Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı davamlı xarakter daşıyır – İNFOQRAFİKA

Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Heç kimə sirr deyil ki, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir.
Əslində, müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb. Bu işlər sırasında onların avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilir. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Bu gün isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunur. 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib. 2021-ci ildə isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub.
Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son 6 ayda 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib. Şəhid ailələri və xəsarət alan hərbçilərlə bağlı Prezident İlham Əliyevin bu ilin iyun ayında imzaladığı Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzində 7 qurum üzrə 26 xidmət göstəriləcək. Yaxın iki ay ərzində bu cür mərkəzlər DOST mərkəzlərində fəaliyyətə başlayacaq.
Dünən istifadəyə verilən kompleks isə 810 mənzildən ibarətdir, Prezident öz çıxışında bildirdi ki, bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin edilib.
Dövlət başçısı onu da bildirdi ki, bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Sitat: “Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Yəni, bu da daim diqqət mərkəzində olan məsələdir”.
Prezident qeyd etdi ki,  müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş edilib və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır.
“İndi bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər. Bax, bunu biz edirik. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib”.
Qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP