Qarabağı yaşat “Oğlanlarıma məktublar” silsiləsindən – Səbinə Hüseynova yazır
Azərbaycanın ən qədim və gözəl guşələrindən biri, mədəniyyət və musiqi beşiyi olan Dağlıq Qarabağ əzəli-əbədi torpağımız, Vətənimizin ayrılmaz tərkib hissəsidir. Əsrarəngiz təbiəti, zəngin mənəvi və mədəni zənginlikləri olan bir diyardır. Qarabağ həm də bir çox görkəmli sərkərdə, alim, yazıçı, şair, rəssam və musiqiçilərin vətənidir.
Dağlıq Qarabağda hadisələr başlarkən 10 yaşım var idi. Qarabağla və Kəlbəcərlə bağlı heç vaxt unutmayacağım zəngin uşaqlıq xatirələrim var. Amma o diyarları daha çox babamın, nənəmin, atamın dediklərində yaşadıram. Sanki onların ayaq basdığı hər yerdə özüm olmuşam. O qədər həvəslə və duyğusallıqla o yerləri xatırlayıblar ki, hər guşəsini, gözəlliklərini, nəfəsini bizim gözümüzdə canlandırıblar. Xatirələrimə görə onlara minnətdaram. Torpaqlar işğaldan azad olunan kimi gedib o xatirələri yaşamaq, bununla babamın və nənəmin ruhunu şad etmək, eyni zamanda onların mənə anlatdıqlarını və uşaq ikən gördüklərimi sizlərə ötürməklə mənəvi borcumu qaytarmaq istəyirəm.
Əziz oğullarım! Sizin kimi, Qarabağı heç vaxt hələ ki, görmək qismət olmayan yüz minlərlə gənclərimiz var. Onların müvəqqəti olaraq düşmən tapdağında olan yurdumuzla mənəvi tellərini möhkəmləndirmək, beyinlərinə və qanlarına hopdurmaq lazımdır. Burada da unutqanlıq olarsa, bunu bizə nə tarix, nə millət, nə də gələcək nəsillər bağışlayar. Əksinə, siz və onlar hər gün bu torpaqlara qovuşmağın həsrəti və cəsarəti ilə yaşamalıdırlar. Qarabağın bir gün qaytarılacağına heç şübhəm yoxdur və əminəm ki, o gün heç də uzaqda deyil. Amma o günə qədər biz də boş oturmamalıyıq. Zehnimizdə, ürəyimizdə onu hər gün canlandırmalıyıq. Nağıllarımızın, romanlarımızın, dastanlarımızın, musiqilərimizin, şerlərimizin, filmlərimizin mövzusu bu olmalıdır. Deyirlər ki, insanın harası ağrıyırsa canı oradır. Canı ağrıyan insan bütün gücünü sağalmasına yönəldir. Bu gün bizim ağrıyan və qanayan yaramız da, canımız da Qarabağdır. Bu ağrı kəsməyincə, qanı durmayınca, canımız sağalmayınca başqa nə işimiz – gücümüz ola bilər ki?!
Övladlarım, doğma Qarabağdan didərgin düşmüş əziz gənclər, siz babalarınızın, ata və analarınızın Qarabağda – Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda yaşadığı kəndlərin, küçələrin, məhəllələrin, qəsəbələrin adlarını ola bilsin ki, dəqiqliyi ilə bilmirsiz. Onların qonşularını və dostlarını tanımırsınız. Amma bunu bilmək sizin üçün çox önəmlidir, hər biriniz üçün vacibdir. Atalarınızdan, analarınızdan, baba- nənələrinizdən soruşun. Dünyasını dəyişənlərə, şəhid olanlara, Allahdan rəhmət, sağ qalanlara doğma yurdunu görməyi arzulayaq. Ən kiçik detallara qədər soruşun. Hansı kənddən çay axır, o çayın adı nədir? Kim sizin qonşunuz olub? Yaşadıqları evin ətrafında nə var idi? Küçələrin adları, oxuduğu məktəbləri, müəllimlərinin adlarını, adət ənənələri… nə qədər mülkünüz, torpağınız olub? Soruşmaqla qalmayın, dəftərinizdə not alın. Telefonunuza çəkin. Bununla onları çox sevindirərsiniz, çox yaşlıların gözü arxada qalmaz. Bir gün o torpaqlara sahib çıxmaq istəyən nəvələri ilə iftixar duyarlar. Saxlayın bu xatirələri. Bu xatirələr əvəzolunmazdı, qiyməti olmayan müqqədəs anlardı. Çünki əziz gənclər, o böyük Qələbə günündə siz ata – analarınızın, ulu babalarınızın xatirələrini doğma Qarabağda yaşada-caqsınız! Sahib olduqlarınıza iddia edə bilərsiniz! Buna heç şübhəniz olmasın!
18. May 2020.
İstanbul.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.