Torpaqlarımız ATƏT vasitəsilə heç vaxt işğaldan azad edilməyəcək
Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev mətbuatın daim diqqət mərkəzində olan Azərbaycan-Türkiyə münasibətlərinin son vaxtlar aktuallığının artdığı,Tovuz sərhəddində baş vermiş son erməni təxribatından və qardaş ölkələrin növbəti birgə hərbi təlimindən sonra cəmiyyətdə yeni çağırışlar,ictimai fikir türk ordusunun Azərbaycanda qalmasını və fəaliyyətinin genişlənməsini dəstəkləməsi barədə “Xalq qəzeti”nə müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq:
– Cavanşir müəllim, bu yaxınlarda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri zamanı Azərbaycan ictimaiyyətində Türk ordusunun Azərbaycanda qalması haqqında çağırışlar səsləndirildi. Bu çağırışlar geniş müzakirələrə səbəb oldu və mövzu bu günə qədər gündəmdən düşmür. Görünür ki, bu məsələdə cəmiyyətdə bir fikir yekdilliyi var. Sizcə, bu yekdillik nədən qaynaqlanır?
– Burada təəccüblü və gözlənilməz bir şey yoxdur. Azərbaycanla Türkiyə arasında münasibətlər ölkə başçısının da bu yaxınlarda vurğuladığı kimi, sadəcə qonşu və dost yox, əsl qardaşlıq münasibətləridir. Bu tarixən də belə olub, bu gün də belədir. 1918-ci ildə Azərbaycanda ilk respublika quruculuğu illərində Türk ordusunun təmənnasız və əvəzsiz xidməti hamıya yaxşı məlumdur. Ona görə cəmiyyətimizdə türk ordusuna rəğbət və inam birmənalıdır. Azərbaycan cəmiyyətində son vaxtlar bu təkliflərin daha inadla səslənməsi isə Ermənistan-Azərbaycan qarşıdurmasındakı mövcud durumla bağlıdır. Son 30 il ərzində nə BMT, nə ATƏT, nə digər dövlətlər, o cümlədən cəmiyyətin bir hissəsinin sadəlövhcəsinə ümid bəslədiyi Rusiya işğal olunmuş torpaqlarımızın azad olunması üçün heç bir əməli addım atmayıb. Bütün dünya münaqişənin dinc yolla həll olunmasına çağırır, amma onun doğrudan da həlli üçün heç bir addım atılmırsa indiki durumda əhalinin ümidi ancaq türk ordusuna qalır.
– ATƏT-in Mİnsk Qrupu bu münaqişənin həlli ilə məşğul olmaq üçün beynəlxalq mandat almış yeganə qurumdur və dünyanın 3 güclü dövləti bu qrupun həmsədridir. Niyə Minsk Qrupu bu münaqişənin həllinə nail ola bilmir, onlara nə mane olur?
– ATƏT-in Mİnsk Qrupu 11 üzv dövlətdən ibarətdir, lakin Minsk Qrupu timsalında bu münaqişənin həlli ilə məşğul olmaq üçün 3 dövlətdən ibarət həmsədrlik institutu yaradılıb. Həmsədr dövlətlər də bildiyiniz kimi, ABŞ, Fransa və Rusiyadır. Bu 3 dövlətdən ən azı ikisinin bu münaqişədə maraqlı tərəf olduğu göz qabağındadır və onların işğalçı dövlətə rəğbətini, bəzi hallarda isə hətta əməli dəstəyini sezməmək mümkün deyil. İşğal əməliyyatları həyata keçirilən zaman, eləcə də sonrakı illərdə Ermənistana Rusiyadan birbaşa dəstək verilməsi heç kimə sirr deyil. Elə bu yaxınlarda sərhəd bölgəsində erməni təxribatı zamanı da Rusiyadan Ermənistana 400 ton həcmində silah-sursat daşınması aşkarlandı və Rusiya tərəfindən Azərbaycanın sorğusuna inandırıcı bir cavab verilmədi. Fransada kök salmış güclü erməni diasporunun da Fransa hökümətinə təsiri az deyil və zaman-zaman biz bunun şahidi oluruq. Ona görə bu formatda münaqişənin həllinə, özü də ədalətli həllinə ümidlər əvvəldən çox az idi, bu gün isə demək olar ki, belə bir ümid heç yoxdur.
– Məntiqlə bu münaqişədə Ermənistanın müdafiəsi qeyri-qanuni işğala, etnik təmizləməyə dəstək vermək və ən azı bir milyon insanın faciəsinə biganəlik deyilmi? Niyə demokratiyadan, ədalətdən ağızdolusu danışan dövlətlər buna göz yumurlar?
– Bu həmin dövlətlərin tarixi və bü günkü geo-siyasi maraqları ilə bağlıdır. Bunu başa düşmək üçün hələ 100 il əvvəl Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılmasını yada salın. Hələ o zaman həmin dövlətlərin təkidi ilə torpaqlarımızda Ermənistan dövləti yaradıldı. Ermənilərin çoxsaylı uydurmalarına rəğmən bu dövlət ermənilərin tarixdə ilk rəsmi dövləti idi. Həmin ərazidən vaxtaşırı, imkan düşən kimi soydaşlarımız deportasiya olundu və 9 min kv km-dən başlayan Ermənistan tədricən 29 min kv.km-ə çatdırıldı. İndi də bu siyasət davam etdirilməkdədir. O zaman məqsəd Ermənistan adlı dövlət yaratmaqla Anadoludan uzaq Şərqi Sibirə qədər uzanan türk zolağını parçalamaq və Osmanlının gələcəkdə güclənmək potensialını birdəfəlik aradan qaldırmaq idi. Bu günkü qloballaşma şəraitində də Cənubi Qafqaz bölgəsi dünya siyasətində mühüm geo-strateji əhəmiyyətə malik olan mərkəz kimi qəbul olunur. Ona görə bu bölgədə hegemonluq mübarizəsində öz təsir gücünü artırmaq istəyən böyük dövlətlər tərəfindən həmin siyasət davam etdirilir, ermənilər isə bu siyasətin reallaşması üçün onların əlində oyuncaq katalizator rolunu oynayır. Kənar güclər Ermənistanı bu bölgədə özlərinin forpostu kimi görür və onu bölgə dövlətlərinə təzyiq üçün plasdarm kimi istifadə edirlər.
– Minsk Qrupu həmsədrliyinin tərkibində dəyişiklik etməklə münaqişənin həllinə nail olmaq mümkün deyilmi?
– Təəssüf ki yox. Çünki Minsk Qrupunun protokol qaydalarına görə hər hansı bir üzv dövlətin həmsədrliyə qəbul olunması üçün münaqişə tərəflərinin hər birinin razılığı olmalıdır. Bu halda Azərbaycan tərəfindən təklifi verilən digər dövlətlərin həmsədrliyinə Ermənistan razılıq vermir və ona görə də bu mandatın işləməsi elə buradaca dalana dirənir. Ona görə də Azərbaycan cəmiyyətində artıq belə bir inam yaranıb ki, Minsk Qrupu vasitəçiliyi ilə münaqişə uzun müddət dondurulmuş vəziyyətdə saxlanacaq və torpaqlarımız ATƏT vasitəsilə heç vaxt işğaldan azad edilməyəcək. Ona görə də Türkiyənin də hərbi-siyasi dəstək verəcəyi anti-terror əməliyyatları ilə torpaqların işğalçılardan azad olunması yeganə və son çıxış yolu kimi görünür.
– Sizin Türk Dövlətləri Birliyi haqqında fikirləriniz coxsaylı məqalə və kitablarınızda geniş əks olunur. Bu mövzuda kitabınız türkdilli ölkələrdə də nəşr olunub və böyük rəğbətlə qarşılanıb, hətta geniş müzakirə obyekti olub. Tədqiqatçıların qənaətinə görə bu kitabda irəli sürülən siyasi birlik modeli böyük türk birliyin yaranmasını təsdiqləyir və zəruri edir. Sizcə, belə bir birliyin yaranması realdırmı və bu nə qədər zaman ala bilər?
– Son 70 il ərzində Avropa Birliyinin yaratdığı nümunə bütün çatışmazlıqlarına baxmayaraq müasir dövrdə siyasi birlik yaratmağın ən optimal nümunəsidir. Türkdilli dövlətlərin arasında da siyasi-iqtisadi və mədəni birliyin elementlərini özündə daşıyan müəyyən üstqurumlar artıq yaranıb. Məsələn, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Parlament Assambleyası və s. fəaliyyət göstərir, türk dövlətləri arasında çoxsaylı iqtisadi, mədəni-humanitar yönümlü birgə fəaliyyətlər həyata keçirilir. Bu istiqamətdə inteqrasiya proseslərinin genişləndirilməsi Avropa ilə Asiyanın qovşağında 6 türkdilli dövləti özündə birləşdirən siyasi birliyin təşəkkül tapmasına gətirib çıxara bilər. Türk Dövlətləri Birliyi adı altında belə bir İttifaqın meydana çıxması nəinki realdır və ya mümkündür, hətta mən deyərdim ki, zəruridir. Bu bütün Avrasiya miqyasında sülhün və sabitliyin təmin olunmasına xidmət edən bir İttifaq ola bilər. İndi qloballaşma dövrüdür, bütün dövlətlər qloballaşma proseslərindən faydalanmağa çalışırlar. Dünya miqyasında bu proseslər getdikcə sürətlənir və biz də doğru seçimimizi edib ilk öncə öz aramızda, yəni türkdilli dövlətlər arasında, mənsub olduğumuz sivilizasiya hüdudları çərçivəsində siyasi birliyimizin yaranmasına nail olmalıyıq. Əks halda inanıram ki, hər bir türk dövləti ayrı-ayrılıqda qloballaşmadan fayda yox, zərər görə bilər. Belə bir birliyin yaranması isə bütün türk dünyasının mövcud problemlərinin həlli üçün yeni imkanlar açacaq, eyni zamanda qloballaşma proseslərində qarşılaşdığımız və ya qarşılaşa biləcəyimiz problemlərin sayını da kəskin surətdə azaldacaq. Bunun üçün bütün ilkin şərtlər mövcuddur, ilk növbədə bu zərurətin bütün türk dövlətləri tərəfindən qəbul edilməsinə və daha sonra ideyadan əməli fəaliyyətə keçilməsi üçün birgə siyasi iradənin ortaya qoyulmasına ehtiyac var.
– Maraqlı söhbət üçün cox sağ olun. Doğrudan da indi Türk siyasi birliyinin yaranmasına, birgə siyasi iradənin ortaya qoyulmasına daha böyük tarixi bir zəmin və ehtiyac var.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP