20 Yanvar – müstəqilliyə aparan yolun qan və gün yaddaşı

20 Yanvar faciəsindən 32 il keçir. Bu 32 ildə çox şey, bəlkə də hər şey dəyişib. Dəyişməyən isə bircə şey olub: həmin qanlı hadisəyə münasibət və onun bizim tarixi taleyimizdə daşıdığı missiya. İndi, bu günlərdən həmin çağlara baxanda çox şey bizə vahiməli görünür. Əslində, bu təəssüratı doğuran zamanın özünün obrazıdır. Bir-birini əvəzləyən kataklik proseslər – 20 Yanvar faciəsi, ondan bir il sonra jurnalist Salatın Əsgərovanın qətli, 20 noyabrda müəmmalı helikopter qəzası, daha bir il sonra törədilən Xocalı soyqırımı, bir-birini əvəzləyən torpaq itkiləri və s. və i.

Bu faciələrin içində 20 Yanvar ona görə həm də milli özünüdərkin faktı kimi yad edilir ki, bu tarixin özündə yaddaşı oyatmağa yönəlik olan missiya dayanır. İndi, üstündən 32 illik bir zaman fasiləsi ötəndən sonra o günlərə qayıdış edən düşüncəmizin qanadında 20 Yanvar gününü daha çox necə simvolizə etmək lazım gələndə düşünürük: bu bir faciə idi, yoxsa özgürlüyümüzün, sarsılmazlığımızın dünyaya sərgiləndiyi gün? Çünki hər bir xalqın tarixi taleyində elə günlər var ki, tökülən günlərə, yaşatdığı acılara rəğmən onun hürriyyət əzmini, mənəvi potensialını ehtiva etdiyindən müqəddəs mehrab kimi yalnız səcdəsinə tapınılır.

Ölmədik, ölmədik, ey uca Allah,

Bu qanlı-qadalı günü də gördük,

Biz də sözümüzü ucadan dedik,

Biz də bu zamandan bir gün götürdük (Arif Abdullazadə)

Bu, bizim üçün Tanrının ayırdığı bir gecəlik sınaq məqamı idi. Yanvarın 19-dan 20-nə keçən gecə – həmin gün vətən oğulları sanki öz xoşuna “gəl təcrübə eylə mən zəifi” nidası ilə “qəmin hərifi” olmağa gəlmişdilər.

Bu fikirlər YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimovanın 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar  təqdim etdiyi “20 Yanvar – müstəqilliyə aparan yolun qan və gün yaddaşı” sərlövhəli yazısında yer alıb. Həmin yazını oxucularla bölüşürük.

Bu 32 ildə hadisəyə hər cür – siyasi, hüquqi, mənəvi və s. baxış bucaqlarından münasibət sərgilənib. Bəs məlum faciə bizim düşüncəmizə qatdığı hansı çalarlarla xarakterizə olunur? Cavab birmənalıdır: ilk növbədə, şəhid obrazı və bu adın ehtiva etdiyi ağrı və qürur simvolikası: şəhid oğullar, şəhid anası, şəhidlər məzarlığı, şəhid şəhər, şəhid şair və s. və i. Bu yerdə bir məqama toxunmaq yerinə düşər. Sanki sovet dövründə təbliğ olunan bayağı vətənpərvərlik ideyalarının vurduğu əxlaqi-mənəvi zərbənin şüuraltı kompensasiyasının ifadəsi olaraq vətənpərvərlik mövzularından, ümumən ictimai-siyasi tematikadan imtina edən lokal düşüncə 1990-cı illərdən başlayaraq yenidən bu ali mövzuya qayıtmağı vacib bildi. Vətən və vətənpərvərlik anlayışları önə keçdi, vətəndaş cəmiyyətinin göstəricisi hesab olunmağa başladı.

20 Yanvar hadisələrinin tarixi rolunu şərh edən Yaşar Qarayev yazırdı: “Zaman ən kəskin qütblərə onda parçalanır, ən təzadlı eralar bir-birini o vaxt əvəz edir ki, üst-üstə qalanan günlər və qanlar onları bir-birindən eyni vaxtda ayırır. 20 Yanvarda gün və qan bizi keçmişdən və səhvlərdən eyni vaxtda ayırdı”.

Həqiqətən də, bu faciə yaşatdığı acı qədər, həm də bir xalqın tanıtım günü idi. Sınmayan qürurunun, sarsılmayan vüqarının ən yayğın atəş, odlu silah qarşısında belə qaya kimi duruşu idi. Ona görə 20 Yanvara biz təkcə qara gün kimi boylanmamalıyıq, həmin gün Azadlığa, Müstəqilliyə doğru gedən yolun təməlini qoydu. Ən başlıcası isə xalqın özünü dərk etməsinə, öz düşmənini tanımasına stimul oldu.

Maraqlıdır ki, hətta hadisəyə kənar gözlə baxışın sərgiləndiyi məqamlarda belə bu amilin roluna xüsusi önəm verilir. Məsələn, Amerika yazıçı-jurnalisti Tomas De Vallın 2008-ci ildə yazdığı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında müəllif həmin hadisələrə bu cür münasibət izhar edir: “SSRİ tarixində ilk dəfə idi ki, sovet silahlı qüvvələri sovet şəhərinə – Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-cı il yanvarın 20-də Azərbaycanı itirdi”. Bəli, mahiyyətə vardıqda bizim dövlət, xalq kimi müstəqilliyimizin tarixi onun rəsmi olaraq təsdiqləndiyi 1991-ci ilin 18 oktyabrından daha öncə 1990-cı ilin 20 yanvarında qoyulub.

Ümummilli lider Heydər Əliyev hadisənin baş verdiyi ilk günlərdə mənsub olduğu və ömrünün böyük bir hissəsini vicdanla xidmət etdiyi Kommunist partiyasına ilk kəskin etirazını bildirdi. O zaman Moskvada təcrid şəraitində yaşayan, xalqından uzaq salınmış Heydər Əliyev dərin kədər içində, fəqət böyük cəsarətlə, onu gözləyə biləcək təhlükələrə etina etməyərək 21 yanvar tarixində Moskvada Azərbaycan nümayəndəliyinə gəldi və hadisəni törədənləri ittiham edən nitq söylədi. Bu çıxış Azərbaycan xalqının haqq səsini bütün dünyaya bəyan etməklə bərabər ağır gündə insanların təsəllisinə çevrildi. Heydər Əliyev 19 iyul 1991-ci il tarixli, Moskvaya, İttifaq Nazirlər Soveti partiya təşkilatına göndərdiyi ərizədə isə ölkəni uçuruma yuvarlatmış ali hakimiyyəti konkret müddəalarla – 1990-cı ilin 20 Yanvar hadisələrinə görə, erməni millətçiliyinə havadarlığına görə, saxta demokratiya oyunları və şəxsiyyətinə qarşı təqiblərə görə geniş ittihamlarla suçlayaraq, Kommunist partiyası sıralarından çıxdığını bəyan etdi.

Fikrət Qocanın 20 Yanvar şəhidlərindən, İlham və Fərizənin nakam sevgisindən söz açan “Qarlı, qanlı qərənfillər” povestində Heydər Əliyevin həmin illərdə sərgilədiyi cəsarətli mövqe ilə bağlı məlum tarixi epizod yer alır: “Azəri türkləri, türkdillilər Azərbaycan nümayəndiliyinə gəlmişdilər. Heydər Əliyev xəstə olmasına baxmayaraq, həyatını təhlükə qarşısında qoyub oğlunun, qızının müşayiəti ilə nümayəndəliyə gəlib. Orada jurnalistlər qarşısında çıxış edib. Kommunist Partiyası rəhbərliyini ittiham edib. Heydər Əliyev yaxşı bilirdi kommunist partiyası nələr edə bilər, nəyə qadirdi. Ona görə də o öz çıxışının onun özü üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirdi. Bu çıxış partlayışlar görmüş Bakıda möhtəşəm partlayış təsiri bağışlamışdı. Gündüz bir qrup Azərbaycan ziyalıları akademiyanın binasında yığışıb, vəziyyəti müzakirə etmiş, dünya birliklərinə müraciət qəbul etmişdilər. Bu müraciət dünya dillərinə tərcümə edilib ölkələrə yayılmışdı. Elə gecə ikən qəzetlər çıxmışdı, bu qəzetlərdə törədilmiş cinayəti ifşa edən fotolar çap edilmişdi, çəkilişlər aparılıb, kasetlər xaricə ötürülmüşdü. Bunlar Sovet dövləti daxilində ağlasığmaz işlər idi. Məcbur olub günün yarısından sonra hərbin maşınının təkərləri geri fırlanırdı. Küçələrdə hərbi texnika, əsgər seyrəlirdi. Hiss olunurdu ki, qoşun geri çəkilir, çıxdığı yerə”…

Sonralar ümummilli lider Heydər Əliyev öz çıxışlarında ürək ağrısı və yanğı ilə 20 Yanvar faciəsinə münasibətini belə izhar etmişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Bu mövqe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də hakimiyyətdə olduğu bütün dövrlər ərzində qorunmuş, 20 Yanvar şəhidlərinin xatirəsinin əziz tutulması üçün yüksək diqqət və həssaslıq öz davamını tapmışdır.

20 Yanvar faciəsindən uzaqlaşdıqca onun ağrılarına mənəvi cəhətdən daha həssas, daha yaxın olmağa başlayırıq. Baş verənlərə analitik münasibətin dramatizmi artdıqca müharibənin bəlalarını daha real şəkildə qavrayırıq. Bir incə məqamı da qeyd etmək yerinə düşər. 20 Yanvar hadisələrindən sonra qeyd etdiyimiz kimi ard-arda sıralanan faciələrimizin miqyası o qədər böyük və çeşidli oldu ki, 20 Yanvar mövzusu daha qlobal, vüsətli səciyyə alaraq müharibə mövzusu ilə əvəzləndi, ümumən Qarabağ probleminin içində əriməyə başladı. Amma bütün hallarda milli qürur və şərəf tarixi kimi Zəfərə aparan yolun müqəddəratına çevrilmək statusu qazandı.

20 Yanvar hadisəsi vətən üçün ölməyin, can nisar etməyin nümunəsini göstərdi. Bu qanlı gündə şəhid olan gənc Ülvi Bünyadzadənin bir şeiri var. Bu şeirdə yalnız 20 Yanvar günü sinəsini güllələrə sipər edən mərd oğullarımızın deyil, həm Birinci Qarabağ savaşında həlak olan, həm də 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimizlə tarix yazan qəhrəman əsgərlərimizin hər zaman diri qalan ruhları görünür. Bizi sabahlı gələcəyə və əbədi zəfərə inandırır.

Qarabağdı mənim dinim-imanım,

O torpağın

nişanəsi,

iziyəm.

Məni belə

aciz görmə qəbirdə,

Qəbirdə də

Qarabağın özüyəm!

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP