insan deyildi. Amma maraqlı araşdırma mövzusu olar – media Vaqif Əsədovu necə xatırlayır?”.
İlqar Əlfioğlu, APA TV-nin əməkdaşı:
“Bacardığı köməyi əsirgəyən deyildi…”.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP