Depresiyya, stress, problemlər.. və “könüllü” ölüm..

“İntihar etmək istəyən insan əslində yaşamağı ən çox istəyəndir, lakin həyat şərtlərindən məmnun deyildir”

Son zamanlar insanlar problemlərin həllinə çarə kimi intiharı çıxış yolu seçərək, həyatlarına son qoyurlar. Bu problem zaman keçdikcə daha da geniş vüsət alır. Hətta qeyd etmək olar ki, son iki ildə intihar edənlərin sayı rekord həddə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən,  hər il dünyada 800 minə yaxın insan  intihar edir. Əsasən intihar hallarının 78 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir. Sual yarana bilər, Azərbaycanda vəziyyət necədir?

Statistikaya nəzər saldıqda, görərik ki, Azərbaycan intihar hallarının sayına görə dünyada 88-ci yerdədir. Son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistikaya əsasən, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib.

Belə ki, özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub: “Özünü öldürməyə cəhd edən şəxslərin sayına gəlincə, bu 2019-cu ildə 863 nəfər olub. Keçən il isə 967 nəfər intihara cəhd edib”.  Xüsusilə də, kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir. Təbii ki, intiharın qarşısını almaq mümkündür. Amma necə? Son zamanlar intahar  halların kəskin artmasına səbəb nədir? Ümumiyyətlə intihar nədir? Nəyə görə  problemlərin həlli kimi intihara əl atırlar?  İntiharın yaşı nəyə görə gəncləşib? İntihar çıxış yoludurmu?  Valideyinlər bunun qarşısını necə ala bilər?

Suallarımıza cavab tapmaq üçün  Psixologiya üzrə fəlsəfə doktoru  Təranə Paşayeva ilə həmsöhbət olduq.

“İntihar mövzusu son zamanlar  demək olar ki, hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan biridir. Mətbuatda, saytlarda gedən mövzu ilə bağlı yazılarda, çıxışlarda intihar hallarını daha çox sosial səbəblərlə, maddi sıxıntılarla əlaqələndirən fikirlərə rast gəlirik. Təbii ki, bu və  digər səbəblər, hətta səbəbsizlik intihara apara bilər. Amma maddi çətinliklər, sıxıntılar, laqeydlik üzündən hər kəsmi canına qəsd edir? Öncə bir qədər intihar nədir sualı üzərində dayanaq.

Tədqiqatlar göstərir ki, özünəqəsd biri digəri ilə əlaqədə olan sosial mühit və fərdi psixoloji problemlərin təsiri ilə əlaqəlidir. Bəzi tədqiqatlar isə psixi cəhətdən sağlam olmayan şəxslərin daha çox intihar yolunu seçdiyini göstərir.

Hazırda intihar, çox mürəkkəb qlobal bir fenomendir və bu bütün dünyanı narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 800 000 insan intihar səbəbindən həyatını itirir, hər 40 saniyədən bir kimsə həyatına qəsd edir və onların arasında kişilər üstünlük təşkil edir.

İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir. Səbəblərə psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar. Sözsüz ki, insanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial – psixoloji problemlər demək olar ki, eynidir.

İntihar edən şəxs bunu törətməmişdən öncə mütləq bu barədə danışır, sanki mesaj verir, onu bu fikirdən daşındırmaq üçün səbəb axtarır. Diqqət etmisinizsə, intihar hadisələrindən sonra yaxınları bununla bağlı mütləq bir neçə fakt söyləyə bilir. Buradan belə nəticəyə gəlmək olar ki,  əslində, intihar etmək istəyən şəxs eyni dərəcədə həm yaşamaq, həm də ölmək istəyir, sadəcə olduğu vəziyyətdən çıxış yolunu tapa bilmir. Bu səbəbdən də, çox zaman, intiharlar aşkar şəkildə, hamının görə biləcəyi  yerlərdə törədilir.

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayının az olmasına baxmayaraq, belə halların mövcudluğu və son illərdə artım tendensiyası onunla fəal və kollektiv mübarizə aparılmasını diktə edir. Bunun üçün profilaktik tədbirlər kompleks və əlaqəli şəkildə aparılmalıdır.

Bunuda əlavə etməliyik ki, son zamanlar bütün dünyada yeniyetmə və gənclər arasında intihar hallarının artması bu məsələyə diqqətin daha da artırılmasını labüd edir. Ölkənin gələcəyi olacaq bir kateqoriyanın intihara meyilli olması əslində xəbərdarlıq siqnalıdır və bu mövzuya həssaslıqla yanaşmaq vacibdir.

Bəs bu gün gənclər arasında intihar hallarının artması nə ilə əlaqəlidir? İstər yeniyetmə və gənclər, istərsə də digər yaş qruplarında olan şəxslərin intiharetmə səbəbləri bir-birindən fərqlənir. Müşahidələr göstərir ki, ən çox qarşılaşılan hallar sırasında iqtisadi, sosial, fiziki, psixoloji məqamlar üstünlük təşkil etməkdədir. Biz bu məqamların hər birindən məlumat verə bilərik, amma psixoloq kimi sonuncu məqama toxunmaq istərdim.

Müşahidələrə əsasən intiharın əsas səbəbinin depressiya olduğunu qeyd edə bilərik. Amma depressiyadan əlavə ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə, bipolyar affektiv pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu, şizofreniya kimi hallar da  intihara meyillilik yaradır.

Xüsusilə uşaq, yeniyetmə və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı fəaliyyətə, aktivliyə marağı söndürür. Belə hallar da sonda intihara yol aça bilir.

Bundan savayı yeniyetmə və gənclər arasında intihar halları zamanı valideyn-övlad münasibətlərinin də belə ağır fəsadlara gətirib çıxardığının şahidi oluruq.

Yeniyetməlik və gənclik dönəmi insan həyatının ən həssas mərhələsi sayıla bilər. Bu dövr mürəkkəbliyi ilə fərqlənir. Şəxsiyyətin formalaşdığı bir vaxtda yeniyetməyə fərqli yanaşma tələb olunur. Bu yaşlarda intiharlar daha çox ailənin yeniyetməni anlamaması, onu diqqətə almaması, bəzi hallarda aşağılaması səbəbindən baş verir. Burada tibbi-bioloji məqamlar da var təbii ki. Valideyn övladından bir çox halda onun gücündə olmayanları gözləyir, bəzən də həmin yaşda özünün arzuladığı, amma əldə edə bilmədiklərini övladı vasitəsilə reallaşdırmaq istəyir. Qarşılığını görmədikdə isə tərəflər arasında anlaşılmazlıqlar, narazılıqlar, münasibətin korlanması, hətta şiddət müşahidə olunur. Bəzən nəticə isə heçkəsin istəmədiyi bir sonluqla yekunlaşır – intihar.

Bu səbəbdən də valideynlər son dərəcə diqqətli olmalı və sevdikləri ilə həssaslıq, təmkinlə davranmalıdırlar. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək, yaxud belə maraqların yaranması üçün lazım olan  şərait və vasitələrdən istifadə etmək çox vacibdir. İstər yeniyetmə və gənclər, istərsə də digər intihara meyilli şəxslərlə mütəmadi vaxt keçirmək, onları dinləmək, yanında olduqlarını hiss etdirmək və digər amillər həmin şəxslərdə zaman keçdikcə öz müsbət nəticələrini göstərir.

İnsan həyatı hər şeyin fövqündədir. Gəlin bunun fərqinə varaq. Ətrafımıza, çevrəmizə, doğmalarımıza qarşı duyarlı olaq. Əzizlərimiz üçün sonradan soyuq və cansız məzar başında göz yaşı tökməkdənsə, sağ ikən onların bizə uzanan əlini tutaq, onlara anladaq ki, hər bir kəsin ən dəyərli sərvəti yaradanın nəsib etdiyi, yalnız bir dəfə verilən, həm də yaşamaq üçün verilən ömürdür!”

     Mehriban  Xəlilli

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP