Avropa siyasətində deqradasiya meylləri

Keçən əsr ərzində Qərb dünyasının siyasi həyatında yüksələn xətlə inkişaf edən liberal-demokratiya əsrin 2-ci yarısında öz inkişafının pik həddinə çatmışdı. Liberal -demokratiya təmsilçiləri onilliklər ərzində  insan haqları, demokratiya, beynəlxalq hüquq kimi dəyərlərin beynəlxalq siyasətdə aparıcı tendensiyaya çevrilməsinə çalışdı və  2-ci dünya müharibəsindən sonra dünyanın böyük bir hissəsində buna nail oldu. Dünya siyasəti qətiyyətlə öz inkişafının yeni mərhələsinə – qloballaşma mərhələsinə adladı. Qloballaşma proseslərində ilk növbədə inkişaf etmiş ölkələr arasında  daha çox mənfəət əldə etmək uğrunda qızışan mübarizə o qədər amansız oldu ki, Qərb cəmiyyətlərində oturuşmuş dəyərləri də alt-üst etdi.

Yeni əsrin əvvəllərindən etibarən, xüsusilə son 20 ildə bu dəyərlər beynəlxalq siyasət meydanından geri çəkilməyə başladı. Liberallıq şüarları ilə hakimiyyətə gələn yeni nəsil  Avropa siyasətçiləri demokratiyanı və beynəlxalq hüququn əsas prinsiplərini siyasi alver predmetinə çevirməklə liberal-demokratiya ənənələrini deqradasiyaya uğratdılar. İnkişaf etmiş cəmiyyətlərdə geri çəkilən dəyərlərin yerini ultra-sağçı liberal-populizm tutmağa başladı. Liberallıq hər bir siyasi qüvvəyə siyasi həyatda iştirak etmək fürsəti yaratdığı halda populizm siyasi hakimiyyətə nail olmaq yollarında bütün vasitələri, o cümlədən millətçilik, şovinizm, irqçilik, ksenofobiya və islamofobiya şüarlarını da məqbul hesab edir. Məhz bu dalğada bir çox Avropa ölkələrində adi seçicilərin siyasətin alt qatlarında nələr baş verdiyini hələ dərk edə bilmədiyi bir şəraitdə “milli azlıq” anlayışı “cinsi azlıq”, “milli müstəqillik” anlayışı isə “destruktiv millətçilik” anlayışı ilə əvəzləndi. Beləcə ultra-sağçı adlandırılan qatı millətçilik, şovinizm, ultra-xristian ekstremizmi, separatizm, irqçilik və hətta faşizm cərəyanlarının çoxsaylı nümayəndələri Avropa ölkələrinin parlamentlərinə ayaq açdılar. Fransada  millətçi Marin Lö Pen tərəfdarlarının parlamentin hər iki palatasında əhəmiyyətli yer alması və nəticədə siyasət meydanına yenicə girmiş makronçuların gözlənilmədən dövlət hakimiyyətinə yiyələnməsi, Belçikada multikulturalizm dəyərlərini qətiyyətlə rədd edən, miqrantlara qarşı irqçilik nümayiş etdirən və İslam dünyasına qarşı xüsusi düşmən münasibəti ilə seçilən, separatizmi dəstəkləyən  “Yeni Flamand Alyansı”, “Flamand marağı” və “Milli Demokratiya” partiyalarının  parlamentdə təmsil olunması, Niderlandda qatı millətçi-ekstremist Gert Vildersin rəhbərlik etdiyi, “milli müstəsnalıq” ideyasını dəstəkləyən, İslam mədəniyyətini tanımaqdan imtina edən və Türkiyənin AB-ə qəbul olunmasına qəti etiraz edən “Azadlıq Partiyası”nın parlamentdə təsir gücünə sahib olması məhz bu deqradasiyanın əyani nəticələridir.

Təəssüf ki, biz istəməsək də bütün bunların bizim bölgəmizlə də birbaşa əlaqəsi var. Bu əlaqə 2-ci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən sonra daha aydın görünməkdədir. Fransa, Belçika və Niderland kimi ölkələrin parlamentlərində beynəlxalq hüquq prinsiplərinə məhəl qoymadan Azərbaycana və Türkiyəyə qarşı qərəzli qətnamələrin müzakirəyə çıxarılması və qəbul olunması Avropa ekstremistlərinin Cənubi Qafqazdakı ideya tərəfdaşları olan ermənilərə birbaşa dəstəyi kimi başa düşülməlidir. Cənubi Qafqazdan ən azı 2-3 min km uzaqda yerləşən Avropa ölkələrindən Ermənistana belə bir siyasi dəstəyin göstərilməsinin  iki səbəbi var.


1) Avropa ultra-sağçı qüvvələri  bölgəmizdəki öz ideya həmfikirlərinə siyasi dəstək verməklə öz zərərli ideyalarının təsir dairəsini genişləndirirlər.

Bu qüvvələri Ermənistandakı siyasi partiyalarla irqçilik, türkofobiya və  islamofobiya dəyərləri birləşdirir. 100 ildən artıq uydurma soyqırımı iddiası ilə bütün dünyanı dolaşan ermənilər Türkiyədən qisas almaq üçün dəridən-qabıqdan çıxan Avropa ultra- sağçıları üçün sadəcə ilham mənbəyidir. Əslində onların öz parlamentlərində qəbul etdiyi qətnamələrin erməni xalqına fayda və ya ziyan verəcəyi onları o qədər də maraqlandırmır. Onları bölgəmizə cəlb edən amil Ermənistan siyasi dairələrinin onlarla eyni dəyərləri – irqçiliyi, millətçiliyi və faşizmi  bölüşməsidir.


2) Siyasi korrupsiya – erməni lobbisinin maliyyə dəstəyi

XXI əsrin əvvəllərindən etibarən beynəlxalq siyasətdə ön plana çıxmaqda olan ultra-sağçı populizm  Avropa ölkələrində siyasi korrupsiyanın geniş yayılması ilə eyni vaxta təsadüf edir. Bu haqda beynəlxalq mediada kifayət qədər faktlar öz əksini tapır. Məsələn, məşhur “Ərəb baharı” ərəfəsində keçmiş Fransa prezidenti N. Sarkozinin siyasi dəstək müqabilində Liviya diktatoru M. Kaddafidən 30 milyon avro həcmində rüşvət alması və həmin vəsaitin prezident seçkiləri kampaniyasında qeyr-qanuni olaraq istifadə olunması haqqındsda ittihamlar səslənmişdi. Bir neçə həftə öncə Fransa prokurorluğu bu ittihamın əsaslı olduğunu bildirərək N. Sarkoziyə 4 il həbs cəzası verilməsini tələb edib. İndiki Fransa prezidenti Makronun BMT tərəfindən Liviyada yeganə legitim hakimiyyət orqanı kimi tanınmış Milli Razılıq Hökümətini dəstəkləmək əvəzinə beynəlxalq hüquq pribnsiplərinə zidd olaraq qanuni hakimiyyətə qarşı qiyam qaldırmış “feld-marşal” Həftarı tanıması və onu Yelisey sarayında rəsmi qəbul etməsi də təəccüb və sual doğurmaya bilməz.

Avropa siyasətində geniş yayılmış korrupsiya halları Avropada qəbul olunmuş “Lobbiçilik haqqında qanun”la pərdələnir. Beynəlxalq qanunlara uyğun gəlməyən istənilən addımı lobbiçilik fəaliyyəti adı altında gizlətmək, lobbi təşkilatlarının maraqlarını öz ölkələrinin media orqanlarında işıqlandırmaq və hətta qanunvericilik orqanlarının müzakirəsinə çıxarmaq, bununla da ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə edərək sabitliyi və təhlükəsizliyi pozmaq bir çox Avropa siyasətçilərinin əsas fəaliyyət növünə çevrilib.  Son 100 il ərzində Avropa ölkələrində və ABŞ-da dərin kök salmış erməni lobbi təşkilatlarının dəstəyi ilə işğal altında olan torpaqlarımıza qeyri-qanuni səfərlər edən, separatçılığa və Qarabağ ərazisində yaradılmıış cinayətkar rejimə beynəlxalq tanınma görüntüsü verməyə çalışan Avropa siyasətçiləri məhz həmin korrupsionerlərdir. Almaniya, Fransa, İngiltərə, İsveç, Norveç, Niderland kimi ölkələrdən bölgəmizin tarixi və burada baş vermiş hadisələrin mahiyyəti barədə heç bir təsəvvürü olmayan  bir sıra populist siyasətçilərin erməni işğalına haqq qazandırmaq cəhdləri məhz erməni lobbi təşkilatları tərəfindən onlara təklif olunan iri həcmli rüşvətdən vaz keçə bilməməyin göstəricisidir. Bu gün bir sıra Avropa ölkələrinin parlamentlərində  Azərbaycana və Türkiyəyə qarşı qərəzli qətnamə layihələrinin müzakirəyə çıxarılması da erməni lobbisinin maliyyə dəstəyi ilə baş verir. Avropa siyasətində azadlıq, ədalət, beynəlxalq hüquq qaydaları kimi dəyərlər artıq alınıb-satılan əmtəəyə çevrilməkdədir.

“Avropa dəyərləri” termini ilə spekulyasiya artıq bu kimi halları ört-basdır etməkdə gücsüzdür.  XXI əsrin başlanğıcında qloballaşmanın ən mütərəqqi siyasi hadisəsi kimi qəbul olunan Avropa Birliyi bu gün beynəlxalq siyasətdə sülhə və sabitliyə təhlükə kimi görünməkdədir.  Son 20 ildə bəzi Yaxın Şərq ölkələrində (İraq, Suriya, Liviya və s.), bir sıra Afrika ölkələrində ( Mali, Sudan, Somali, Nigeriya və s.) və eləcə də bəzi post-sovet ölkələrində (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus)  Avropa siyasətinin müdaxiləsi bölgə problemlərinin həllinə yox, daha çox həmin ölkələrin xalqlarının daha ağır duruma düşməsinə səbəb oldu. Nəticədə Avropa dəyərlərinə və o dəyərləri təbliğ edən dövlətlərin ədalətinə inam getdikcə azalmaqdadır.

Bu şəraitdə  milli dövlətlərin qarşılaşdığı siyasi problemlərin həllində artıq beynəlxalq siyasətin avanqardı sayılan beynəlxalq güc mərkəzlərinə yox, öz xalqlarının milli birliyinə və iradəsinə əsaslanmağı daha doğru yanaşma kimi görünür. 30 il ərzində beynəlxalq güc mərkəzlərinin bölgəmizdəki işğal faktını aradan qaldıra bilməməsi və bu işğala Azərbaycan xalqının özü tərəfindən 44 gün ərzində son qoyulması  bu yanaşmanın doğru olduğunu göstərən tarixi faktdır.

 

Cavanşir Feyziyev

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP