“Səmimiyyət həyatda da, yaradıcılıqda da ən önəmlilərdəndir”

Xanım İsmayılqızı: “Bəstəkarlar, musiqi yazarlar, nəğmə qoşanlar özlərini əziyyətə salmaq istəmirlər. Dinləyicilər, zövqlər əziyyətə düşür”

  • Müsahibimiz Xanım İsmayılqızıdır. Azərbaycanın tanınmış şairəsi  və  gözəl  ziyalısı..
  • Qısa məlumat… 1956-cı il aprel ayının 10-da Bakı şəhərində anadan olub. O, gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub, ilk şeri “Yol” qəzetində dərc olunub. Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınayıb. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlayıb, dövrü mətbuatda məqalə, oçerk və esseləri dərc olunub. Fəaliyyəti dövründə həm şair, həm bəstəkar kimi bir çox müsabiqələrin diplomantı, laureatı və qalibi olub.

– Xanım  xanım, bizə söz vasitəsilə həyatda qazandığınız uğurlarınızdan danışın.

– Yazmağa başladığım andan bu günə qədər, istər poeziya, istərsə də musiqi dilində özümü ifadə edə bilməyim, demək istədiyimin şəklini hissimlə, düşüncəmlə, ruhumla çəkib ilk növbədə özümə, sonra oxucularıma və dinləyicilərimə göstərə bilməyim, fikrimi özümdən ötürə bilməyim uğurumun ilki, əsası, daimisi, məni müşayiət edəni, məndən ayrılmazıdır. Təbii ki, hər yazdığımın uğurlu doğuluşu olmur. Doğulan kimi məhv etdiyim və ya ölü doğulanı da olur.

35 ildən çoxdur ki, sözlə, musiqi ilə qohumam. Onlar məndə, mən də onlardayam. Əl-ələ, ürək-ürəyə yol gedirik və bu yolda bizi sevənlərin, bizə baxanların, bizi ürəyinə köçürənlərin sayəsində yaşamışıq, yaşanmışıq. Hansısa şeirimin və ya nəğməmin həyata vəsiqə alması, təsdiqini tapması, yaddaşlara yazılması, dillərə düşməsi və sevilməsi ən böyük mənəvi uğurlarımdır. Mən onların sayəsində sevilmişəm, seçilmişəm. Buna görə Allahıma, onun yazısına və yazdırdıqlarına minnətdaram.

Tək-tək hər uğurumla bağlı danışsam vaxt aparar. Məni sevdirən şeirlərim, nəğmələrim, məni sevənlərim ömrümün uğurlarıdır.

– Şeirin oxunaqlı, ürəyəyatan olması üçün onu qələmə alarkən nələrə diqqət etmək lazımdır?

– Poeziyanın, onun texnikasının nə demək olduğunu bilən, mütaliəsi, savadı,  dünyagörüşü, istedadı olan söz adamı özünə və sözünə diqqət edər. Şeir fəhmin nəticəsi olduğundan, çərçivələrə sığmayan ruhun övladıdır. Şeiri yazan kəs özüylə özü arasında səmimidirsə, yazdığı da ürəyə yatacaq. Əsas səmimiyyətdir. Adi və ya qeyri-adi bir fikri, hamının başına gələni və ya gəlməyəni, düşündürəni və ya düşündüyünü şair elə ifadə edə bilər ki, oxucunun ürəyindən tikan da çıxarar və ya əksinə, ürəyinə ox da sancar. Poetik fikir toxunduğu nöqtələrə, dəydiyi dərinliyə, uçduğu sonsuzluğa oxucusunu da apara bilirsə, şairin dünyasına qədəm qoyulur. Səmimiyyət həyatda da, yaradıcılıqda da ən önəmlilərdəndir. İnanmaq və inandırmaq. Əlbəttə onun texnikası, bölgüsü, ritmi, axıcılığı, mövzusu, dərinliyi də peşəkarlığa və səmimiyyətə qoşula bilsə ürəyəyatımlı, beyində, ürəkdə, ruhda qapılar açan və sevilən poeziya nümunəsi olacaq.

– Sizcə, əsərləriniz oxucularınızın mənəvi aləminə sirayət edə bilirmi?

– Deyəsən edir. Onlar belə deyir. Əgər sənin şeirlərini  kiməsə hədiyyə edirlərsə, yadda saxlayırlarsa, o şeirin halına düşürlərsə, öz həyatlarının məktubu kimi qəbul edirlərsə və ya nəğmələrini ürəkdən dilə köçürərək nəsildən nəsilə ötürürlərsə, demək yaşamaq ixtiyarı verirlər, demək içlərindən keçirirlər. Demək, bir aləm yaranır ki, sən o mənəvi aləmin içinə düşə bilirsən. Mənim şeirlərim və nəğmələrim hisslərimin, duyğularımın, düşüncələrimin, fikirlərimin, yaşantılarımın xəbərçiləridir. Nə xoş mənə ki, xəbərçilərim sağlamdır deyəsən. Sağalda bilir, ovuda bilir, hətta ağlada da bilir.

– Sizcə, ədəbiyyatımızda Qarabağ problemini dünyaya çatdıracaq kifayət qədər bədii əsərlər varmı?

– Nəriman Nərimanovun “Bahadur və Sona”, Cəfər Cabbarlının ” 1905-ci ildə”, Cəlil Məmmədquluzadənin ” Kamança” əsərləri, “Fəryad”, “Haray”, “Dolu” filmləri bu mövzuya həsr edilmiş mükəmməl nümunələrdir və son illərdə yazılanlar və çəkilənlər də var. Kifayət qədər deyil. Amma var. Hələ yazılacaq da. Əsas məsələ yazılanların, çəkilənlərin daha geniş təbliğ olunmasıdır.

– 44 günlük Vətən müharibəsindən bizi qısa zaman kəsiyi ayırır. Gələcəkdə bu mövzuda möhtəşəm əsərlərin ərsəyə gətirilməsi gözlənilənmidir?

– 44 günlük müharibə və möhtəşəm qələbə uşaqdan böyüyə kimi hamının yaddaşında elə izlər buraxıb ki, nə qədər ifadə etsək də, yazılar, hekayələr, romanlar, nəğmələr yazılsa da, rəsm əsərləri çəkilsə də, tamaşalar qoyulsa da, sənədli və bədii filmlər çəkilsə də hələ yazılacaqlar yoldadı yəqin ki. Mütləq yazılacaq. Vaxt fikirləri daha da itiləyir. Bu elə bir mövzudur ki, bizdən sonra gələn yaradıcı nəsil də bizə qürur hissi yaşadan bu tarixi hadisəyə dönə-dönə müraciət edəcək, əsərlərində bu mövzuya toxunacaq.

– Müasir Azərbaycan ədəbiyyatının poeziya sahəsində gənc yazarları necə qiymətləndirirsiniz?

– Çox istedadlı gənclərimiz var. Varsa demək poeziyamız diridir. Çox sevindirici haldır ki, gənc yazarlarımız dövri mətbuatda çap olunur, özünü, şeirini təqdim etmək üçün geniş imkanlar var. Sosial şəbəkələr, saytlar qəzetlər, jurnallar, televiziyalar, radiolar təbliğat üçün münbit məkanlardır. Kitab nəşri və yayımı dünya standartlarına uyğunlaşsa çox yaxşı olar.

– Sizin şeirlərinizə müxtəlif mahnılar bəstələnir. Bugünki əksər mahnıların sözləri isə bərbad vəziyyətdədir. Bunun səbəbi nədir sizcə?

– Bunun səbəbi mahnı mətninə poeziya nümunəsi kimi yanaşmamaq. Hətta bizim bir çox professional şairlərimiz də buna qeyri-ciddi yanaşırlar. Mahnı janrı poeziyanın bir başqa qoludur və ciddi qoludur. 5 dəqiqəlik bir nəğmədə bir hekayə nəql edilir. İndiki mahnıların bir çoxunda sadəcə söz yığını olur. Məna yox, nə demək istədiyi naməlum. Bəstəkarlar, musiqi yazarlar, nəğmə qoşanlar özlərini əziyyətə salmaq istəmirlər. Dinləyicilər, zövqlər əziyyətə düşür. Səbəb budur. Bu mahnıları oxuyan müğənnilər də səbəbkardı hardasa. Zövqü, savadı, dünyagörüşü, intellekti olan və özünə hörmət edən bir müğənni belə bərbad sözləri olan mahnını ifa etməz və bəstəkarı məcbur edər ki, söz qoşanla deyil, şairlə işləsin. Beləliklə də bu problem çözülər. Təəssüf ki, zövqlülər azlıq təşkil edir.

– “Yaşamaq nə çətinmiş qəfəslərin içində,

Qarabağ nəfəs alır nəfəslərin içində,

BİZ QALİBİK – hayqıran gur səslərin içində,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!”

Bu “Yaşasın Azərbaycan” şeirinizdə ən sevdiyim parçalardan biri oldu. Gələcəkdə bu və ya digər qələbə ruhunda yazılmış şeirlərinizi mahnıya çevirmək kimi planınız varmı? Və ya bunun üçün sizə müraciət edənlər olubmu?

– Sözləri və musiqisi mənə aid olan, Faiq Ağayevin ifasında səslənən “Sən qalibsən” mahnımdandır bu sözlər. Əvvəl şeiri yazmışdım, şeir də öz musiqisini gətirdi və bu qələbə ruhlu vətənpərvər mahnım yarandı.  44 günlük müharibə dövründə neçə-neçə şeirlərim yarandı, nəğmələrim yazıldı. Şəhidlərimizə, Azərbaycan Türkiyə dostluğuna, qardaşlığına, dünyasını qəyişən qəhrəmanlarımıza, bizə bu qələbəni yaşadan əsgərlərimizə, igid oğullarımıza və Ali Baş Komandanımıza həsr etdiyim şeirlər, nəğmələr yarandı. Əlbəttə bir neçəsi də yazılıb, tezliklə işıq üzü görəcək.

– 2021-ci il sizin üçün nə ilə yadda qaldı və 2022-ci ildə yaradıcılığınızda nələr olacaq?

– 2021-ci ildə 65 yaşım tamam oldu. Mənim üçün yubiley ili oldu. “Adı olmayan fəsil” adlı iri həcmli, nəfis tərtibatlı kitabım nəşr olundu. Bu kitaba şeirlərim, nəğmələrim, müsahibələrim və yaradıcılığım haqda məqalələr daxil olundu. Onlarla vətənpərvər şeirlərim, bir neçə nəğmələrim yazıldı. 2022-ci ilə də fərqli bir kitab çap etdirmək fikrim var. Şeirlərimdən və musiqilərimdən ibarət albomlar hazırlamağı düşünürəm. Planlar var, 2022 üzə gülsə, mənə qucaq açsa yeni işlər olacaq.

– Əgər, Xanım İsmayılqızı kimi bir şairə, bəstəkar yenidən dünyaya gəlsə, ona nə məsləhət görərsiniz?

– “Məsləhətli don gen olar” deyilsə də, məsləhət vermək işin ən asan tərəfidir…

Röyalə Xəyal

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP