Avropa liderlərinin İlham Əliyevə məktublarında hansı mesajlar verilir? – Deputatdan ŞƏRH

Ötən gün Fransa Prezidenti Emmanuel Makron Fransa ilə Azərbaycanla diplomatik münasibətlərin 30 illiyi münasibətilə İlham Əliyevə məktub göndərib. Bundan əvvəl də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri, Avstriya Prezidenti, Polşa Prezidenti, Almaniya Prezidenti və başqa Avropa liderləri Azərbaycan Prezidentinə məktub ünvanlayıb.

Məktublarda Azərbaycanın önəmli tərəfdaş olduğu, qarşılıqlı əməkdaşlığın daha inkişaf edəcəyi vurğulanır.

Avropa liderlərinin məktubları, Azərbaycana doğru atılan müsbət addımlarla hansı mesajlar verilir?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, müstəqilliyimizin bərpa olunmasından keçən 30 il ərzində Azərbaycan öz siyasətinin bütün parametrlərini kifayət qədər açıq-aydın və birmənalı şəkildə dünya birliyinə çatdıra bilib.

“Müharibə və işğal kimi ağır problemlərlə üzləşməsinə baxmayaraq bütün bu müddət ərzində Azərbaycan suveren dövlətlər ailəsinin müstəqil bir üzvü kimi bütün addımlarını beynəlxalq normalara və universal qaydalara uyğun şəkildə atıb. Dövlətimiz dünyanın bütün ölkələri ilə sülh və əməkdaşlıq şəraitində qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini və etibarlı tərəfdaş olduğunu həmişə nümayiş etdirib. Ölkədə insan mərkəzli müasir vətəndaş cəmiyyətinin formalaşması üçün daimi islahatlar aparıb və universal dəyərlərin möhkəmlənməsinə, multikultural həyat tərzinin daha da inkişaf etdirilməsinə, xalqın sosial rifahının davamlı olaraq yüksəldilməsinə yönəlmiş dinamik daxili siyasət həyata keçirib. Bütün bunların nəticəsində bu gün Azərbaycan bir çox göstəricilər üzrə regionda və dünyada öncül yerlərdən birini tutur. İşğal altında qalmış torpaqlarımızın azad olunması ilə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoyub. Dünyanın aparıcı dövlətləri ilə münasibətlərin daha da yaxınlaşması və eləcə də demokratik islahatların daha da sürətləndirilməsi üçün artıq heç bir maneə qalmayıb.

Münaqişənin həll olunması dünya birliyinin də ölkəmizə olan marağını artırıb. Odur ki, diplomatik münasibətlərimizin yaranmasının 30 illiyi ilə əlaqədar dünya dövlətlərinin liderlərindən Prezident İlham Əliyevin ünvanına daxil olan təbrik məktublarında Azərbaycanla daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqları xüsusi vurğulanır. Bütün bunlar ölkəmizin beynəlxalq birliyə daha sıx inteqrasiyası, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi və nəticədə Azərbaycanda ictimai-siyasi-sosial münasibətlərin daha yüksək inkişaf səviyyəsinə qaldırılması üçün etibarlı zəmin yaradır. Əminəm ki, qısa bir müddətdə biz bu dəyişikliklərin şahidi olacağıq”.

Deputat deyib ki, 44 günlük Vətən müharibəsinin nəticələri təkcə Azərbaycan üçün deyil, həm bölgəmiz üçün və həm də bütövlükdə Avrasiya məkanı üçün yeni və perspektivli imkanlar yaradıb.

“Bu imkanlar Azərbaycanın Cənubi Qafqaz ərazisində yaratdığı yeni reallıqla bağlıdır. Yeni reallıqlar bütövlükdə Cənubi Qafqaz ərazisinin sülh və əmin-amanlıq bölgəsinə çevrilməsi üçün unikal şərait yaradıb. Bu şəraitdən təkcə bölgə dövlətləri deyil, Avropadan Asiyayadək bütün dövlətlər və onların xalqları faydalana biləcəklər. Bu hər şeydən əvvəl Avropa ilə Asiya arasında bütün əlaqələrin maneəsiz, çevik və bütün tərəflər üçün faydalı şəkildə yenidən qurulmasına imkan yaradır. Yeni reallıqların işığında Cənubi Qafqazın və xüsusilə Azərbaycanın geo-strateji mövqeyi bu bölgədə sülhün və təhlükəsizliyin bərpa olunması ilə xarici tərəfdaşlar üçün öz dəyərini daha da artırmış oldu. Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində siyasi, iqtisadi-ticari və eləcə də humanitar əlaqələrin daha da intensivləşməsi ilk növbədə bölgə dövlətlərinin iqtisadi-sosial inkişafına güclü təkan verəcək. Əvvəllər münaqişə ucbatından bölgəni risk zonası hesab edən sərmayəçilər üçün yeni iqtisadi bazarların açılması qısa müddətdə özünün multiplikativ effektini göstərəcək və bunu ilk növbədə Cənubi Qafqazda yerləşən ölkələr xüsusilə hiss edəcəklər. Bu baxımdan Azərbaycanın yaratdığı yeni reallıq təkcə özümüzün yox, həm də bölgəmizlə əməkdaşlıq edən bütün xalqların rifahının yüksəlməsində əvəzsiz rol oynayacaq” .

Cavanşir Feyziyevin sözlərinə görə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpa olunması təkcə bizə yox, bütün Avrasiya ölkələrinə faydalı olacaq.

“Ayrılıqda Avropaya gəldikdə, unutmaq olmaz ki, Azərbaycan bu bölgədə Avropanın ən böyük iqtisadi tərəfdaşıdır. Avropa Azərbaycan vasitəsilə Avrasiyanın uzaq şərqinə qədər böyük bir məkanla iqtisadi-ticari əlaqələrini daha səmərəli şəkildə qurmaq imkanı əldə edir. Azərbaycan Avropanın enerji resurları ilə təmin olunmasında yeganə alternativ enerji mənbəyi rolunda çıxış edir. Asiya bölgəsində istehsal olunan enerjidaşıyıcılarının Avropaya nəql olunmasında Azərbaycanın potensial tranzit rolu əvəzolunmazdır və gələcəkdə bu kimi layihələrin həyata keçirilməsi təhlükəsizlik nöqteyi-nəzərindən Avropaya böyük üstünlüklər qazandıra bilər. Nəhayət, Azərbaycan Avropa siyasətinin geniş şəkildə yaymağa çalışdığı universal dəyərlərin daşıyıcısı kimi dünya multikulturalizminin mərkəzlərindən biri kimi tanınır və qəbul edilir. Ölkəmiz İslam dünyasının ən sekulyar və müasir cəmiyyətlərindən birini qurmağa nail olub. Bütün bu parametrlərinə görə Azərbaycan Avropa üçün, eləcə də dünya birliyinin bütün mütərəqqi dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Bizim Avropadan, Avropanın isə bizdən qəbul edə biləcəyi faydalar hər iki tərəf üçün dəyərlidir” .

 DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP