“Ukrayna hadisələri onlar üçün faydalı dərs ola bilər…”

Millət vəkili Cavanşir Feyziyev müsahibəsini təqdim edirik:

– Bütün dünya Ukraynada, konkret olaraq Buçada baş verənləri insanlığa qarşı cinayət və əsrin misilsiz genosidi kimi qiymətləndirir. Amma Xocalıda baş verən dəhşətləri biz 30 ildir dünyaya sübut etməkdə çətinlik çəkirik. Müsəlman olduğumuza görəmi?

– Dünyanın müxtəlif bölgələrində baş verən hadisələrə beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən fərqli yanaşma məlum faktdır. Burada din və sivilizasiya mənsubiyyəti amilinin də müəyyən rol oynaması sirr deyil. Qərb dünyasında dini təəssübkeşlik o dərəcədə yüksəkdir ki, bu özünü təkcə sosial həyatda deyil, siyasi münasibətlərdə də kifayət qədər qabarıq göstərir. Bu baxımdan Xocalı Soyqırımı ilə bağlı dediklərinizdə həqiqət var. Amma belə ikili münasibətin bumeranq effekti də qaçılmazdır və özünü məhz hazırda Ukraynada göstərir. Vaxtilə Azərbaycana qarşı aparılan təcavüzə vaxtında düzgün reaksiya verilməməsi, torpaqlarımızın işğalına və Xocalı soyqırımı kimi cinayətlərə göz yumulması oxşar hadisələrin Avropa məkanına yayılmasına və daha ağır faciələrin Xorvatiyada, Bosniya və Herseqovinada baş verməsinə səbəb oldu. Bu gün Ukraynada baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir və son 30 ildə baş vermiş əvvəlki münaqişələrdən fərqli olaraq bu münaqişənin dayandırılmasında dünya birliyi vahid mövqe nümayiş etdirir. Belə mövqe birliyini şərtləndirən bir sıra səbəblər var.

Birincisi, 2-ci dünya müharibəsindən sonra ilk dəfədir ki, müharibə artıq Avropanın mərkəzində gedir və bu təkcə Ukrayna üçün deyil, bütün Avropa dövlətləri üçün böyük təhdiddir. Digər tərəfdən, müharibənin baş verməsi üçün əsaslı səbəbin olmaması belə bir təsəvvür yaradır ki, beynəlxalq qanunlar işləmir və beynəlxalq təşkilatlar dünyada sülhü və təhlükəsizliyi təmin etmək üzrə üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Belə bir şəraitdə beynəlxalq münasibətlərdə xaos yarana bilər və belə regional müharibələrin sayı və arealı genişlənə bilər. Ona görə də ilk növbədə bütün Avropa dövlətləri və eləcə də ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Avstraliya və digər dövlətlər Rusiyaya qarşı qətiyyətli mövqe göstərməklə ən qısa bir zamanda bu müharibəni dayandırmağa çalışırlar. Buçada baş verənlərə həssas münasibət də məhz müharibənin dərhal dayandırılması  üçün Rusiyanı mümkün qədər tez cilovlamaq zərurətindən irəli gəlir.

 – İkili standartlar mərəzindən dünyanı xilas etmək üçün pandemiya kimi əsrin bəlası da insanlığı qəflət yuxusundan ayıltmadı.
Pandemiya çoxlarının bildiyi, amma etiraf etmək istəmədiyi reallıqları aşkara çıxardı. Bu birinci növbədə Avropa Birliyi daxilində dövlətlərarası münasibətlərdə ziddiyyətlərin olduğunu üzə çıxardı. İqtisadi cəhətdən güclü dövlətlər pandemiyaya qarşı mübarizədə ümumavropa maraqlarını deyil, məhz öz milli prioritetlərini qorumağa çalışdılar. Birlik üzvü olan hər bir dövlət öz sərhədləri çərçivəsində qapanmağa və özlərini birliyin digər üzvlərindən təcrid etməyə çalışdılar. Bəzi dövlətlər hətta qonşu dövlətlərə göndərilmiş humanitar yardımları və tibbi vasitələri öz ərazilərində ələ keçirərək öz ehtiyacları üçün istifadə etməkdən də çəkinmədilər. Bütün bunlar onu göstərir ki, beynəlxalq siyasət ikili standartları aradan qaldırmaq gücündə deyil. Buradan belə bir nəticəyə gəlmək olar ki, ikili standartlara qarşı mübarizə aparmaq səmərəsizdir. Mövcud durumu olduğu kimi qəbul edərək ikili standartların yaranma səbəblərini araşdırmaq və məhz bu səbəblərin aradan qaldırılmasına çalışmaq lazımdır. Belə səbəblərdən biri və yəqin ki, birincisi ölkələrin qeyri-bərabər iqtisadi inkişaf səviyyəsi ilə bağlıdır. Digər səbəblərin də məhz bu amildən qaynaqlandığını düşünürəm.
– Sizcə Ukraynada baş verən olaylardan sonra Azərbaycanın Qərbin təsistalarına, bütövlükdə Avropa ailəsinə inteqrasiya sürətlənəcək, yoxsa ləngiyəcək?
– Ukrayna hadisələrindən asılı olmayaraq Azərbaycanın özünəməxsus və öz milli maraqlarına əsaslanan inkişaf yolu var və biz artıq 30 ilə yaxındır ki, o yolla gedirik. Bu yol Azərbaycanın Avropa Birliyi və ya Avrasiya Birliyi kimi təşkilatlara inteqrasiyasını istisna edir. Əgər Avropa Birliyi ilə bağlı illyuziyalara qapılanlar varsa hazırda baş verən Ukrayna hadisələri də onlar üçün faydalı dərs ola bilər. Azərbaycan coğrafi cəhətdən türk dünyasının mərkəzində yerləşən, onun şərqi ilə qərbini bir-birinə bağlayan çox vacib geo-strateji mövqeyə malikdir. Bu mövqedən Azərbaycan ilk növbədə geniş türk dünyasına və daha sonra beynəlxalq arenaya asanlıqla çıxa bilir. Sivilizasiya mənsubiyyətimiz, tarixi, mədəni, siyasi irsimiz bizi məhz türk dünyasına inteqrasiya olunmağa sövq edir. Bu proseslərdə Azərbaycanın xüsusi missiyası da artıq özünü göstərməkdədir. Azərbaycan bütün dövrlərdə türk birliyi ideyasının qaynağı rolunda çıxış edib. Bu gün də Azərbaycan dövlətinin apardığı siyasət türk dünyasının daha sıx birləşməyinə və beynəlxalq siyasətdə vahid platformadan çıxış edilməsinə yönəlmişdir. Keçən il Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi də türk siyasi  birliyinə gedən yolun vacib mərhələsidir. İnanıram ki, müstəqil türk dövlətləri arasında getdikcə artan inteqrasiya prosesləri Türk Dövlətləri Birliyinin təşəkkülü ilə yekunlaşacaq.  Bütün bunların fonunda Azərbaycanın digər təsisatlara və sizin dediyiniz kimi Avropa ailəsinə inteqrasiyasının heç bir perspektivə malik olmadığı aydındır.
– Qarabağda sülhməramlıların gözü qarşısında baş verən xoşagəlməz olaylar cəmiyyətimizdə xeyli narahatlıqla izlənilir. Rusiya niyə öz öhdəliklərinə belə biganə yanaşır? 
Hazırda Rusiyanın öz səylərini bütövlükdə Ukrayna hadisələrinə yönəltdiyi faktdır. Belə bir şəraitdə bölgədə baş verən hər hansı insidentin dərhal müzakirə olunması və adekvat tədbirlərin həyata keçirilməsi real görünmür. Digər tərəfdən, unutmaq olmaz ki, Rusiya sülhməramlılarının ərazidə yerləşməsi təkcə burada sülhü qorumaq məqsədi daşımır. Bu həm də Rusiyanın regional maraqlarına uyğun şəraitin bərqərar olunmasına hesablanıb. Ona görə də Qarabağda sülhün və təhlükəsizliyin bərpa edilməsini və davamlı olmasını təkcə Rusiya sülhməramlılarından gözləmək düzgün yanaşma olmazdı. Bölgədə davamlı sülhə nail olunması ilk növbədə Azərbaycanın marağındadır və buna görə də daimi sülhün təmin olunması üçün zəruri olan bütün addımlar məhz Azərbaycan tərəfindən atılır. Əminəm ki, Ermənistan yerləşdiyi ərazidə sülhə alternativin olmadığını dərk edərək  əvvəl-axır Azərbaycan dövlətinin haqlı tələblərini qəbul edəcək və Azərbaycanla Sülh Sazişini imzalayacaq.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP