Millət vəkili Emin Hacıyev: Hərb meydanında qələbəmiz Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi

“Azərbaycanın işğalçı Ermənistanı hərb meydanında ağır məğlubiyyətə uğratması Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi”.

Bu fikirləri millət vəkili Emin Hacıyev söyləyib. O, bildirib ki, noyabrın 20-də Ağdam, noyabrın 25-də isə Kəlbəcər rayonu bir güllə belə atılmadan və şəhid vermədən ölkəmizin yurisdiksiyasına qayıtdı. Laçın rayonunun işğalçılardan tam boşaldılması isə dekabrın 1-də baş tutacaq.Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr tarixli birgə bəyanata uyğun olaraq bu rayonlarımızın qrafik üzrə azad olunması bizim böyük siyasi uğurumuzdur.

Bütün bunları şərtləndirən əsas amil bizim düşmən üzərində möhtəşəm Qələbə çalaraq onu kapitulyasiyaya məcbur etməyimizdir.Təbii ki, hərbi zəfərimiz olmasaydı, bütün bu siyasi qələbələrimiz də mümkün olmazdı. Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətində bildirdiyi kimi, “Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra
70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı”.

Beləliklə, Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə Qələbə qazandı. Bu gün Azərbaycana böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, müdrik və uzaqgörən siyasəti, qətiyyəti sayəsində Azərbaycan Ermənistanın 30 il davam edən bütün bu işğalçılıq siyasətinə son qoyaraq, öz ərazi bütövlüyünü təmin etdi. Kəlbəcərin işğaldan azad olunması həmçinin BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasının təmin edilməsi deməkdir.

Onu da deyək ki, işğaldan sonra ərazidə qeyri-qanuni məskunlaşdırılan ermənilərin Kəlbəcəri təhlükəsiz şəkildə tərk etməsi, bütün əşyalarını götürməsi
üçün lazımi şərait yaradılıb.Hansı ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan tərəfindən işğal olunan zaman azərbaycanlılar öz yurd-yuvalarından ayaqyalın qovulmuş, zorakılıqlara məruz qalmış, onlar arasında həlak olan, yaralanan, itkin düşənlər olmuşdu. Budur Azərbaycan və Ermənistan arasındakı daha bir fərq!

O da məlumdur ki, ermənilər Kəlbəcəri tərk edərkən evləri, meşələri yandırıb,suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Həmçinin düşmən illərdir tarixi-mədəni irsimizə qarşı vandallıq edib, məscidlərimizi dağıdıb, yerlə-yeksan edib.Maraqlıdır ki, bütün bunları, o cümlədən Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl,Füzuli məscidlərindəki mənzərəni, erməni vandallığını görməzdən gələn bəzi Qərb dairələri işğaldan azad edilmiş ərazilərimizdəki qədim Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin taleyindən narahatlıq ifadə etməkdədir. Lakin onlar unudurlar ki, Azərbaycan ultikulturalizm, tolerantlıq,dinlərarası münasibətlə bağlı yürütdüyü siyasətə görə bütün dünyaya nümunədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəlbəcərin azad olunması ilə bağlı  təbrik çıxışında Kəlbəcərdə, eləcə də işğaldan azad edilən başqa rayonlarda quruculuq-bərpa işlərinin anonsunu verdi. Kəlbəcərin təbii sərvətləri xalqımıza, rayonun iqtisadiyyatının dirçəlməsinə,
turizmin inkişafına xidmət edəcək. 24 min hektarlıq meşə  fondu daha qiymətli  ağaclarla zənginləşdiriləcək. Yollar çəkiləcək, yeni yaşayış massivləri salınacaq. Kəlbəcər ərazisi həm şirin, həm də mineral su ehtiyatları ilə zəngindir.Tərtər çayı, Bazarçay, Xaçınçay, Böyük və Kiçik Alagöllərin Azərbaycanın nəzarətinə qaytarılması bizə su ehtiyatları məsələsində xeyli yeni imkanlar açır. Azərbaycan Albaniyasına aid olan xristian məbədləri, İslam mədəni irsinin nümunələri, qalalar, körpülər burada tarixi turizmin, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları müalicə turizminin, rayonun aşıq sənətinin mərkəzlərindən biri olması mədəni turizmin, yüksək dağ zirvələri dağçılığın inkişaf etdirilməsinə imkan verəcək.

Eyni zamanda Kəlbəcərdə böyük kənd təsərrüfatı potensialı var. Prezident cənab İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı çıxışında bildirib ki, Kəlbəcərdə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək: “Bizim orada böyük otlaq sahələrimiz var”.

Nəhayət, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan
Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 – Ağyataq, Levça, Çorbulaq və ehtiyatları 200 tondan çox olan
Qamışlı və Ağqaya civə yataqları var. Eyni zamanda, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı var.

Bütün bunlar o deməkdir ki, Kəlbəcər iqtisadi inkişaf baxımından ən münasib ərazilərdən biri və birincisidir.

Bir daha qeyd etmək istərdim ki, müharibə bir daha kimin kim olduğunu
göstərdi. Ermənistan məğlub, Azərbaycan isə bütün müstəvilərdə qalibdir!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP