“Qırmızı imperiyaya qarşı Qırmızı şaman”– Aida Eyvazlı yazır
Tarix heç nəyi unutmağa qoymur. Unutqanlıq – tarixsizliyə xasdır.
Bu gün Saxa Yakutiya xalqı Yakutiya Muxtar Respublikasının yaranmasının 100 illiyini qeyd edir. 27 aprel 1922-ci ildə Yakut xalqı özünə Muxtar Respublika qurmağa nail olmuşdu. Bu respublikanı quranlar Platon Oyunski, Maksim Ammmosov, İsidor Baraxov, Stepan Arjakov və onların silahdaşları xalqları üçün dövlət, respublika yaratdılar. Öz xalqlarının gələcəyini təmin etmək üçün öz bayraqlarını qaldırdılar. Bu dövlət xadimləri Şimalda çar Rusiyasının zülm və əzabları altında yaşayıb var olmağa çalışan xalqları üçün gələcək günün konstitusiyasını yazdılar. Dövlətçiliyin əsasını qoydular. O mücahidlərdən biri Platon Alekseyeviç Sleptsov – Oyunskinin həyatı, düşünürəm ki, “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün çox maraqlı olacaq.
Saxa (Yakut) xalqının böyük oğlu Platon Alekseyeviç Sleptsov – Oyunski 11 noyabr 1893-cü ildə Yakutiyanın Delberiybit kəndində, qut gün saydıqları Platonun doğum günündə doğulub. Buna görə də ona Platon adı veriblər. Saxalılar Olonxo və Şamanlara inanır. Onların inanclarında Yuxarı, Orta və Aşağı Aləm var. Platonunun nəsil şəcərəsi Orta Aləmin şamanlarındadır. Onların ailəsi çoxuşaqlı olub. Bir qayda olaraq şamanlar və olonxosutlar el-oba içərisində gəzir, gördüklərini, hiss etdiklərini danışır. Və bu, yaşam tərzi kimi bir çox şaman ailələrində mövcuddur. Saxa (Yakut) inanclarına görə insanın nəsli onun taleyini müəyyən edir. Ədəbiyyatda, folklorda öz imzasını təsdiq edəndən sonra Platon Sleptsov da öz nəslinin şamançılıq qayda-qanunlarını itirməmək, yaşatmaq üçün özünə “Oyunski” soyadını götürür. “Oyun” saxa dilindən “şaman” kimi tərcümə olunur. Platon Şaman həm də əfsanəvi şaman Kerekenenin nəslinin davamçısı idi. Deyilənlərə görə, Saxanın sehirli daşı Sata da onun babasında olub. (Əfsanəyə görə, Sata daşına yiyə duran saxalı, yerin-göyün dilini bilən ən güclü şaman sayılır).
Platon ədəbi aləmə 1917-ci ildə gəlir. Dövrünün tanınmış yazıçısı Maksim Ammosova yazdığı məktubunda öz qayəsini belə açır: “Bizim dilimiz dünya durduqca yaşamalıdır, çağdaş poeziyamız bu dili yaşatmalıdır. Öz tariximizi, ədəbiyyatımızı gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur”.
Platon Oyunski Saxa (Yakut) ədəbiyyatının korifeyləri Aleksey Yeliseyeviç Kulakovski Eksekyulyax, Anempodist İvanoviç Sofronov Alampa, Nikolay Denisoviç Neustroyev, Vasiliy Vasilyeviç Nikiforob-Kyülyümnyüra, Qavril VasilyeviçKsenofontovanın ideyalarını yaşadır, elmi araşdırmalar aparır və klassikləri yeni nəslə daşıyırdı. Onun çağdaşları deyirdi ki, yaradıcılığın hər sahəsindən bilgili olması Sata daşının Oyunskidə olması səbəbindəndir.
Bir ziyalı ki, əlinə qələm alan gündən xalqını, elini düşündü, onun yazısını Tanrı yazır.
Daha sonra, o inqilabçı Saxa (yakut) fəhlələrinin dilində “Fəhlə Marselyozası” himnini qələmə alır. Çox sevdiyi yazıçı Lev Tolstoya “Mayak” şerini həsr edir.
Ən maraqlısı da odur ki, altı bacı-qardaşı olan Platon məktəbə 14 yaşında getmişdi. Elə dərslər başlanan ilk günlərdən o, özünün sualları ilə bütün müəllimlərinin heyrətini qazana bilmişdi. İnqilab illərində ədəbiyyata gələn Platon Sleptsovun ədəbiyyatda öz dəsti-xətti, öz yolu vardı. Gerçəklikdən inqilabçı ideyalarına, miflərdən olonxo və qədim dastanlara meyl etməklə, o həm də, dünənini, keçmişini, ulu simgələrini və milli inanclarını, yurd-yuva qaydalarını ədəbiyyata gətirə, yaşada bildi. Oyunski həm tərcümələr edir, həm xalq rəvayətlərini qələmə alır, həm satira və yumor yazır, həm də, xalqın şamançılıq milli adətlərini tarixləşdirirdi. Onun “Qırmızı Şaman” əsəri Xeyirlə Şərin, Yerlə Göyün, Tanrı ilə digər üç dünyanın (aləmin) arasında gedən ziddiyyətlərdən bəhs edir.
Sağlığında ürəyini xalqı üçün şam kimi, məşəl kimi yandıran bu şəxsiyyətin iki böyük arzusu vardı: Yakutiyanı muxtar respublika kimi görmək və Olonxonu yaşatmaq! Çünki saxalılar üçün Olonxo inam və mənəviyyat deməkdi. Muxtariyyət alandan sonra Saxa xalqı dünya durduqca yaşayacaq, onların milli kimliyi qorunacaqdı. Və nəhayət o, öz arzusuna çatdı: Yakutiya 1922-ci ildə Rusiyanın tərkibində Muxtar Respublika oldu.
Öz kəndindən ali təhsil dalınca çıxan Platon Sleptsov 1917-ci ilin sentyabr ayından 1918-ci ilin may ayına qədər Sibirin Tomsk şəhərində Müəllimlər İnstitutunda oxuyur. 1918-ci ilin mart ayından onu Tomsk quberniyası şurasına inspektor təyin edirlər. Elə həmin ilin iyun ayında Yakutsk şəhərinə gələrək, sovet hakimiyyətinin buradakı nümayəndəsi kimi çalışır. 1920-ci ildə saxalılar Sovet hakimiyyətini devirir. Platon Sleptsov həmin vaxt Kazanda ibtidai məktəblərdə dərs deməyə başlamışdı. Bu o vaxtlar idi ki, bütün xalqlar öz milli kimliyini təsdiq edib öz yurdlarına, vətənlərinə yiyələnmək üçün vuruşurdu. Bütün türk ellərində özünüdərketmə, milliləşmə prosesləri başlamışdı. Yakutiya və Sibir gəncləri də bu mübarizədən gendə qalmamışdı. Həmin ağır və şərəfli illərdə Sleptsov yazırdı: “Biz ana yurdumuzdan mənəvi və maddi dəstək gözləyirik, öz xalqımızın azadlıq mübarizəsini dəstəkləyirik, milli dərnəklər yaratmaq, ruhən yaxın olan insanları belə təşkilatlarda biləşdirmək bizim əsas məqsədimiz və ideyamızdır. Belə olarsa, biz öz mədəniyyətimizi insanlığın yaşamına tətbiq edə bilərik”.
Düzdür, tezliklə Sovet hakimiyyəti hər yerdə bərpa edilir, amma bu arzuların qanadında əqidə dostları 1922-ci il aprelin 27-də İnqilabi Komitənin sədri Platon Oyunskinin sədirliyi, üzvlər S.Donskoy, İ.Baraxov, Z.Erenburq, D.Brataş, G.Nikolayevin iştirakı ilə Yakutiya Muxtar Sovet Respublikasını elan edilməsi haqqında MANİFEST qəbul edirlər. Bir neçə aydan sonra Platon Oyunski Yakutiya Mərkəzi Komitəsinin sədri seçilir.
Platon Oyunski yeni yaradılan dövləti idarə etməklə yanaşı, həm də şəxsi yaradıcılığna da vaxt ayırır.
Diləklərini və ideyalarını, xalqının düşdüyü durumu, insanların həyat tərzini böyük yazıçı elə həmin illərdə “Qırmızı şaman” – olonxo-toyukunda, yəni dram əsərində qələmə alır; əsər 1925-ci ildə kitab şəklində gün üzü görür.
Platon Oyunskinin “Qırmızı Şaman” əsərini elə 1928-ci ildə Pyotr Çernıx Yakutskinin tərcüməsində Maksim Qorkiyə təqdim edir. Maksim Qorkinin hazırladığı milli almanaxda Oyunskinin “Qırmızı Şaman” əsəri də çap edilir. Bundan sonra Saxa (Yakut) ədəbiyyatından sovet məkanındakı insanlar da xəbər tutur.
Türksoylu xalqlara qarşı tabuların olduğu bir vaxtda, ali partiya işçisinin milli düşüncəni ehtiva edən “Qırmızı şaman” adlı kitabının işıq üzü görməsi toplumda maraq doğurmuşdu; lakin bunun qorxuları da vardı… Bununla belə, öz xalqının ruhunu, milli dəyərlərini folklorunu dastan şəklində üzə çıxarması Platon Sleptsovu çox məşhurlaşdırır. Bu məşhurluqdan qürur duyan Platon, öz soyadını da dəyişərək “Oyunski” yazdırır. “Qırmızı Oktyabr ideyaları”nın tüğyan etdiyi bir dövrdə “Qırmızı Şaman” əsəri bolşeviklərə öz ideyalarını təbliğ etmək üçün əlverişli kimi görünsə də, indiki müasir dövrümüzdə əsəri oxyanda belə nəticəyə gəlirsən ki, “Qırmızı Şaman” əsəri ilə Oyunski elə Qırmızı Oktyabra, sovet rejiminə qarşı hiddətini sətiraltı eyhamlarla yazıya köçürüb.
Çünki Oyunski elə əslində Şaman idi. Reas Alekseyeviç Kulakovskiy öz xatirələrində yazırdı ki, Platon artıq ədəbiyyatçı kimi məşhur olanda doğma ata yurduna qonaq gələn yazıçı ilə görüşə gedir. Birdən evdən kamlan oxuyan şaman səsi gəlir. Öz taleyini yandırmasın deyə, o elə həyətdən geri qayıdır. Bu faktın özü Oyunskinin böyük şaman olduğu barədə bilgi verir.
Ömrünün qalan 10 ilində isə o, “Bilgə Süleyman”, “Ulu Kudansa”, “Makedoniyalı İsgəndər” əsərlərini qələmə alır. 1926-cı ildə onun məşhurluğu başına bəla olur – Mərkəzi Komitənin qərarı ilə, milli ideyaları yaydığına görə Yakutiya Muxtar Sovet Sosialist Respublikasının İcraiyyə Komitəsinin sədri vəzifəsindən gedir. Həm rus, həm yakut dilini gözəl bilən P.Oyunskini az sonra – 1928-ci il yanvar ayının 6-da, Yakutiya MSSP-nin Təhsil və səhiyyə məsələləri üzrə Xalq komissarı təyin edirlər. Oyunski oturduğu bu yüksək kürsüdə də xalqının taleyinə biganə qala bilmir. “Qırmızı Şaman”da yazdığı ağrılar onun qəlbinin gizlin dərdləri idi. Məlum vəzifədə işlədiyi iki il ərzində təhsil və səhiyyə sahəsində böyük islahatlar aparır, mərkəzi hakimiyyətin unutdurmaq istədiyi saxa (yakut) dilini yenidən məktəblərə və dərsliklərə qaytarır. Xalq içərisində savadsızlığı aradan qaldırmaq üçün 223 nəfər həmyerlisini mərkəzi təhsil sistemlərində oxumağa göndərir. Elə həimn il, Oyunskinin cəhdlərinə görə İrkutskda daha bir pedaqoji universitetdə yakut dilində bölmə yaradılır.
1927-ci il Yakutiya xalqı üçün ölüm-qalım mübarizəsi ili olur. Bu illərdə o “Böyük 100 illiyin planı” adlı əsər yazır. Fikirləşmək olar ki, Yeni Olonxo olan bu əsərdə gələcəkdən, arzulardan, xalqın görə biləcəyi işlərdən bəhs edilir: “Böyük 100 illiyin planı” yeni dünya, yeni respublika planıdır. Bu günümüzdən baxanda, həmin əsəri oxuyarkən bir daha Oyunskinin 100 il sonranı gördüyünü, hədəflərini necə uzaqlara tutduğunu anlamış olursan.
1935-ci ildə onun təşəbbüsü ilə Yakutiya MSSR-də Elmi Tədqiqat Milli Dil İnstitutu yaradılır.
***
…1937-ci ilin sərt yelləri Sibirdə də əsirdi. Artıq yavaş-yavaş Platon Oyunskinin silahdaşları və əqidədaşları bir-bir xalq düşməni elan olunur, sorğusuz-sualsız edama və ya sürgünə göndərilirdi. Kökdən şaman olan Platon Oyunski bilirdi ki, bu aqibət onu da gözləyir. NKVD-nin müstəntiqləri 1938-ci ildə “Böyük 100 illiyin planı” adlı ədəbi məqalədə burjua-milli təfəkkürünə xidmət edən fikirlər “tapır” və belə qərara gəlirlər ki, əsər Sovet sisteminə qarşı ən müxalif əsərdir. Dövrünün acı həqiqətlərini bilən, onu əsərlərində həkk edib tarixə və xalqına yadigar qoyan Oyunski yazırdı: “Həqiqətləri öncədən bilmək mənim fəlakətimdir…”
Ruhən şaman olan Platon Oyunski əslində “Ulu Kudansa” və digər əsərlərində zalım və qaniçən qəhrəmanların obrazını yaratmaqla Stalinin obrazının cizgilərini çəkirdi. Ona görə də, onun qəhrəmanları gələcəyə inanır, onları daha gözəl gün gözlədiyini deyirdi.
O çox gözəl bilirdi ki, Stalinin dar ağacından asılacağı gün uzaqda deyil.
3 fevral 1938-ci il, İrkutsk şəhəri. Şəhərin mərkəzindəki mehmanxanada qonaq olan Oyunski artıq hiss etmişdi ki, bu gün, NKVD-nin adamları onun da arxasınca gələcək. Həqiqətən də, həmin gün, axşam saat 5 radələrində onun arxasınca qara eynəkli çekistlər gəlir. Platon Oyunskinin həbsi SSRİ Ali Sovetinin və Baş Prokurorluğunun sanksiyası olmadan həyata keçirilir. 3 iyun 1938-ci ildə isə Oyunskinin ailəsi belə bir məktub alır: “Platon Oyunski xalq düşmənidir”.
1 il Moskvadakı Lubyanka həbsxanasında saxlanılandan sonra onu Yakutiyaya etap edirlər. Platon Oyunski ilə həmin illərdə təmasda olan çağdaşı Nikolay Suburuskoy sonralar yazacaqdı: “Platon deyirdi ki, mənimlə aparılan sual-cavab və dindirmələrin necə olduğunu ancaq başına gəlnlər bilər”. Onu Moskvadan Yakutiyaya təkadamlıq kamerada ay yarıma gətirib çıxarırlar. Deyilənlərə görə, Platon Oyunski Yakutiyadakı həbsxanada 18 martdan 13 dekabra qədər saxlanılır. Burada ağır xəstəlik keçirir. Sonradan onu görən olmur. Oyunskinin hansı şəraitdə öldüyü və ya öldürüldüyü bu gün də saxa (yakut) xalqı üçün sirr olaraq qalıb…
Oyunski “Qırmızı Şaman” əsərini “Qırmızı Oktyabr”ın “çiçəkləndiyi” illərdə yazmışdı. O, “Qırmızı” sözü ilə sovet hakimiyyətinin ideoloqlarını aldada bilmişdi; lakin bir neçə il keçəndən sonra Oyunskinin öz xalqının ağrı-acılarını qələmə aldığını, insanlığa çağırış etdiyini – “Qırmızı Şaman”ın əslində “Qırmızı Oktyabr”a, sovet adlı quruluşa etiraz aktı olaraq yazıldığını anladılar. Və böyük Oyunski xalqını sevdiyinə, yakutları azadlığa səslədiyinə görə canını qurban verdi. – Sovet ideologiyası qırmızı rəngi sevsə də, qırmızı sözü sevmirdi…
Mən kiməm qınayam öz taleyimi,
Mən kiməm Tanrıdan inciyib, küsüm?!
Dünyaya gələndən Günəşi sevdim,
Dünyadan köçəndə ölüm qismətim.
Köçərəm dünyadan – külüm də qalmaz,
Bir yaşıl çəməndə ota dönərəm.
Məndən nəğmələrim yadigar qalar,
Yüz illər ötsə də xalqım unutmaz.
Platon Oyunski əsərlərində yazdığı kimi etibarlı xalqı onu unutmadı. Bu gün Saxada Platon Oyunskinin adını daşıyan küçə və meydanlar, mədəniyyət və təhsil idarələri var. 1993-cü ildə isə Saxa (Yakutiya) Dövlət başçısının Sərəncamı ilə Ədəbiyyat, incəsənət, memarlıq sahəsində uğur qazananlara Platon Oyunskinin adına dövlət ödülü təsis edilib.
Saxa Yakutiya Respublikasının paytaxtı Yakutsk şəhərindəki Hava limanı da Platon Oyunskinin adını daşıyır.
Bütün bunlardan sonra kim deyə bilər ki, xalqın yaddaşını silmək olar? Tarix xalqla, xalq tarixi ilə yaşayır!
Aida Eyvazlı
P.S: Platon Oyunskinin “Qırmızı şaman” əsərini ilk dəfə Azərbaycan dilinə mən uyğunlaşdırmışam. Bu, Saxa Yakutiya Respublikasında böyük hadisə kimi qeyd olunub.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP