Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib. Çıxışın tam mətnini təqdim edirik: 

Hörmətli xanımlar və cənablar!

Əziz Qurultay iştirakçıları!

Dünya azərbaycanlılarının mötəbər tədbirində – tarixi zəfərimizin rəmzi olan Şuşada hər birinizi xoş gördük. Sizi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi münasibətilə təbrik edirəm. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə gerçəkləşən Dünya Azərbaycanlılarının qurultayları artıq ənənə halını almışdır. İndiyə qədər reallaşan dörd qurultayın hər birindən sonra qəlbi vətən eşqi ilə döyünən azərbaycanlıların ürəyindən “gün o gün olsun ki, Dünya Azərbaycanlılarının növbəti Qurultayı Qarabağda, Şuşada keçirilsin” arzusu, duası keçirdi. Və budur, həmin gün gəlib çatdı. Bu gün o gündür: Dünya Azərbaycanlılarının V Qurultayı tarixdə ilk dəfə olaraq Şuşa şəhərində keçirilir. Ona görə də biz bu qurultayı Zəfər Qurultayı adlandırırıq. Bu, hər bir azərbaycanlının həyatında əlamətdar tarixi hadisə, unudulmayacaq böyük bayramdır. Bu qüruru bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna və qazilərimizə minnətdarlığımızı bildirir, şəhidlərimizi dərin ehtiramla yad edirik.

Qürur hissi ilə çıxışıma Vətən müharibəmizin kulminasiya nöqtəsi sayılan Şuşanın azad olunması zamanı Müzəffər Ali Baş Komandamız İlham Əliyevin Azərbaycan xalqına xitabı ilə başlamaq istəyirəm: “Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Bu gün Dünya azərbaycanlılarına dövlətimizin və ölkə rəhbərliyimizin diqqət və qayğısını ifadə edən Qurultayın məhz burada, qədim Qarabağ torpağının Şuşa şəhərində keçirilməsi xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsi olmaqla, ölkəmizin nüfuzu və hərtərəfli inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan diasporu üçün əlamətdar olan Qurultayın aprel ayında keçirilməsi heç şübhəsizdir ki, təsadüfi deyildir. Məhz 2016-cı ilin bu ayında Azərbaycan dövləti, eləcə də diasporu öz qüvvəsini və mütəşəkkilliyini sübut etdi. Zəfərimizin müjdəçisi olan “Aprel döyüşləri” bir daha Azərbaycanın nəyə qadir olmasını, Ordumuzun gücünü göstərdi.

Eləcə də bu ay bizə məkrli planlar ilə qarşı-qarşıya dayanmağımızı bariz təzahür etdirir. Yəni 107 ildir biz uydurma “erməni soyqırımı” ilə üz-üzə qalmışıq. Mənfur düşmən öz niyyətini saxta əməllər və yalanlar ilə gerçəkləşdirmək istəyir. Buna adekvat olaraq biz Azərbaycanlıların Soyqırımı Günü və Xocalı qətliamı ilə bağlı reallıqların beynəlxalq aləmə çatdırılması üçün səylər göstəririk. Bu Tovuz hadisələri və Vətən müharibəsində də özünü büruzə vermişdir. Sizlərin, Azərbaycan diasporunun iştirakı nəticəsində böhtan və təxribat xarakterli fəaliyyətin qarşısı tarixi həqiqətə uyğun alınmışdır. İcazə verin, Sizlərin şəxsinizdə Azərbaycan diaspor ailəsinin hər bir üzvünə ayrı-ayrılıqda öz təşəkkürümüzü bildirək.

 

Azərbaycan diasporuna dövlət qayğısı

 

İndi isə icazə verin Dünya Azərbaycanlılarının IV Qurultayından ötən dövr ərzində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair məlumatları diqqətinizə çatdırım. Komitə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, onların ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə müxtəlif xalqların diaspor təşkilatları ilə effektiv əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində də bir sıra tədbirlər həyata keçirmişdir. Bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsi Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasıdır. ADDF ölkədə həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərinin qorunmasına, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin edən publik hüquqi şəxsdir. Yarandığı gündən bu günədək Fonda 250 layihə təklifi daxil olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli istiqamətində Komitənin hazırladığı “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” 4 oktyabr 2020-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmişdir. Komitə ilə rahat əlaqənin yaradıla bilinməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilmiş və qurum “Elektron hökumət” portalına inteqrasiya olunmuşdur.

Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin dərinləşdirilməsi sahəsində mövcud olan problemlər öyrənilmiş və pərakəndə fəaliyyətin qarşısının alınması məqsədilə bir sıra addımlar atılmışdır. Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Komitədə əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılmış, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanmışdır.

Türkiyə Respublikasında müvafiq sənədləri olmadan yaşayan azərbaycanlıların sayının dəqiqləşdirilməsi və şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi məqsədilə İşçi Qrupu yaradılmış və bu kateqoriyanın elektron qeydiyyatı üçün müvafiq qurumlarla birlikdə xüsusi sistem hazırlanmışdır. İşçi qrupu Türkiyəyə ezam edilərək müvafiq görüşlər keçirmişdir və hazırda bu proses davam edir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir neçə diaspor nümayəndəsi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilmişdir. 

Xaricdə yaşayan soydaşlarımızı diaspor fəaliyyətində iştirak etməyə təşviq etmək, eləcə də xaricdə Azərbaycan həqiqətlərinin yayılması, tariximiz və mədəniyyətinin təbliği üçün böyük əmək sərf edən azərbaycanlıların mükafatlandırılması məqsədilə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilmiş və bu sahədə xidmətləri olan soydaşlarımız bu medalla təltif olunmuşdur.

Xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər həyata keçirmək, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini öyrənmək və həllinə dair Azərbaycan Respublikasının dövlət strukturları, eləcə də Xarici İşlər Nazirliyinin vasitəsilə müvafiq xarici dövlətlər qarşısında təkliflər irəli sürülmüşdür. Müxtəlif ölkələrdə azərbaycanlıların yüksək mövqelərə nail ola bilmələri, nüfuzlu postları tutmaları və onların yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynamaları üçün müvafiq qanunvericilik cərçivəsində Azərbaycan diaspor təşkilatları tərəfindən lazımi dəstəklər göstərilmişdir. Bir sıra ölkələrdə mer, bələdiyyə, digər yerli seçkili orqanlara, parlamentlərə namizədlikləri irəli sürülən soydaşlarımıza və həmvətənlərimizə Azərbaycan icması öz köməyini əsirgəməmişdir.

Xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları təşkilatlara, kütləvi informasiya vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək məqsədilə müxtəlif yönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərilmişdir.

 

Diaspor fəaliyyəti yeni inkişaf mərhələsində

 

Bu dövr ərzində fəaliyyətimizin ana xəttini Dünya Azərbaycanlılarının IV Qurultayında dövlət başçımızın proqram xarakterli çıxışı, tövsiyə və tapşırıqları təşkil etmişdir. Həmin meyarlar diqqətdə saxlanılmaqla, Azərbaycan diaspor təşkilatlarının tələb və təklifləri də nəzərə alınmaqla Strateji Yol Xəritəsi hazırlanmışdır. Diaspor potensialının güclənməsi, təşkilatların bir nöqtəyə vurması üçün əlaqələr intensivləşdirilmiş və gücləndirilmişdir. Komitə bu başlıca prinsiplərin reallaşması üçün maksimum əmək sərf etmişdir. Xaricdə yaşayan azərbaycanlılarla, Azərbaycan icma və diaspor təşkilatları ilə koordinasiyanın optimallaşdırlması, diasporla diplomatik korpusun əməkdaşlığının sağlamlaşdırılması üçün konkret addımlar atılmışdır. Səfirlik və konsulluqlarla birgə fəaliyyətə diqqət yetirilmişdir.

Komitə dünya azərbaycanlılarının fəaliyyətinin azərbaycançılıq ideologiyası ətrafında əlaqələndirilməsi və koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə ardıcıl fəaliyyət göstərmişdir. Azərbaycan həqiqətlərinin təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması ilə əlaqədar xarici ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən zəruri tədbirlər görülmüşdür.

Bu müddətdə başlıca məqsəd Azərbaycan diasporunun konsolidasiyasının təşkil edilməsi, həmrəy olması və müştərək hərəkət etməsi olmuşdur. Məhz vahid ideya və milli maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən böhranlı vəziyyətlərdə vahid ideya və məqsəd naminə bir araya gəlməsi üçün əmək sərf edilmişdir. Ötən dövr ərzində Komitənin qarşısında qoyulan vəzifə və funksiyalara uyğun olaraq müxtəlif ölkələrdə fəaliyyətdə olan diaspor təşkilatları tərəfindən mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər həm Komitənin təşkilatçılığı və dəstəyi ilə, həm də yerli diaspor qurumlarının öz vəsaitləri hesabına təşkil olunmuşdur. Bütün hallarda tədbirlərin geniş əhatəli və yüksək səviyyədə keçirilməsinə, xaricdəki soydaşlarımızın təşkilatlanmasına və gənclərin diaspor fəaliyyətinə cəlb olunmasına xüsusi diqqət yetirilmişdir.

 

Komitə tərəfindən həyata keçirilən layihələr və tədbirlər

 

Hesabat dövrü ərzində diaspor gənclərinin bir araya gəlməsi, vahid platformada birləşməsi, bilik və bacarıqlarının artırılması, yerli, milli və beynəlxalq səviyyədə təbliğat, siyasət və qərar qəbuletmə strukturlarda iştirak potensialının yüksəldilməsi, milli kimliyin qorunub-saxlanılması və təşviqinə dəstək verilməsi, Azərbaycan reallıqlarının dünyaya yayılması, icmalarımızın, Azərbaycana dost olan digər xalqların diaspor təşkilatlarının və eləcə də onların yaşadıqları ölkələrin Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın qurulması işinə töhfə verilməsi və bu məqsədlə icma üzvlərində liderlik keyfiyyətlərinin təşviq olunması məqsədilə Komitə tərəfindən bir sıra proqram və layihələr həyata keçirilmişdir. Bu layihələrə misal olaraq Diaspor Gənclərinin Şəkidə və Şamaxıda keçirilən I və II Yay Düşərgələrini, Belçika Krallığının Brüssel şəhərində təşkil olunan Qış Məktəbini, “Diaspor Könüllüləri”, “Liderliyin İnkişafı”, “1+1” və “Beyin qazanma” proqramlarını, “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”, “Müxtəlif olsaq da, birlikdə güclüyük” və “E-akademiya” layihələrini göstərmək olar.

 

Biz birlikdə güclüyük!

 

Möhtərəm cənab Prezident İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xaricdə yaşayan azərbaycanlılara göstərilən diqqət və qayğı maksimum birliyi və həmrəyliyi tövsiyə edir. Bu istiqamətdə ən effektiv işlərdən sayıla biləcək xarici ölkələrdə Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan Evlərinin açılması olmuşdur. Hazırda dünyanın 33 ölkəsini əhatə edən və 130-dan çox diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurasının hədəfi yerli, regional fəaliyyəti gücləndirmək və beynəlxalq təşkilatlara təsir imkanlarına malik olmaqdır.

Hazırda 11 ölkədə fəaliyyət göstərən 15 Azərbaycan Evi isə xaricdə milli atributumuz kimi maddi-mənəvi dəyərlərimizi təbliğ etdirməklə sosial-mədəni məkan rolunu oynayır. Buranın konsepti ümumilikdə ziyarətçilərə Azərbaycan haqqında müfəssəl fikir formalaşdırmaq və məlumat vermək üçün nəzərdə tutulmuşdur. Eyni zamanda həmin təsisatlar istənilən vaxt azərbaycanlıların pənah apardıqları doğma evi kimi bir ocağa çevrilməkdədir. Biz koronavirus pandemiyası və Rusiya-Ukrayna münaqişəsi fonunda bunun şahidi olduq.

Göründüyü kimi, ötən vaxt ərzində xaricdə yaşayan azərbaycanlıların mütəşəkkilliyi məsələsi müasir dövrün çağrışları kontekstində əsas prinsiplərdən olmuşdur. Azərbaycanın milli mənafelərinin müdafiəsi işi xarici ölkələrdəki həmvətənlərimizin hər birinin qarşısında duran prioritet məsələlərdən olmuşdur.

 

Beynəlxalq sahədə əməkdaşlıq və perspektiv imkanlar

 

Komitə beynəlxalq əlaqələrin inkişafına və xarici ölkələrin təcrübəsinin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Bu xüsusda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq dərinləşdirilmiş, bir sıra sənədlər imzalanmış, çoxsaylı tədbirlər keçirilmişdir. Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılışı olmuşdur. Eləcə də Almaniyanın paytaxtı Berlin şəhərində “Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramı”, ABŞ-ın Nyu-York şəhərində “Türkdilli Diasporların Potensialının Təkmilləşdirilməsi Üzrə Təlim Proqramı” təşkil edilmişdir. 

Qardaş Türkiyə Respublikasının müvafiq qurumu ilə Anlaşma Memorandumu imzalanmış, Vətən müharibəsi dövründə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktı zamanı Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Agentliyinin rəhbərinin Azərbaycana səfəri təşkil olunmuşdur. Həmçinin İsrail, Rumıniya, Macarıstan və digər ölkələrin aidiyyəti təşkilatlarında görüşlər keçirilmişdir.  

Bu yaxınlarda Komitənin nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının Bursada təşkil olunan II Diaspor Forumunda iştirak etmişdir.

Diasporun rolunun gücləndiyi hazırkı şəraitdə Azərbaycan ilk dəfə olaraq bu il Qlobal Diaspor Forumunda təmsil olunmuşdur.

İnanırıq ki, Azərbaycan və Türkiyə diasporları 2021-ci il iyunun 15-də dövlət başçılarımız tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər” bəndindən irəli gələn vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

 

Milli kimliyin və ana dilinin qorunması məsələləri

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Artıq dünyanın 6 şəhərindəki “Qarabağ məktəbi”ndə 250-dən çox azərbaycanlı uşaq təhsil alır. Bunlar Kanadanın Ottava, Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm, Böyük Britaniyanın London şəhərləridir. Məktəblər pedaqoji heyət, dərs vəsaitləri və müvafiq vəsaitlərlə təmin olunmuşdur. Xaricdə böyüyən azərbaycanlı gənc nəslin Azərbaycanla bağlı olması və ilk növbədə Azərbaycan dilini bilməsi məqsədilə oflayn, onlayn və hibrid metodlarla layihələr həyata keçirilir. Burada şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan və dünya tarixi, rəsm və piano dərsləri keçilir. 

Xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün Komitə tərəfindən hazırlanmış “Azərbaycan dili” dərsliyi Təhsil Nazirliyinin qrifi əsasında çap edilmiş və xaricdəki soydaşlarımıza göndərilmişdir. Eyni zamanda Komitənin rəsmi internet saytından kitabı PDF formatda əldə etmək imkanı da yaradılmışdır.

 

Komitənin informasiya və təşviqat fəaliyyəti

 

Dövrün tələblərindən irəli gələrək Komitənin media sahəsində işinə yenidən baxılmış, də əhəmiyyətli dəyişiklik və irəliləyişlərə nail olunmuşdur. Komitənin saytı Azərbaycan, rus və ingilis dillərində hazırlanmış, Ankarada “Türkiyə-Azərbaycan” jurnalının nəşrinə başlanılmış, soydaşlarımız və diaspor təşkilatları ilə operativ əlaqənin qurulması üçün İnfoqrafik “Diaspor xəritəsi” platforması, xaricdəki azərbaycanlıların bioqrafiyalarının toplandığı ətraflı axtarış sistemi – www.azerbaycan.li saytı, “Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az kimi qiymətli və zəngin mənbələr yaradılmış, Diaspor TV və Diaspor FM-in intensiv fəaliyyəti təşkil edilmişdir.

Azərbaycan Respublikasının dövlət bayramları və anım günləri diqqətdə saxlanılmış, beynəlxalq günlərdə ölkəmiz üçün prioritet olan məsələrə dair təbliğat kampaniyaları, “fləşmoblar” və media üçün digər platformalar həyata keçirilmişdir.

 

Qarabağ mitinqləri

 

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində dünyanın aparıcı şəhərlərində Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması yolu kimi mitinqlər keçirilməsi də xüsusi yer tutur. 2019-cu ildə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Avropa İttifaqının siyasi mərkəzi olan Belçika Krallığının Brüssel şəhərində etiraz mitinqi, 22 fevral 2020-ci ildə Almaniyanın Berlin şəhərindəki tarixi Brandenburq qapıları önündə Ümumavropa Qarabağ mitinqi, 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Vaşinqtonda Ümumamerika Xocalı Mitinqi təşkil olunmuşdur.

 

Pandemiya dövründə diasporla iş

 

2020-ci ildə bütün dünyaya yayılan koronavirus pandemiyası Azərbaycan diaspor təşkilatlarının fors-major vəziyyətlərə hazırlıq imkanlarını üzə çıxarmışdır. COVID-19-un yayılması ilə Komitə tərəfindən silsilə tədbirlər həyata keçirilmiş, xaricdəki Azərbaycan diaspor təşkilatları, Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan Evləri ilə əlaqələr intensivləşdirilmiş, həmvətənlərimizə aid müvafiq məlumatlar əldə edilmişdir. 2020-ci il 26 mart – 1 iyul tarixlərində Komitəyə, həmçinin xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Azərbaycanlıların Koordinasiya Şuralarının, diaspor nümayəndələrinin ünvanlarına daxil olan informasiyalar emal edildikdən, təsnifləşdirmə və araşdırmalardan sonra problemlərin həlli istiqamətində addımlar atılmışdır. Komitənin səlahiyyətləri və imkanları daxilində olan məsələlərin həllinə dərhal qərar verilmiş, bir sıra müraciətlər isə əlaqədar qurumlara yönləndirilmişdir. Xaricdəki həmvətənlərimizə müraciət ünvanlanmış, mövcud vəziyyətdə daha çevik olmaq və mümkün imkanları səfərbər edərək ehtiyacı olan insanlara kömək göstərilməsi tövsiyə olunmuşdur. Komitənin müraciətindən sonra Azərbaycan Evləri, Azərbaycanlıların Koordinasiya Şuralarında təmsil olunan bir sıra diaspor təşkilatları, eləcə də bir çox diaspor fəalları qərargah və qaynar xətt yaradaraq xaricdə yaşayan azərbaycanlılara müraciət etmiş və bütün mümkün köməyi göstərməyə hazır olduqlarını bildirmiş, müxtəlif ölkələrdə iş adamları soydaşlarımıza və həmvətənlərimizə mümkün dəstək verilmişdir.

 

Azərbaycan diasporu Tovuz döyüşlərindən sonra

 

2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribat xaricdə yaşayan həmvətənlərimizin ciddi narahatlığına və  etirazına səbəb olmuşdur. Dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlılar Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlara etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başlamış, güclü birlik və həmrəylik nümayiş etdirərək, dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını və Azərbaycan torpaqlarının azad edilməsini tələb etmişdir. İlk gündən başlayaraq Komitə soydaşlarımız arasında əlaqələri intensivləşdirmiş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycanın diplomatik korpus nümayəndələri və digər aidiyyatı qurumlarla intensiv koordinasiyalı fəaliyyət təşkil etmişdir. 

Xaricdə yaşayan azərbaycanlılar, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri dünyanın aparıcı ölkələrində, BMT, ATƏT və digər beynəlxalq təşkilatların ofisləri qarşısında, dünyanın nüfuzlu media orqanlarının qarşısında icazəli aksiyalar keçirmiş, dünyanın aparıcı dövlətlərindən və nüfuzlu beynəlxalq təşkilatlarından Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün qəti tədbirlər görülməsi tələb edilmişdir. Ümumilikdə 26 ölkədə 25 min nəfərdən çox insanın iştirak etdiyi 71 aksiya keçirilmişdir.

Ermənilərin Polşa, Niderland, Belçika, ABŞ (Vaşinqton, Los-Anceles), Gürcüstan, Türkiyə və Ukraynada Azərbaycan səfirliklərinin qarşısında təşkil etdikləri icazəsiz aksiyalar həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diasporlarının nümayənədələrinin müdafiə aksiyaları ilə fiaskoya uğramışdır. Komitə tərəfindən dünya azərbaycanlılarına müraciət edilərək, təxribatlara uymamaq, bütün mübarizənin hüquqi müstəvidə, yaşadıqları ölkələrin qanunları çərçivəsində aparılması tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, həmvətənlərimizin pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də  dəymiş maddi və digər zərərlərin aradan qaldırılması üçün bütün mümkün addımlar atılmışdır. 

Bundan başqa, ingilis, rus, fransız, alman, ərəb, ispan və italyan dillərində Tovuz təxribatları və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həqiqətləri əks etdirən məktub hazırlanaraq “Azərbaycan Diaspor Könüllüləri”, xaricdə yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə minlərlə məktub göndərilmiş, Komitənin “Facebook”, “Twitter”, “Instagram”, “Youtube”-dakı hesablarında mütəmadi olaraq müvafiq məlumatlar paylaşılmışdır. 

 

Azərbaycan diasporu Vətən müharibəsi dövründə

 

2020-ci il 27 sentyabr-10 noyabr tarixlərində baş vermiş 44 günlük Vətən müharibəsi xalqımızın, o cümlədən Azərbaycan diasporunun tarixində əhəmiyyətli yer tutur. Azərbaycan tarixinin qızıl səhifəsi olan Böyük Zəfər ili diasporumuzun da fəaliyyətinin qızıl ili sayılmalıdır. Bu qısa zaman kəsiyi Azərbaycan diasporunun sistemli və ardıcıl fəaliyyəti ilə yadda qalmışdır. Həmin fəaliyyətə 44 günlük müharibə fonunda və faktlarla nəzər salaq.

Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərmişdir. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq nümayiş etdirmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 27 sentyabr tarixli xalqa müraciətindən sonra 10 noyabr tarixinədək mütəmadi olaraq dünya azərbaycanlılarına soydaşlarımıza və Azərbaycan diaspor təşkilatlarına, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarına Komitə tərəfindən beş dəfə müraciətlər ünvanlanmış, bu müraciətlərdə onlara Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin obyektiv məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlər ilə bağlı doğru  məlumatların yayılmasında yaxından iştirak etməli olduğuna dair tövsiyələr öz əksini tapmış, işğalçı Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə və digər cəbhədən kənar ərazilərdə mülki vətəndaşları hədəfə alması barədə məlumat verilmiş, həmvətənlərimizə erməni təxribatlarına uymamaq və ayıq-sayıq olmaq tövsiyə edilmişdir. Komitə Azərbaycan həqiqətlərini əks etdirən 55-dən çox qısa videomaterial hazırlayaraq yayımını təşkil etmişdir.

Müharibə dövründə Komitənin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq müraciət göndərmişdir. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılmış, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olunmuşdur. Təkcə “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”nin erməni əsgər analarına müraciəti elektron poçt vasitəsilə 58 dövlət başçısına, 44 beynəlxalq təşkilata və 5 minə yaxın vəzifəli şəxsə göndərilmişdir.

Məhz diasporumuzun iştirakı ilə 36 xarici ölkədə 198 tədbir keçirilmiş, onların da 111-i aksiya, yürüş, avtoyürüş olmuşdur. Bu tədbirlərdə Türkiyə, İsrail, Pakistan, Ukrayna və Azərbaycanda dost digər ölkələrin diaspor nümayəndələri də iştirak etmişdir. Həmin günlərdə Komitənin rəhbər şəxslərinin, eləcə də Azərbaycan diaspor təşkilatları üzvlərinin xarici media orqanlarına çıxışları intensivləşmiş, diaspor nümayəndələri xarici TV-lərdə 98 dəfə canlı yayıma qatılmışlar. Dünyanın 60 ölkəsindən minlərlə həmvətənimizin qatıldığı 300-dən çox videokonfrans təşkil olunmuş, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirmişlər. 

27 Sentyabr – Anım Günü və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız, həmvətənlərimiz, diaspor təşkilatları, Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan Evləri tərəfindən müxtəlif formatda tədbirlər təşkil olunmuş və fərqli istiqamətlərdə işlər icra edilmişdir. 

 

Qələbəni bizə yaşadanları YAŞAT!

 

Xaricdə yaşayan soydaşlarımız Vətən müharibəsi dövründə şəhid ailələri və qazilərə, Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də Komitənin koordinasiyası ilə birbaşa yardımlar etmişlər. 44 günlük Vətən müharibəsi dövründə Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ordumuza, şəhid və qazi ailələrinə 3 milyon 304 min 214 manat məbləğində maddi dəstək göstərmişdir. 2021-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi “YAŞAT” Fonduna pul köçürmələri, qazilərimizə, şəhid və qazilərimizin ailələrinə maddi və mənəvi yardım göstərmələri üçün Azərbaycan diasporuna, ümumilikdə xaricdə yaşayan azərbaycanlılara çağırış etmişdir. Bu mühüm çağırış nəticəsində Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə 2021-ci il 29 aprel-31 may tarixində Azərbaycan diasporunun yüksək fəallığı ilə müşayiət olunan “YAŞAT” Xeyriyyə Marafonu baş tutmuş, marafon 7 saata yaxın müddətdə Azərbaycan Televiziyası ilə videoyazı formatında nümayiş olunmuş və nəticələr ictimaiyyətə açıqlanmışdır. “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi müharibədə yaralananlara və şəhidlərimizin ailələrinə dəstək üçün dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olmuşdur. Xeyriyyə marafonu “YAŞAT” Fonduna 1 milyon manatdan artıq vəsaitin köçürülməsi ilə nəticələnmişdir.

 

Azərbaycanın tanıtımı və təbliğatı istiqamətində tədbirlər

 

Xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradılmışdır. Belə ki, xarici KİV-lərlə əlaqələr qurulmuş, azərbaycanlı jurnalistlər ilə bir neçə dəfə real və virtual platformalarda görüşlər keçirilmişdir. Bu potensialdan Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdəki vəziyyətlərdə, həmçinin “Mina xəritələri” ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında istifadə edilmişdir.

2021-ci ildə Komitə xarici jurnalistlərin, ekspertlərin, fotoqrafların, politoloqların və tarixçilərin işğaldan azad olunmuş Azərbaycan ərazilərinə çoxsaylı səfərlərini təşkil etmişdir. Məqsəd Azərbaycanla həqiqətlərinin, Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızda törətdiyi dağıntıların dünyaya çatdırılması olmuşdur. Qarabağa səfər edən fotoqrafların çəkdiyi əsərlərdən ibarət sərgilər Avropanın mərkəzi şəhərlərində nümayiş olunmuşdur.

Bundan başqa, bu çərçivədə komitə ötən il diaspor nümayəndələrinin Şuşaya dörd səfərini təşkil etmişdir. 

Səmimiyyətlə qeyd edə bilərik ki, Azərbaycan diasporunun əsası ulu öndər tərəfindən qoyulmuş mənəvi birliyi son illər yüksək etimad, inamlı münasibətlər müstəvisində möhkəmlənmiş, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvəsinə çatmışdır. İstər cənab Prezident, istərsə də çox hörmətli Birinci vitse-prezident ordumuzun Vətən müharibəsində əldə etdiyi davamlı qələbələrlə bağlı çıxışlarında, müraciətlərində dəfələrlə Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın da fəaliyyətini yüksək qiymətləndirmiş, onları təbrik etmişdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasında diasporumuzun iki nüfuzlu üzvünün təmsil olunması Azərbaycan diasporuna ali səviyyədə göstərilən etimaddır. Bütün bunlar diasporumuzun yeni mərhələdə inkişafına xüsusi stimul verir, soydaşlarımız bunu çox böyük sevinc və fərəh hissi ilə qarşılayırlar.

 

Qarşıda duran problemlər və perspektivlər

Dəyərli diasor nümayəndələri!

Biz ötən qurultaydan bu qurultayadək öz işimizi vahid proqram ətrafında qurmağa çalışmışıq. Uzun illərdir ki, daxildə və xaricdə yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar vahid amal uğrunda sıx birləşərək qələbəmiz üçün əllərindən gələni səfərbər etmişdir. 

Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoymuşdur. Təbii ki, amalımız birdir, dəyişməyib və dəyişməyəcək – Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi. Təbii ki, post-müharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura ilk növbədə lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir. Bundan başqa, uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, Vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi aparmalıdırlar. Qarşımızda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasındakı koordinasiya gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, şəxsi mənafeni milli mənafedən üstün tutmaq, mənəm-mənəmlik prinsipləri kimi hallara son qoymaq, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq qarşımızda həllini gözləyən əsas problemlərdəndir.

Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövrü – Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd dünya azərbaycanlılarının, soydaşlarımızın və həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələrinin diqqət və qayğısı Qarabağın quruculuğuna yönəlməsi, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diasporunun birbaşa və dolayısı ilə iştiraka sövq edilməsi, müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların bura – Ana Vətənə sərmayə qoymasıdır. Bunun üçün İqtisadiyyat Nazirliyi ilə birgə əməli işlərə başlanmışdır. Prezident İlham Əliyevin dediyi kimi, “bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

2020-ci ildə “YAŞAT” Fondu ilə Komitənin birgə reallaşdırdığı həyati vacib əhəmiyyətli “Xeyriyyə Marafonu”nun davamı olaraq Qarabağ Dirçəliş Fondu ilə yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan diasporu bu təşəbbüsə dəstək göstərməklə azad olunmuş tarixi memarlıq abidələrimizin bərpasına öz imzasını atacaq, həmin xeyriyyəçiliyi göstərən lövhə burada həkk olunacaqdır.

Sonda qurultay iştirakçıları vasitəsilə bu əlamətdar tədbirdə iştirak edə bilməyən soydaşlarımıza və həmvətənlərimizə salamımı çatdırmaq istəyirəm. Onların burada iştirak etməmələri ona dəlalət etmir ki, fəaliyyətləri iştirakçılardan zəifdir. Əsla bu belə deyildir. Hətta elə şəxslər var ki, onların fəaliyyəti daha yüksək və effektivdir. Sadəcə, belə tədbirlərdə olan müəyyən çərçivə, mövcud şərait ürəyimizin istədiyi kimi, bütün doğmalarımızın iştirakına icazə vermir.

Əmin olun ki, ümummilli liderimizin imzası ilə davamlı xarakter alan Dünya Azərbaycanlılarının növbəti Qurultaylarında bu sahədə xidməti olan hər bir şəxs iştirak etmək imkanı olacaqdır.

Zənnimizcə, qurultayda iştirak diaspor nümayəndələrinin məsuliyyətini ikiqat artırır və bununla onlar, Azərbaycan diasporunun digər üzvlərinə də nümunə olmalıdır. 

İcazənizlə, çıxışımı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultaydakı konseptual çıxışından sitatla bitirmək istəyirəm: “Hamımız – siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər, o ölkənin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə, müxtəlif ölkələrdə də Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir”.

Bizimlə olduğunuz üçün təşəkkür edirik. Var olun, bizimlə qalın! Biz birlikdə daha güclüyük!

Yaşasın Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

22 aprel 2022-ci il

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP