Qoca Şərqin nur mənbəyi – Nizami Gəncəvi
Böyük Azərbaycan şairinin ədəbi irsi ilə tanış olarkən burada Şərqə məxsus ədəbi-mədəni dəyərlərin təsviri və tərənnümü ilə yanaşı, Qərb mədəniyyətinin də nümunələri ilə qarşılaşmaq mümkündür. Bu Nizami Gəncəvinin mənsub olduğu sivilizasiya dəyərlərindən daha geniş, universal dəyərlərin daşıyıcısı, tərənnümçüsü və təbliğatçısı olan dünya miqyaslı bir mütəfəkkir olduğunun göstəricisidir. Ədəbiyyatda yüksək insan ideallarının öz əksini tapması Nizaminin ən böyük yaradıcılıq xidməti sayıla bilər. Onun bütün əsərləri ədəbiyyatla real həyatı əlaqəli şəkildə oxucuya təqdim etmək ruhundadır. Nizami sənətinin böyüklüyü insan psixologiyasının mürəkkəbliyini açıb göstərə bilməsi bacarığındadır. O, bu yanaşması ilə ədəbiyyatın bəşər mədəniyyətinin inkişafındakı böyük əhəmiyyətini üzə çıxarır.
Bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Qoca Şərqin nur mənbəyi – Nizami Gəncəvi” adlı məqaləsində yer alıb.
Müəllif yazıda qeyd edir: “Nizami yaradıcılığı, ilk növbədə, davamlı olaraq müxtəlif ictimai problemlərin qoyuluşu ilə diqqəti cəlb edir. O, əsərlərində ictimai problemlərə toxunmaqla yanaşı, həm də onların həlli yollarını göstərir. Nizami yazır ki, cəmiyyəti idarə edən şəxslər adil hökmdarlar olmalı, insanların qayğısına qalmalı, onları incitməməli, yaxşı yaşamalarına şərait yaratmalıdırlar. Nizami yaradıcılığında zülm və zorakılığa, haqsızlığa, ədalətsizliyə qarşı ciddi etirazlar var. O, insanın xoşbəxt yaşamasına mane olan bütün qayda-qanunları özünəməxsus üslubda və formada tənqid edir, etiraz səsini ucaldır. Onun yaradıcılığının istiqamətləndiyi humanizm bütün Nizami yaradıcılığının əsas və aparıcı ideyasıdır. Humanizm anlayışı isə elə bu gün də müasir dünyanın universal dəyərə çevirmək üçün çalışdığı bəşəri bir ideyadır. Məhz buna görə humanist fikirlərlə zəngin olan Nizami yaradıcılığı 8 əsr öncəki ictimai şüurun kanonlarına görə olduqca işıqlı və dəyərlidir. N.Gəncəvinin yaratdığı beş poemadan ibarət “Xəmsə”si (“Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) dünya ədəbiyyatının zənginləşməsinə mühüm təsir göstərmişdir. Nizami yaradıcılığında fəlsəfi yüklü, humanist yönümlü və nəsihət xarakterli olması ilə seçilən problemlərin qoyuluşuna ilk olaraq “Sirlər xəzinəsi”ndə rast gəlirik. O, bu əsərini 1174-cü ildə yazıb. Hekayə və rəvayətlərdən faydalanaraq Nizami böyük peşəkarlıqla cəmiyyət üçün vacib olan problemləri öz əsərlərinin süjetinə gətirir. Bundan ötrü o, müxtəlif qaynaqlara əsaslanır, folklor nümunələrindən ciddi bəhrələnir. Giriş hissədən, 20 məqalə və hekayətdən ibarət olan “Sirlər xəzinəsi” o zamanlar Yaxın və Orta Şərq ədəbiyyatında yaranan ən maraqlı əsər idi. Dahi Nizami bununla həm də yeni bir ədəbi məktəbin əsasını qoymuşdu”.
Yazıda qeyd edilir ki, 1180-ci ildə Nizami “Xosrov və Şirin” poemasını yazaraq, yaradıcılığında ilk olaraq romantik cığırın izini açdı: “Əsərin mövzusu İran Sasani hökmdarlar sülaləsinin tarixindən götürülüb. Nizami bu əsərini məhəbbətin tərənnümünə həsr etmiş, onun insanı mənəvi cəhətdən zənginləşdirməsini, kamilləşdirməsini və uca mərtəbələrə qaldıra bilmək gücünü təqdim etmişdir. Poemada məhəbbətin gücü ilə insan xarakterinin bütövlükdə dəyişə bilməsinin mümkünlüyü əsaslandırılmışdır. Nizaminin say etibarilə “Xəmsə”yə daxil olan üçüncü poeması “Leyli və Məcnun”dur. O, bu əsərini 1188-ci ildə yazıb. Əsər Şirvanşah Axsitanın sifarişi ilə yazılıb və Nizami bu əsəri ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olub. Yaxın və Orta Şərq mühitində bu mövzu geniş yayılsa da, bu haqda ilk ədəbi əsəri məhz Nizami Gəncəvi yazmışdır. Məlum olduğu kimi, Nizamidən sonra da bu mövzuda çoxsaylı əsərlər yazıldı. Digər böyük Azərbaycan şairi Füzuli də özünün “Leyli və Məcnun” adlı əsərini məhz Nizamidən ilhamlanaraq yazmışdı. Nizami “Leyli və Məcnun” əsərində insanın azadlıq duyğularını, azad sevib-sevilmək hisslərini təsirli ifadə vasitələrilə təqdim etməyi bacarmışdır. Əsərin sonluğu faciə ilə yekunlaşsa da, şair o zamankı ictimai mühiti və o mühitin daşlaşmış qaydalarını bu faciənin əsas səbəbləri kimi təqdim edirdi. Nizami Gəncəvi 1197-ci ildə “Yeddi gözəl” və 1203-cü ildə isə “İskəndərnamə” poemalarını yazdı. Bu əsərlər onun ciddi axtarışlarının nəticəsi idi. Tarixi mövzuda yazılmış bu əsərlərində Nizami, əslində, özünün humanist fikirlərinin təbliği üçün real həyat hekayələrinə müraciət etmişdi. O, İskəndər obrazı ilə ədalətli hökmdarın üzərinə düşən vəzifələri və ədalətin özünün meyarlarını açıqlamışdı”.
Nizami Gəncəvi poeziyasının əsasən sevgi motivləri üzərində qurulduğunu qeyd edən müəllif əlavə edir: “Onun əsərlərində sevgi mövzularının üstünlük təşkil etməsinin səbəbini bu mövzunun həmin dövrdə Şərq ədəbiyyatında daha geniş yayılması ilə əlaqələndirmək olar. Lakin Nizami yaradıcılığında sevgi mövzusu öz dövrünün populyarlıq sevgisindən tamamilə fərqli bir yanaşma idi. Onun poeziyası öz dövrünün digər şairləri kimi gecələrin işıqlı mələklərini sevməyə, gündüzlərin qaranlıq iblislərini lənətləməyə yönəlməmişdi. Onun sevgisi İnsana və bəşəriyyətə, bütövlükdə həyata ünvanlanırdı və bu baxımdan daha qlobal fikir tutumuna və məna gücünə malik idi. Bəşəri hisslərin tərənnümçüsü olan böyük şair Nizami milliyyətindən, dinindən asılı olmadan bütün insanları alicənab olmağa, ləyaqətli davranışa, həyata və insanlığa sevgiyə çağırırdı”.
Nizami Gəncəvi ədəbiyyatda zəhməti yüksək qiymətləndirən, əməksevərliyi təşviq edən, daim öz üzərində çalışmağı tərənnüm edən, gənc nəsli elm öyrənməyə, dözümlü və məqsədyönlü olmağa çağıran, çətinliklərlə mübarizə aparmağa səsləyən ilk şairlərdəndir. O deyirdi:
Bilik öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz.
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca zirvədən, bilin ki, fəqət.
Alimin rütbəsi ucadır, əlbət!
Nizami böyük vətənpərvər şair idi. Onun əsərlərində öz xalqının keçmişinə, adət və ənənələrinə bağlılıq və böyük ehtiram var. Onun yaradıcılığında qadın obrazı da xüsusi yer tutur. Qadın cəmiyyətin bərabərhüquqlu, yüksək mənəvi keyfiyyətlərə malik olan, cəsur və qorxmaz bir üzvü kimi təsvir edilir. Nizaminin əsərlərində Azərbaycan təbiətinin gözəllikləri də böyük sevgi və məftunluqla təqdim olunur:
Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, yayı da güldür, çiçəkdir.
XVII əsrin sonlarından başlayaraq Avropa ictimaiyyəti də Nizaminin ecazkar sənət dünyası ilə tanış olmağa başlayıb. Onun ölməz əsərləri ingilis, alman, fransız, italyan, ispan dillərinə tərcümə edilib və şairin adını Avropa məkanında da məşhurlaşdırıb.
Nizaminin yaratdığı əsərlər həm öz dövründə, həm də özündən sonrakı dövrlərdə böyük təsir gücünə malik olmuşdur. Dünyanın müxtəlif bölgələrində Nizami yaradıcılığının təsiri ilə formalaşan çoxsaylı şairlər vardır. Azərbaycanda, Əfqanıstanda, Gürcüstanda, Hindistanda, İranda, Pakistanda, Tacikistanda, Türkiyədə, Özbəkistanda ədəbiyyatın, mədəniyyətin formalaşmasına Nizami yaradıcılığının ciddi təsiri olmuşdur.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP