Bakının azad edilməsi ilə Azərbaycan xalqına qarşı qurulan planlar iflasa uğradıldı
Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci ildönümü tamam olur. Bu münasibətlə AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Musa Qasımlının qeydlərini təqdim edir.
Bakı şəhərinin 102 il əvvəl yadelli qüvvələrdən azad edilməsinin böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyətini dərk etmək üçün həmin dövrdə baş verən hadisə və proseslərə nəzər yetirmək lazımdır. Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Anadoludan Cənubi Qafqaza gəldilər. Bu zaman regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələrindən silahları ələ keçirən erməni bandaları Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində davam etdirdilər. Azərbaycanlıların həmin qırğınların qarşısını ala biləcək ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm azərbaycanlılara etibar etmədiyindən onları hərbi xidmətə çağırmırdı. Onlar bununla həm hərb sənətini öyrənməkdən geri qalır, həm də xidmət etmədikləri üçün vergi ödəyirdilər.
Müharibənin sonunda azərbaycanlıların yalnız könüllülərdən ibarət azsaylı “Vəhşi diviziya”sı var idi. Belə bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti erməni silahlı dəstələri ilə birlikdə dinc türk, müsəlman əhaliyə zülm edirdi. Hadisələrin zirvə nöqtəsi 1918-ci ilin martında Bakıda bolşevik və erməni qüvvələrinin törətdikləri soyqırımı oldu. Soyqırımının törədilməsində başlıca məqsəd işğal altında olan Bakıya, Xəzər dənizinə, Azərbaycana – dünyanın ürəyi olan Avrasiyaya gedən yola sahib olmaq, Abşeron yarımadasını türksüz, müsəlmansız əraziyə çevirmək və Azərbaycanın dövlət müstəqilliyinin qarşısını almaq idi. Kütləvi qırğınlar digər yerlərdə də davam etdirildi. Qırğınların qarşısını ala bilməyən Transqafqaz Seymi dağıldı.
1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan edildi, Cümhuriyyət quruldu. Azərbaycan dövlətinin yaradılması üçün ilkin şərtlər – ərazi və əhali mövcud olsa da, ölkənin əsas şəhəri – Bakı düşmən əlində olduğundan müvəqqəti paytaxt Gəncə elan edildi. Bakını azad etmək üçün Cümhuriyyət hökumətinin kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Qardaş Osmanlı dövləti köməyə yetişdi. Hələ may ayının ortalarında türk zabitləri Gəncəyə gəlmişdilər. İyunun 4-də Batumda imzaladığı müqavilə ilə Osmanlı dövləti Azərbaycana yardım etməyi üzərinə götürdü. Osmanlının Hərb naziri Ənvər paşa qardaşı Nuru paşanı bu məqsədlə təşkil olunan ordunun komandanı təyin etdi. Azərbaycan və Osmanlı hissələrindən ibarət ordu quruldu. Bakı azad edildikdən sonra problem yaranmaması və ordu sıralarına yerli əhalinin cəlb olunması üçün o, Qafqaz İslam Ordusu adlandırıldı.
Bu hərəkatın mənəvi əsasları vardı. Osmanlı dövləti dünya türklüyünün və İslamın mərkəzi idi. Bütün türklər və müsəlmanlar Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Türk xalqı ilə dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisinə qarşı erməni-daşnak və bolşevik qüvvələri soyqırımı törədirdilər. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının türk və müsəlman dünyası qarşısında borcu idi. Qeyd etmək lazımdır ki, hələ buna qədər azərbaycanlı gənclər çarizm orqanlarından gizlicə gedib Çanakkala savaşında türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular.
Qafqaz İslam Ordusu hərəkatının hərbi-strateji, iqtisadi səbəbləri də vardı. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarəti qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza yiyələnmək, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi. Dünyanın ürəyi Avrasiyaya gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə Mosul, Qafqazda isə Bakı nefti uğrunda mübarizə gedirdi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onun olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyonluq əhalinin 3 milyonu türk və müsəlman idi.
Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya getdi. Onun yerində ingilislərin yardımları ilə qurulan Sentrokaspi diktaturası general L.Denstervil başda olmaqla müttəfiq qüvvələrini Bakıya dəvət etdi. Qafqaz İslam Ordusunun hücumunu dayandırmaq üçün bolşevik Rusiyası da müəyyən addımlar atdı. Hərəkatın qarşısını almaq üçün bolşevik Rusiyası Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də bir müqavilə imzaladı. Almaniya tərəfi Bakı neftindən bəlli bir payın müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya və Osmanlı müttəfiq deyildilər. Almaniyanın təzyiqləri Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandırıldığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağılmırdı. İngilislər və Sentrokaspi diktaturası hücumun qarşısında tab gətirməyib qaçdı. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü.
Bakının azad edilməsi əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə idi. Azərbaycan və Türkiyənin silah qardaşlığı sayəsində Azərbaycan dövləti və xalqı özünün təbii, tarixi, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Şəhərin azad edilməsi ilə, necə deyərlər, “başla bədən birləşdi”. Azərbaycanlıların milli ruhu yüksəldi, çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Azərbaycan xalqına qarşı qurulan planlar iflasa uğradıldı. Az sonra erməni silahlı bandaları Qarabağdan qovuldu.
1920-ci ildə müstəqil dövlət süqut etdikdən sonra qurulan sovet rejimi şəraitində Azərbaycan türk millətinin istiqlal savaşına yardımlar etdi. Sovet dövründə ağır şərtlər altında yaşamasına, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək SSRİ-də türk düşmənçiliyinin, sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi.
SSRİ-nin hələ dağılmadığı bir zamanda Türkiyə Cümhuriyyəti cəsarətli addım ataraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. “Əsrin müqaviləsi” imzalandıqdan sonra əsas ixrac neft boru kəmərini Türkiyə ərazisindən keçirməklə Azərbaycan dövləti qardaş ölkənin regionun güc mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynadı.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Qafqaz İslam Ordusu əsgərlərinin qəhrəmanlığı daşlaşmış abidəyə çevrildi. 1918-ci ilin mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar faciəsində, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan qəhrəman Vətən övladlarının dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusunun şərəfinə “Türk şəhidliyi” adlandırılan möhtəşəm abidə ucaldıldı. Bu, insanların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir.
Dövlətlərimiz arasında silah qardaşlığı bu gün də davam edir. Hərbi sahədə əməkdaşlığın müqavilə-hüquqi əsasları qurulub və təkmilləşdirilir. Cümhuriyyətin qurulmasının 100-cü ildönümü münasibətilə Bakıda keçirilmiş hərbi paradda türk ordu hissələrinin iştirakı, bu yaxınlarda isə Türkiyə və Azərbaycan silahlı qüvvələrinin ölkəmizin ərazisində birgə hərbi təlimlərinin keçirilməsi təkcə tarixi xatırlatmadı, eyni zamanda, əməkdaşlığın böyük potensialının və perspektivinin olduğunu göstərdi.
Əgər 1918-ci ildə Azərbaycan ordusu hələ formalaşmamış və zəif idisə, bu gün “Global Firepower-2019″un hesabatına görə, dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir.
Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində ölkəmizdə son illərdə 20-dən çox hərbi zavod istifadəyə verilib. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur, eyni zamanda, hərbi məhsullar ixrac edilir.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP