Nə işin…nə işim var? – YUNUS OĞUZ YAZIR
Bu pandemiya var ha, ay camaat, ayrı bir şey oldu. Cəmiyyəti, toplumu az qalırdı xalqa, millətə çevirsin, dövləti daha da sevdirsin, onu möhkəmlətsin. Amma, bir sıra parazit adamlar var ki, vəziyyətdən sui- istifadə edib daha çox qamarlamaq, daha çox varlanmaq,daha çox pul qazanmaq həvəsinə düşdülər. Özü də elə həyasızlıq edib, elə şayiələr yayırlar ki, adamın barmaqları az qalır əl atıb üzünü cırmaqlasın. Cavanlar bilməz, köhnələrdə belə bir adət vardı: Birinin yaxını öləndə qohum qadınlar əl atıb üzlərini cırmaqlayar, qan çıxarardılar. Əgər bunu hansısa qadın etmirdisə, deməli ölü yiyəsinin kədərinə şərik olmur, ürəyində sevinir. Odur ki, qohum-qonşu qadınlar hökmən üzlərini cırıb qan çıxarardılar. Yaxşı ki, bu vəhşi adətlər çəkilib gedir. Ancaq bəzi adamlarda bu hələ instinkt olaraq qalır, özü də pul qazanmaq həvəsində olanlar daha da çoxdur. Ən çox da küçə ticarətilə məşğul oldunsa deməli, bunların cırmaqlı sözlərini dinləməlisən, inanmalısan.
Nə isə… Deməli hər səhər köşkdən qəzet almağa gedirəm. Evdən səkkiz yüz metr aralıda “İnşaatçılar” metrosunun yanına qədər piyada irəliləyirəm. Ortada avtobus dayanacağı var. Bir az gözləyirəm ki, avtobus gəlsin, baxıb görüm şanlı xalqımız xəstəliyə qarşı necə vuruşur, insanlar maska (bəzi yerlərdə buna burunatax deyirlər) taxıb, yoxsa yox. Bah, nə görsəm yaxşıdır? Avtobusda otuz-qırx adamdan cəmi iki nəfər maska taxıb. Yaxınlaşıb sürücüdən soruşuram ki, niyə maskasız sərnişin götürürsən?
Deyir:
-Nə işim var? Mən plan doldururam. Oturur, otursun. – Sonra qıyqacı baxır. – Müfəttişsən? – Başımı “yox” şəklində yelləyirəm.
– Onda sənin nə işin var? Get getdiyin yerə. Bu zaman səsini də qaldırır ki, sərnişinlər onun dediklərini eşidib dəstək versinlər. Elə də olur. Etirazlar başlayır: “Sür gedək, işə tələsirik”.
Əlqərəz, bundan aralanıb “Qələbə dairəsi”ni keçirəm. Yol boyu küçə ticarəti, elə bil İkinci Dünya müharibəsindən çıxmısan. Kimin əlinə hansı ərzaq düşür, istədiyi qiymətə satır. Satıcıların biri də maska geyinməyib…
Axşam evdə “qəməndir” demişdi ki, qəzet almağa gedəndə iki kilo sarımsaq alarsan. Bir göyərti satandan sarımsağın qiymətin soruşdum, dedi beş manat.
Yenə soruşdum:
– Qiymət nə vaxt ucuzlaşacaq?
Əvvəl əlimdəki qəzetlərə, sonra üzümə çəpəki baxandan sonra dinləndi:
– Dayı, sabah gələrsən, sənə dördə verərəm…
Sabah gəldim, dedim ki, ə bacıoğlu, dünən demişdin bu gün sarımsağı dördə verəcəksən.
Gədənin üzü bozardı:
– Nə danışırsan, altı manatdan bir manat da aşağı düşmərəm.
Əlim üzümdə qaldı. Düşündüm ki, yəqin yenə virus güclənəcək, bunlar da hardansa xəbər tutublar, indidən hazırlıqlarını görürlər. Bir söz demədim. Qırx metr aralıda başqa meyvə-tərəvəz satana yaxınlaşdım. Qiymət soruşdum, dedi üç manata. İki kilo sarımsaq alıb qayıtdım bu gədənin yanına. Gördü ki, torbada sarımsaq var. Əlimdəki torbaya baxıb soruşdu:
– Nə olub, dayı?
Dedim:
– Allah ölüb…
Gədə təəccübləndi:
– Allah niyə ölür, ay dayı?
– Allah ölməsəydi, sən bu qədər Allahsızlıq etməzdin. Səndən qırx metr aralıda üç manata satılanı sən altıya verirsən. Deməli, sənin üçün Allah ölüb.
Məsələnin nə yerdə olduğunu duyan kimi oğlan dilləndi:
– Ölüb-ölüb də. Sənin nə işin var? Bizim Allahımız puldur. Heç bilirsən nə qədər xərcimiz çıxır, ona ver, buna ver, axşam hesablayırıq ki, ortada heç nə yoxdur. – Nəsə düşünüb əlavə etdi. – yaxşı yadıma saldın, dayı, gedib, elə onlardan üç manata alım, burda altıya sataram.
Bir neçə dəfə “Allah ölüb” sözlərini təkrar edə-edə oradan uzaqlaşdım. Öz-özümə deyirəm ki, sənin nə işin var belə işlərdə? Bunlar üçün xalq, dövlət yoxdur. Qazanmaq, varlanmaq üçün kimi və nəyi desən satarlar.
Çox vaxt özümü danlayıram ki, ictimai, illah da iqtisadi məsələlərə qarışmayım. Nə işim var, e…? Amma özümü saxlaya bilmirəm. O gün bir dostuma deyirəm:
– Aşna, xəbərin var? Axır vaxtlar şeypur çalanlar çoxalıb. Belə getsə şeypur çalanlar ölkəsinə çevriləcəyik.
Gülə-gülə cavab verir:
– Ə, zurnadı dana, qoy çalsınlar da. Milli musiqimizi ölməyə qoymurlar. Yenə sağ olsunlar. Nə işin var?
– Aşna, mən zurnanı nəzərdə tutmuram. Şeypur deyəndə saksafonu nəzərdə tuturam.
Bir az duruxub cavab verir:
– Onda belə işlərlə mənim nə işim var?
Gülüşürük.
Sosial şəbəkədən oxuyuram ki, jurnalist gənc, bərkgedən rejissora sual verir:
– Şah İsmayıldan film çəkmək fikrindəsən?
O da soruşur:
– Şah İsmayıl kimdir? Təzə aktyordur?
Jurnalist etməyib tənbəllik bunun böyüyünə zəng edib. Böyüyü də belə cavab verib.
– Sənin nə işin var, özümüz bilərik. Get işinlə məşğul ol.
Di get, ay gözəl jurnalist, düz deyir də “Nə işin var?” Ona Şah İsmayıl lazım deyil ki, ondan film də çəksinlər.
Yenə də deyirəm nə işin var? Aptekə girirəm, deyirəm ki, beş-on dənə maska ver. Yavaş səslə deyir və barmağını göstərir, yəni bir dənə.
Soruşuram:
– Niyə, indi özümüzün maska zavodumuz var, indi də bir dənə?
Çiyinlərini çəkir:
– Nə işim var, belə şeyləri öyrənim?
Nə isə istədim Milli Məclisimizin maska taxmayanlar üçün cərimə haqqında verdiyi qərardan yazım ki, bu vəzifəli şəxs nədir, hüquqi şəxs nədir. Elə hesab et ki, polis bir hüquqi şəxsi küçədə saxlayıb. Polis nə biləcək bu adam, bu fərd kimdir…
Yox, sonra dedim ki, nə işim var? Qoy deputatlar özləri bilsinlər. O gün neçəsi iclasda maskasız oturmuşdu. Qoy onlardan başlasınlar. Nə işin var, axı?
Hər kəsin öz işi var. Başqa ictimai işlərə qarışmır.
Mənim də işim yazmaqdır.
Nə işim var, e…?
04.06.20
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin