Anar Bağırovdan məhkəmə və hakimlərə İTTİHAM
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin bəzi problemləri ilə bağlı hakim korpusuna müraciət ünvanlayıb.
Sədr bu müraciətini özünün sosial şəbəkə hesabında paylaşıb. Müraciətdə əsas məsələ vəkillərlə hakimlər arasında olan və vəkillərin etirazına səbəb mübahisələrdir. A. Bağırov vəkillərə üz tutaraq bildirib ki, haqlı vəsatətləri rədd edildiyi təqdirdə yenidən vəsatət qaldırsınlar və bunu şikayətlərində qeyd etsinlər:
“Dəyərli həmkarlarım!
Hər kəsə məlumdur ki, müdafiəçi vəkil sübutetmənin subyektidir və sübutların toplanması,yoxlanması və qiymətləndirilməsində iştirak etməklə məhkəmə araşdırmasının tam,hərtərəfli və obyektiv həyata keçirilməsinə kömək edir. Həm məhkəməyəqədərki istintaqda, həm də məhkəmə istintaqında müdafiəçi vəkilin sübutetmədə iştirakının ən mühüm formalarından biri onun vəsatətlər verməsidir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.6. maddəsində etirazlar və vəsatətlər vermək müdafiəçinin hüququ kimi nəzərdə tutulub.
Çox təəssüf ki, son zamanlar bir çox vəkil həmkarlarımız məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən şikayətlənirlər. Əlbəttə ki, bu vəsatətlərin cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş olması istisna deyil.
Qeyd etmək istəyirəm ki, göstərilən hallar ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində respublikamızda həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və bu istiqamətdə görülən işlərə kölgə salır.
CPM-nin 121-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan, o cümlədən də, məhkəmə vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq , vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə təqdim etmək öhdəliyi daşıyır. Həmin maddənin 4-cü bəndinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Eyni zamanda Həmin Məcəllənin 323-cü maddəsinə əsasən məhkəmə cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda həmin vəsatəti təmin etməlidir və vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır.
Göründüyü kimi qanunvericiliyimiz cinayət prosesi iştirakçılarının hər bir xahişinə və vəsatətinə onların protokola qeyd edilməsi, iş materiallarına əlavə edilməsi ilə baxılmasını, dəqiq araşdırılmasını və rədd edilərsə əsaslandırılmasını, vəsatət üzrə əsaslandırılmış qərar qəbul edilməsini məcburi edir.
Avropa İnsan Hüquqları Məhkəməsinin “Perma İtaliyaya qarşı”, “Dvorskiy Xorvatiyaya qarşı” “Murtuzəliyev Rusiya Federasiyasına qarşı” qərarlarında məhkəmə diqqəti ona cəlb edib ki, əgər müdafiə tərəfi müdafiə mövqeyini möhkəmələndirə biləcək vəsatətlər verirsə, onda məhkəmələr bu cür vəsatətlərin rədd olunma səbəblərini mütləq göstərməlidirlər. Eyni zamanda Strasburq Məhkəməsi hesab edib ki, əgər məhkəmələr bu cür vəsatətlərin rədd edilməsini kifayət qədər əsaslandırmamışlarsa, bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.
Onu da qeyd etmək istəyirəm ki, CPM-nin 400-cü maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci insatnsiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin maddənin 402.1.-ci bəndinə əsasən işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması hesab edilir. Yəni müdafiə tərəfin əsaslandırılmış vəsatətinin məhkəmə tərəfindən heç bir səbəb və əsaslandırma olmadan rədd edilməsi həmin iş üzrə məhkəmə qərarının yuxarı instansiya məhkəməsində ləğv edilməsi üçün əsasdır.
Hesab edirəm ki, bütün məhkəmələr tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ciddi riayət edilməli, işin hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatətlər təmin edilməli, heç bir vəsatət kifayət qədər əsaslandırılmadan və səbəbi göstərilmədən rədd edilməməlidir. Çünki bu cür hallar ədalət mühakiməsinin keyfiyyətinə və səmərəliliyinə mənfi təsir etməklə yanaşı,həm də vətəndaşlarımızın məhkəməyə olan inamını azaldır.
Dəyərli vəkil həmkarlarımı isə bu cür hallara yol verildiyi halda, məhkəmələr qarşısında heç bir əsas və səbəb göstərilmədən rədd edilən vəsatətləri yenidən qaldırmağa və bu halları mütləq həmin qərarlardan verilən şikayətlərdə əks etdirməyə çağırıram”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP