Tibb müəssisələrində yoxlamalara start verildi
Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən COVID-19 virusu ilə mübarizə məqsədilə yaradılmış sahə məntəqələrinin ikinci monitorinqi həyata keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, bu prosesin ilkin mərhələsi iyun ayının sonunda işçi qrupunun yaradılması ilə bərabər həyata keçirilib, əsas məqsədi isə sahə məntəqələrinin işinin təşkil edilməsindən ibarət olub. Bundan sonra sahə məntəqələrinin iş proseslərinə nazarət edib, onların təyin edilmiş qaydalara uyğun olub-olmamasını müəyyən etmək məqsədilə xüsusi video-monitorinqlər keçirilib. 25.07.20 -15.08.20 müddəti ərzində təşkil olunmuş ikinci monitorinqin əsas məqsədləri tibbi heyətin COVID-19 virusu ilə bağlı davamlı təlimatlandırılması, burada aparılan iş prosesinin düzgün idarəedilməsi və keyfiyyətli şəkildə koordinasiyasına nəzarət etməkdir və monitorinq zamanı müəyyən olunan nöqsan, çətinlik, spesifik hallar və inkişaf sahələri üzrə öz peşəkar tövsiyələrini verməkdən ibarət olub. Qeyd etmək lazımdır ki, monitorinq xüsusi yoxlama vərəqəsi üzrə həyata keçirilib, ona əsasən nəzarətə götürülən sahələr aşağıdakılardır:
Sahə məntəqəsinin yerləşdiyi bina və girişinin monitorinqi. Adətən sahə məntəqələri poliklinikaların ayrıca korpusunda yer alır və yaxud poliklinikanın birinci mərtəbəsi sahə məntəqəsi üçün ayrılır və mütləq məntəqəyə ayrı giriş təmin edilir. Bu şərtləri qarşılaya bilməyən poliklinikaların ərazisində xüsusi tibbi avadalıqlarlarla təchiz edilmiş konteynerlər quraşdırılıb. Bu məntəqələr qırmızı lentlərlə əhatə olunub və girişlərində həmin məkanların COVID-19 virusu ilə mübarizə üçün ayrıldığı qeyd olunub və kənar şəxslərin qəti şəkildə binaya və yaxud konteynerə daxil olmaları qadağan olunduğu vurğulanıb.
Sahə məntəqəsində fəaliyyət göstərən tibb personalının və səyyar tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi. Mövcud karantin şəraitində koronavirus xəstələrinə evdə xidmət edən həkim və tibb personal istifadə etdiyi qoruyucu geyimlə təmin olunur. İstifadə ediləndən sonra bu geyimlər düzgün şəkildə ləğv edilmək məqsədilə xüsusi “çirkli” zonalara toplanılıb, sonra aidiyyatı qurumlara utilizasiya məqsədilə təhvil verilməsinə nəzarət olunur.
Sahə məntəqəsinə ayrılmış tibbi ləvazimatların təhvil-təslim aktları üzrə hesabatların yoxlanılması. Hər məntəqə üçün ayrılmış qoruyucu kombinezon, maska, papaq, əlcək və eynəkdən ibarət olan tibb ləvazimatlarının saylarının təhvil-təslim aktları üzrə hesabatlarına nəzarət edilir və əlavə saylara ehtiyacı müəyyən edilir.
814 Çağrı Mərkəzi və poliklinikaların nəzdindəki qeydiyyat şöbəsinin funksionallığı. Vətəndaşlar yoluxma şübhəsi yarandıqda ilk addım olaraq 814 Çağrı Mərkəzi və ya poliklinikaların nəzdindəki qeydiyyat şöbələrinə telefon zəngi vasitəsilə müraciət edirlər. Çağrı mərkəzinin və qeydiyyat şöbələrinin bilavasitə vəzifəsi daxil olmuş müraciəti rəsmiləşdirmək və vətəndaşın ünvanına əsasən müraciətləri sahə həkiminə yönləndirməkdir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır və dəyərləndirmə əsasında COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun tərəfindən həyata keçirilmiş monitorinqin nəticəsi göstərib ki, simptomsuz və yüngül simptomlu COVID-19 xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etmək üçün yaradılmış sahə məntəqələri əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinin iş həcminin azalmasına əhəmiyyətli dərəcədə dəstək olub, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin edib.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP