Amerika Birləşmiş ştatları tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar və ixrac məhdudiyyəti elan olundu. Yeni sanksiyalar tətbiqi ilə bağlı çıxışında Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden dedi: ” Bu gün mən Rusiyaya qarşı yeni daha ağır sanksiyalar və ixrac məhdudiyyətləri tətbiq etməyə icazə verdim. Bu Rusiya iqtisadiyyatına qısa və uzun müddətli ciddi təsir göstərəcək.Biz bu sanksiyaların üzərində xüsusilə səy göstərdik ki, onlar Rusiyaya uzun müddətli təsir imkanına malik olsun, ABŞ və onun müttəfiqlərinə ziyan vurmasın.”
Baydenin sözlərinə görə G7 üzrə müttəfiqləri ( Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Frans və Yaponiya) ilə birlikdə ABŞ Rusiyanın dollar,avro, funt və yenlə biznes əməliyyatları aparmasını məhdudlaşdırmaq və qlobal iqtisadiyyatın bir hissəsi olmasının qarşısını almaq haqqında razılıq əldə ediblər. Belə ki,bu sanksiyalar eyni zamanda Rusiyanın SWIFT- dən (Society for Worldwide Interbank Financial Telecommunications – banklaraarsı beynəlxalq əməliyyat sistemi) çıxarılmasına bərabərdir.
Baydenin proqnozuna görə yeddilər qrupu Rusiyanın yüksək texnologiyalar sahəsində imkanlarını məhdudlaşdırmağa nail olacaqlar. Tədbirlər nəticəsində bu sahədə rusların tələbatını müəyyən dövrdən sonra 50 faiz azalda biləcək: “Bizim hesablamalarımıza görə Rusiyaya yüksək texnologiya ixracını yarıdan çoxunun qarşısını ala biləcəyik. Bu onların Hərbi Qüvvələrinin modernləşdirilməsinin qarşısını alacaq. Bu aerokosmik sənaye və kosmik proqramına zərbə vuracaq. Sanksiyalar Putinin uzun vədəli strateji ambisiyalarına ciddi maneə olacaq”.
Bundan başqa Amerika Prezidenti Rusiyanın VTB də daxil olmaqla bir neçə böyük bankının aktivlərinin dondurulması barədə məlumat verib.Digər tərəfdən Böyük Britaniyanın Baş Naziri Boris Conson da Rusiyaya qarşı eyni sanksiyaların tətbiq edildiyi barədə bəyanat verib. Sanksiyaların tətbiq sahələrini nəzərdən keçirdikdə məlum olur ki, həm Amerika Birləşmiş Ştatları , həm də Cozef Baydenin müraciət etdiyi G7 ölkələri Rusiyanın bu gün Ukraynaya qarşı apardığı müharibənin qarşısını almaq üçün yetərli addımlar ata bilmir. Onlar uzun müddətə Rusiyanı zəiflətmək və beynəlxalq aləmdən təcrid edərək zəiflətməyi məqsəd kimi görürlər. Amma Ukraynada tökülən qanlar və bu Avropa ölkəsinin işğal nəticəsində Rusiyadan daha tez dağılacaı onları ciddi narahat etmir. Amerikada bu gün müharibənin qarşısını almaq, Rusiyanın hücumlarını saxlamaq haqqında düşünsə idilər Ukrayna, Avropa və bütün dünya üçün daha faydalı iş görmüş olardılar.
Bayden Rusiyanı SWIFT- dən (Society for Worldwide Interbank Financial Telecommunications – banklaraarsı beynəlxalq əməliyyat sistemi) çıxarmaq haqqında qərar qəbul etmədiklərini baxmayaraq bu məsələnin hər zaman seçənək olduğunu bəyan edir. Amma Zelenskinin onunla telefon danışığı zamanı etdiyi iki xahişdən biri Rusiyanın bu sistemdən çıxarılması olmuşdur. Digər xahiş isə Ukrayna səmasını uçuşa bağlamaq idi. Təbii ki, Ukrayna məkanının uçuşa bağlamaq üçün BMT-nin qərarı lazımdır və Rusiyanın veto hüququnu nəzərə alsaq bu mümkün kimi görünmür. Amma SWIFT-in Rusiya üçün bağlanması onun müdaxiləsinin qarşısını almaq üçün əhəmiyyətli rol oynayardı. Amerika bu addımı atmaqda tərəddüd edir . Çünki Rusiyanın SWIFT-dən çıxarılması Amerika və G7 ölkələrinin aktivlərini Rusiya banklarında ilişib qalmasına səbəb olardı. Deməli, Qərb yenə də Ukraynanı deyil, öz maraqlarını daha önə çəkir.
Cozef Bayden və Boris Conson yeni sanksiyaların Rusiyanın iqtisadiyyatına ciddi zərbə vuracağını bəyan edərkən Çin faktorunu sanki yaddan çıxarırlar. Onlar yəqin ki, Çinin Rusiyaya tətbiq olunan sanksiyaların təsir qüvvəsinin nə qədər azalda biləcəyindən xəbərdar olmamış deyillər. Bütün bunları analiz etdikdən sonra sadəcə bir nəticəyə gəlmək mümkündür. Ukrayna xalqından başqa heç bir fövqəlqüvvə bu ölkəni Rusiyanın caynağından qurtarmaq iqtidarında deyil.
Əlimusa İbrahimov
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






