Fazil Mustafa: Azərbaycanda dini sistem İranın tam təsiri altındadır
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa vaxtilə Elçibəyin yaratdığı Xalq Cəbhəsini hazırda öz məqsədləri üçün isitifadə edənlərə və Azərbaycanın dini sisteminə iradını bildirib.
Onun fikrincə, “İranın hərəkət və davranışları haqda Azərbaycanın müxtəlif spektrində olan adamların öz baxış bucağını açıqlamaları bir vicdan məsələsidir. Burada hər hansı bir şəkildə müxtəlif fiqurlar var ki, gələcəkdə bu münasibətlərin nizama salınmasında müəyyən rol oynaya bilərlər. Məsələn, Şeyx kimi dini statusda olan insanlar. Hazırda ortaya mövqelərin qoyulması çox vacib idi. Belə mövqelərin öz dövlətinə olan münasibətinin parametrlərindən biri sayılmalıdır. Dini yöndə belə tam mövqeyin olmaması onu göstərir ki, Azərbaycanda dini sistem İranın tam təsiri altındadır. Onlar ölkə vətəndaşı olmaqla yanaşı, ruhən dini ilə ora bağlıdırlar. Ona görə açıqlama ortaya qoymurlar. Vicdanı, dövlətinə bağlı olan hər bir şəxs, hətta etnik dini mənsubiyyətindən asılı olmayaraq millətin, dövlətin marağından çıxış etməlidir”.
Deputat ən təhlükəli məsələdən söz açdı: “Burada din xadimləri ilə bağlı məsələ ən təhlükəlisi deyil. Siyasi subyektlərlə bağlı məsələ ən təhlükəlisidir. Vaxtilə Əbülfəz Elçibəyin qurduğu Xalq Cəbhəsi İran tərəfindən Cibheyi Xəlq adlandırılırdı. Əslində hazırda Xalq Cəbhəsi bu vəziyyətə çevrilmiş durumdadır. Biz son illərdə özlərini bu yolun davamçısı sayanların bu yöndə heç bir açıqlamalarına rast gəlmirik. Əksinə, bu təşkilatın başında duran ünsürlər təsəvvür edin ki, dövlət əleyhinə olan İran dəstəkli bir hərəkatın güclənməsinə çalışan Tale Bağırzadənin məktublarını insan haqlarının müdafiəsi adı ilə paylaşmaqla məşğul idilər. Əli Kərimlinin onunla bağlı bütün çıxışlarına diqqət edin. Bu bir mənada hansısa bir dini qruplaşmanın rəhbərini dəstəkləmə anlamına gəlmirdi. Birbaşa başqa yerdən dəstəyi kəsilmiş, elektoral bazası zəif olan bir qüvvənin məhz ölkədə olan İrana bağlı qüvvənin dəstəyinə arxalanmaqla ondan mədət umması kimi qiymətləndirilməlidir. Ermənistanla sərhəd ərazidə o keçən yola biz polis postu qoyaraq nəzarət etməyin yeni üsulunu tapdığımız, riskli addım atdığımız bir vaxtda İran bizə gözdağı vermək üçün, Azərbaycan, Türkiyə və Pakistan hərbi təlimlərinə qarşı birbaşa mane olmaq üçün manevrlər edərək sərhədimizdə təhdidlər yaradarkən müstəqillik uğrunda vaxtilə mübarizə aparmış bir təşkilatın, İrana qarşı daim sərtliyi ilə seçilmiş Əbülfəz Elçibəyin davamçıları kimi özlərini qələmə verənlərin bu qədər loyal olmalarını heç bir halda təəccüblə qarşılamaq olmaz. Artıq Xalq Cəbhəsi Cibheyi Xəlqə çevrilib. Ona görə də İranla bağlı sərt açıqlamalarına, hər hansı bir addımlarına rast gəlmək mümkün deyil. Bu da olduqca təhlükəli bir durumdur. Əvvəllər belə bir fikir var idi ki, Azərbaycanda dini komponentlər İrandan idarə olunduğuna görə bu cəmiyyətimizin alt qatlarına basdırılmış minalardır, cəmiyyətimizin gələcəyi üçün ciddi təhlükələr var. İndi artıq siyasətimizin bəzi ünsürləri birbaşa İrandan dəstəklənən fəaliyyət modelinə keçid ediblər. Bunun da acınacaqlısı odur ki, bu o təşkilatın adından edilir ki, həmin təşkilat Elçibəyin başçılığı ilə irançılığın məhz Azərbaycanda ayaq açıb yeriməsinin daim qarşısında dayanıb. Bir sözlə, ölkə siyasətinin gələcəyində təhlükəli rol oynayacaq təşkilata çevriliblər. Hazırda ölkəmizdə əsas müzakirə mövzusu İran təhlükəsi ilə bağlı ortaya konkret mövqe qoymaqdır. Onlar isə mövzudan yayınmağın bütün bicliklərinə əl atıblar. Doğrudur, ölkədə korrupsiya, məhkəmə hüquqsuzluğu filan kimi hallar var. Amma bu gün bunun vaxtıdırmı? Niyə əsas olan İran mövzusuna toxunmursuz? Sanki ölkədə belə bir problem yoxdur. Bizim üçün təhlükə deyil ki, sərhədin o tayında qoşun yığıb hansısa bir tədbir keçirir. Oradan türk əsgəri Naxçıvana gəlib göstərir ki, mən Azərbaycanın yanındayam. Amma siz türk əsgərinin gəldiyi yoldan qısa məsafədə dilinizin ucunda deyiləcək sözlə belə dövlətimizə dəstək vermək istəmirsiniz. Halbuki biz hamımız Azərbaycan dövlətinin yanında olmalıyıq. Onun başında qəbul etdiyin adam ola da bilər, olmaya da”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP