Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasından 2 il ötür
Azərbaycan diaspor təşkilatlarının və üzvlərinin fəaliyyətinə dəstək verilməsi, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsi və bu sahəyə dövlət dəstəyinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin fərmanına əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb.
Fond fəaliyyətə başladığı gündən etibarən 112 diaspor təşkilatı və 98 fiziki şəxs Fondun elektron sistemində qeydiyyatdan keçib. Bu günədək təşkilatların təqdim etdiyi 92 layihədən 44-ü, fiziki şəxslərin təqdim etdiyi 53 layihədən 17-i maliyyələşdirilib.
Fondun fəaliyyətinin daha geniş miqyasda tanıdılması və məlumatlılığın artırılması məqsədilə 20-dən çox ölkədə təqdimat keçirilib.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor fəaliyyətinə cəlb edilməsi Fondun prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdən biri də Azərbaycan diasporunun gənc nümayəndələrinin yay düşərgəsi layihəsi çərçivəsində bir araya gətirilməsidir. Azərbaycan Diasporuna Dəstək Fondu Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, peşəkar və güclü diaspor fəaliyyəti ilə bağlı bilik və səriştənin artırılması, diaspor gənclərinin yerli, milli və beynəlxalq səviyyədə təbliğat, siyasət və qərar qəbuletmə strukturlarında iştirak potensialının artırılması məqsədilə Avropada yaşayan gənclər üçün Belçika Krallığında fəaliyyət göstərən Avropa institutları və beyin mərkəzlərində təcrübə proqramı təşkil edib. Bu istiqamətdə atılan digər bir addım isə 2 fevral – Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü layihəsidir. “Milli kimlik və diaspor siyasəti”, “Sahibkarlıq və innovasiya”, “Əməkdaşlıq və təhsil” üzrə mövzuların yer aldığı tədbirdə ABŞ-dan Çinə qədər geniş coğrafi əraziyə yayılmış 60 nəfər azərbaycanlı gənc iştirak edib.
Bütün dünyada yayılan COVİD-19 pandemiyasının yaratdığı dərin böhran dövründə Fond xüsusi olaraq fəaliyyət göstərib. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən ünvanlanan müraciətlərə əsasən Kanadadan Tailanda qədər maddi yardımlar həyata keçirilib, “Biz birlikdə güclüyük” adı altında virtual intellektual oyun və silsilə konsert proqramları təşkil olunub.
28 may 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə “Mühacirlər” layihəsi reallaşdırılıb. Azərbaycan Demokratik Respublikasının qurucularının, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların fəaliyyətləri haqqında hazırlanan videoçarxlar Fondun sosial şəbəkə hesabları üzərindən yayımlanıb.
Azərbaycan Diasporuna Dəstək Fondu bundan sonra da dünya azərbaycanlılarının şəbəkələşməsi, vahid platforma üzərində cəmləşməsi üçün yeni layihlər reallaşdırmaqda davam edəcək.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP