Korun tutduğunu buraxmamaq mərəzi…

Son vaxtlar Əvəz Zeynallının “Xural” və “Reaksiya” internet televiziyalarında danışdıqlarını dinləyəndə, əvvəlcə “Dədəm mənə kor deyib, gəlib-gedənə vur deyib” məsəlini, ardınca isə “Axırıncı aşırım” filmində Kərbəlayının evindəki kütləvi yemək səhnəsində kəndlilərə dediyi -“Belə çıxır ki, hamı namusunu, arını itirib, qeyrətli kişi bircə sizsiz ?”, – sözlərini xatırladım…

Doğrudan da, ölkədəki söz, mətbuat azadlığından gen-bol yararlanan bu adam, qarşısına çıxan, amma “ümidlərini doğrultmayan” şəxsləri gen-bol lənətləyir, daş-qalaq edir, iftira-böhtan atmaqdan zərrəcə belə çəkinmir. Özünə də çox güman elə gəlir ki, onlar üzərində, necə deyərlər, qəti qələbə qazanır  “arlarını yedizdirib, namuslarını da bellərinə (kürəklərinə) şəlləyir… Bəli, bəli, məhz özünə belə gəlir… Amma özünə elə gəlməməlidir, sadəcə Əvəz Zeynallı özünə gəlməlidir və bilməlidir ki, onların ar-namus yiyələri olmalarını ictimaiyyət yaxşı bilir. Dərindən-dərinə düşünüb, keçmişinə, lap elə bu gününə, belə demək mümkünsə, kənar gözlə baxmalı, bir vaxtlar iddiasını (maddi marağını) gerçəkləşdirmək niyyətilə kiməsə (kimlərəsə) şər-şəmətə “yükləməsi” səbəbindən dəmir barmaqlıqlar arasına düşüb, 9 il “srok” almasını yada salmalı, o vaxtdan indiyədək “əllərində qalan çirki təmizləməlidir”.Sonuncu dırnaqarası sözlərə isə, Tolstoyun məşhur bir kəlamını xatırlatmaq istəyirəm: “Birinə ləkə atmazdan əvvəl unutma ki, əvvəl sənin əllərin çirklənəcək”… Amma Əvəz Zeynallı nədənsə dinə-imana gəlib çamur atdığı əllərini təmizləmək əvəzinə, yuxarıda adını çəkdiyim məşhur filmdə İmanın dilində tez-tez səslənən “sabataj” kəlməsinə özünün “fəaliyyət proqramı”nda xüsusi yer ayırır… Yazıya belə geniş girişlə başlamağım təsadüfi deyil.

Əvəz Zeynallı yatıb yuxusunda nə görübsə, düşüb Milli Məclisin deputatı Cavanşir Feyziyevin üstünə. Ağlına yox e, ağzına nə gəldi döşəyir ünvanına, elə danışır ki, sanki bütün dünyaya yayılan zəhrimar koronavirusun səbəbkarı, Azərbaycanda maska qiymətinin artması, yaxud çatışmazlığının baiskarı odur. Cavanşir müəllim də abıına qısılıb, çox dərinə getmədən bu “demokratiya aşiqinə” anladır ki, “ay binəva, sənin ittihamlarının mənə – Milli Məclisin deputatı Cavanşir Feyziyevə heç bir dəxli yoxdur: Bəli, vaxtında mən Azərbaycanda “Avromed” farmatevtik şirkətini yaratmışdım, amma 2010-cu ildə deputat seçildikdən sonra, icraçı direktor postunu tərk etdim, 2016-cı ildə isə ümumiyyətlə, şirkətin bütün aksiyalarını satdım. Yəni “Avromed”ə son 5 ildə heç bir aidiyyatım yoxdur…”.

Kor tutduğunu buraxmadığı kimi, Əvəz Zeynallı da dediyindən dönmür, söz-söhbətində hərlənib-fırlanıb, koronavirusdan yapışır və sonda təqsiri, hətta dərman möhtəkirliyinin səbəbini belə Cavanşir Feyziyevdə görür. Deputatın “heç bir bizneslə məşğul deyiləm və özümü sırf qanunverici fəaliyyətə həsr etmişəm” sözlərini də qulaqardına vurur, bununla da yuxarıda qeyd etdiyim “sabotaj” fəaliyyətinə heç bir şübhə yeri qoymur. Deməli, onun və yanında “yetişdirdiyi” geydirmə jurnalist Zaur Qəriboğlunun dərdi başqa dərddi. Əgər, desək ki, Əvəz Zeynallı qara niyyətilə qaralamağa çalışdığı Cavanşir Feyziyevi, necə deyərlər, boğaza yığıb, ona aid olmayan məsələni qabardıb oxucularda onun nüfuzunu aşağı salmağa cəhd göstərir, səhv etmərik. Bu baxımdan, doğrudan da, deputatın–”apteklərdə aspirin tapılmır – Feyziyev təqsirkardır, yod tapılmır – yenə də Feyziyev günahkardır. Maskalara görə isə, ümumiyyətlə, həbs olunmalıdır… Bu qədər olmaz axı… Mən də insanam və sakit həyat sürmək istəyirəm”,–sözləri anlaşılan, başa düşüləndir. Bəli, kor tutduğunu buraxmadığı kimi, Əvəz Zeynallı və Zaur Qəbiroğlu da çirkli məqsədlərindən dönmür, “daşı ətəyindən töküb” haram yoldan qayıtmırlar. Əyri-üyrü fikri-niyyəti olmasaydı, elə deputatın yuxarıdakı açıqlamasından sonra özünü “demokrat siyasi xadim”, “mogikan jurnalist” adlandıran bu Allah bəndəsi “maska” ilə bağlı ajiotaj yaratmaq əvəzinə, ABŞ, Rusiya və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu möhtəkirliyin kökünü axtarıb tapmalı, koronavirusdan pul qazanan işbazların izinə düşüb günahkarları ifşa etməli idi.

Amma təkrar edirəm, Əvəz Zeynallının qara niyyəti nəinki buna imkan verir, hətta deputatı hər cümləbaşı təhqir etməkdən belə çəkinmir. Sosial şəbəkə istifadəçiləri Əvəz Zeynallıya səhv etdiyini göstərəndə isə “…mən indiyə qədər bu adamı (Cavanşir Feyziyevi nəzərdə tutur) tanımamışam, o günü barəsində Pənah Hüseyndən eşitmişəm”- deyir. Yaxud, bir müxbirin yazdığı yazıda deputatı haqlı olaraq, “türkçü” adlandırmasına rişxənd edir. Elə bu məqamdaca Əvəz Zeynallıya bir xatırlatma: neçə il Türkiyədə təhsil alıb türkçü ola bilmisənmi?!. Qətiyyən, yox. Bu inkar fikrimi Əvəz Zeynallının ötən dövrlərdəki qaranlıq, qarmaqarışıq həyat təzi də, qisasçı, fəndgir olmağı da təsdiqləyir. Cavanşir Feyziyev isə, bəli, əsl türkçüdür. Onu tanıyanlar yaxşı bilir ki, o hər zaman ədalət, haqq tərəfində olub, el-obaya, xalqa-millətə sevgisi ilə tanınıb, Türkçülüyə bağlılığını bu mövzuda yazdığı neçə-neçə əsəri ilə təsdiqləyib və Türk dünyasında özünə layiq nüfuz qazanıb.

Elə bütün bunların nəticəsidir ki, 2017-ci ildə Türk dünyasına verdiyi töhfələrə görə Beynəlxalq Türk Akademiyasının “Qızıl medalı”nı alan 15 Türkçüdən biri, birinci azərbaycanlı olub. Türkçülük ideyasıını təbliğ edən, əsərlərinin hazırda türkdilli və türkdilli olmayan universitetlərdə əlavə dərs vəsaiti kimi tədris olunması da bunun əyani nümunəsidir. Əvəz Zeynallıya deputatın türkçülüyünü kinayə ilə vurğulaması qarşılığında Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kİtabını da oxumasını məsləhət bilirəm. Xatırladım ki, müəllifin bu əsəri türk dünyasının taleyi ilə bağlı ən aktual problemə – Türk Dövlətləri Birliyinin yaradılması zərurətinə həsr olunub. Kitabda bu problemin fundamental əsasları araşdırılır: türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, Avrasiyanın “Türk konsensusu” əsasında, yeni yanaşma konteksində təhlil edilir. Müəllif bu əsərdə Türk dövlətləri birliyinin təşəkkül şərtlərini, ümumtürk strategiyasının başlıca məqsədlərini müəyyənləşdirməyə, müstəqil türk dövlətləri arasındakı bu müttəfiqliyin ideologiyasını konseptuallşdırmağa və nəhayət, türk geosiyasi regionunun türk geosiyasi sisteminə, türk geosiyasi sisteminin isə, öz növbəsində Türk Dövlətləri Birliyinə transformasiyasının qanunauyğunluğunu açmağa çalışır.

Əvəz Zeynallının diqqətini bir məqama da yönəltmək istərdim. Əvəz Zeynallı deputatın halal səslə seçilməyinə də şübhə ilə yanaşır. Amma bu məsələdə də onu qınamaq düz olmaz. Çünki bu, Əvəz Zeynallının hər şeyi – halalı haram, düzü əyri, işığı qaranlıq kimi görmək xislətindən irəli gəlir. Şər-şəbədəyə həsr etdiyi ömründən bircə gün ayırıb yolunu Şəkiyə salsa, orada Cavanşir Feyziyevin seçiciləri ilə görüşüb, onun xalqının və elinin məhəbbəti ilə deputat seçildiyinin şahidi olar. Bilər ki, Cavanşir Feyziyev öz seçiciləri ilə münasibətlərini hansı səviyyədə qurub, onların qayğı və problemlərinə hansı həssaslıqla yanaşıb. O zaman bəlkə adam belə bir millət vəkilinin – dövlətini, vətənini və xalqını sevən, Avropa Parlamentində ölkəmizi ləyaqətlə təmsil edən, haqq səsimizi dünyaya eşitdirən bir Azərbaycan oğlunun, həqiqətən öz seçicilərinin qürur, inam və iman yerinə çevrildiyini anlaya bilər. Yoxsa, kornovirus yox, Əvəz Zavallının içindəki başqa bir virus daxildən onu didib-parçalayacaq, axırına çıxacaq. Buna isə heç bir şübhə olmasın…

 

Fatımə Paşayeva