Keçmişdən gələcəyə nə daşıyırıq?- Üçüncü yazı YUNUS OĞUZ YAZIR
Fəlsəfi-tarixi-publisist düşüncələrim
Epiqraf
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
İkinci yazını buradan oxuya bilərsiniz http://mediazona.az/?p=12899&fbclid=IwAR2plOGVe_pImI46Kz9h_1R3Eo7JF0zVqzqgECjmsrylD7YIDN4DwlFgX4w
Yalnız 1836-cı ildə ermənilərin katalikosunun Sankt-Peterburqla uzun yazışmalarından, çar məmurlarının satın alınmasından sonra çarın əmrilə alban kilsələri erməni kilsəsinin tabeliyinə verildi. Erməni kilsəsi alban kilsələrinin zəngin əlyazmalarını ələ keçirməklə və özününküləşdirməklə Qafqazda olmayan tarixini qədimləşdirdi. Bu əlyazmaların üzü köçürüldü, “alban” terminləri mümkün olduğu qədər “erməni” termini ilə əvəzləndi. Bu da oldu Qafqazda “qədim erməni tarixi”.
Təbiidir ki, Difai təşkilatının yaradıcıları bütün bunları gözəl bilir və anlayırdılar ki, daşnaklar Qafqazda yaşayan yerli və köklü xalqları bu ərazilərdən qovmaq, yaxud öldürmək və yerində erməni dövləti yaratmaq istəyirdilər. Bu “dövlət”in tarixini isə yüz ildi işləyib hazırlayırdılar.
Qayıdaq XX əsrin əvvəllərinə.
1905-1907-ci il hadisələrindən sonra erməniləri bu ərazilərdən heç kim qovmadı. Onlar hiylə və dostluq niqablarını yenidən sifətlərinə taxdılar. Özlərini elə göstərirdilər ki, guya heç nə olmayıbmış, guya bizimlə xoş, mehriban qonşudurlar.
Elə ki, birinci Dünya müharibəsi başladı, dərhal daşnakların xəyanət simaları yenidən ortalığa çıxdı. Bu Osmanlı Türkiyəsində özünü daha çox büruzə verdi. Belə ki, Çar Rusiyası tərəfindən Osmanlı ərazilərində silahlanan və təşkilatlanan ermənilər türk ordusunun kürəyinə xəncərlə zərbələr vurmağa başladı. Onlar arxa cəbhədə kəndlərə, şəhərlərə, hücum edir, insanları, ailələri, qocaları, qadınları, uşaqları kütləvi şəkildə qarət edirdilər və qətlə yetirirdilər.
Bu hal 1915-ci ilin may ayına qədər davam etdi.
Çünki Sarıqamış hadisəsilə Osmanlı hökumətinin səbr kasası daşdı. Şanlı Türk ordusu Sarıqamışda ruslara qarşı döyüşdə mövqelərini əldən verməmişdi, baxmayaraq ki, türklərin arxa cəbhəsini daşnaklar tamamilə dağıtmışdılar. Beləcə doxsan minlik türk əsgəri səngərdəcə donmuşdu. Osmanlı hökumətinin aprel ayında ermənilərin şərq cəbhəsindən köçürülməsi haqqında verilən qərar may ayında icra edilməyə başlandı. Yalnız bundan sonra türk ordusu şərq cəbhəsində mövqe üstünlüyü qazandı.
Erməni silahlı qüvvələrinin növbəti fəallaşması Rusiyada 1917-ci ildə baş verən fevral burjua inqilabından sonra başladı. Həmin ilin oktyabr ayında proletar inqilabı baş verdi və bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir qədər sonra isə Rusiya birinci Dünya müharibəsində iştirakdan imtina etdi. Mart ayında, 1918-ci ildə Rusiya ilə Almaniya arasında Brest-Litovsk müqaviləsi bağlandı. Eyni zamanda Rusiya Türkiyədən bu müqavilə əsasında qoşunlarını geri çəkdi. Rus qoşunları ilə bir yerdə təpədən dırnağa qədər silahlanmış daşnaklar da Qafqaza və Türküstana doluşdular. Bakıda bolşevik-daşnak hakimiyyəti artıq qurulmuşdu və Qafqaza gələn daşnak silahlıları bolşevik ordusuna yazıldılar. Onlara imkan yaradan kimi yenə də əvvəlki xasiyyətlərindən əl çəkmədilər.
Birinci silahlı toqquşmadan biz ibrət almadıq və yeni münaqişələrin qarşısını almağa hazır olmadıq, nəticədə 1918- ci il 30 mart – 3 aprel arasında Bakı quberniyasında, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Urmiya, Xoy, İğdır və digər yerlərdə kütləvi qırğınlar törətməyə başladılar. Mənbələrin məlumatlarına əsasən mart soyqırımında əlli mindən çox insan qətlə yetirilmişdi.
Hələ bundan öncə fevral ayında bolşevik daşnaklar Orta Asiyada, yəni Türküstanda əhaliyə qarşı kütləvi qırğınlar törətmiş, yüz minlərlə əhalinin ömrünə son qoymuşdu. Buna cavab olaraq Türküstan əhalisi müqavimət hərəkatı yaratmış və bu, 1936-cı ilə qədər davam etmişdi.
Başda Stepan Şaumyan olmaqla Bakı komissarları ikili siyasət apararaq bolşevik Rusiyasından hərtərəfli yardım almaqla yanaşı, ingilis hökumətindən də milyon qızıl rubl yardım alaraq fəaliyyətlərini daha da genişləndirdilər. Daşnaklar bolşeviklərin köməyi ilə Bakıda erməni dövlətini yaratmaq niyyətlərini heç də gizlətmirdilər. Bunun üçün də vətəndaş müharibəsinin daha da alovlandırılmasını istəyirdilər. Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən “Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir!” demişdir. O yazırdı: “Bizim siyasətimiz vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir”. Başqa bir yerdə Şaumyan qeyd edirdi ki, Bakı Sovetinin ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində həmin ordu Erməni Milli Şurasına tabedir.
Görürsünüzmü, necə məkrli və hiyləgər qonşularla bir yerdə yaşmağa məcbur edilmişik. Yalnız 1918-ci ilin may ayında özünü Tiflisdə elan edən Azərbaycan Xalq Cümhuriyyətinin bir neçə üzvü, başda M.Ə.Rəsulzadə olmaqla iyunun 4-də Batumda Osmanlı və Azərbaycan hökumətləri arasında müqavilə bağladıqdan sonra bolşevik- daşnaklarla bütün Azərbaycanda müqavimət güclənməyə başlandı.
Qeyd etmək yerinə düşərdi ki, o zaman da, 1991-ci ildə də Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə oldu.
Çox keçmədi ki, Gəncə Azərbaycanın paytaxtı elan olundu və Osmanlı və Azərbaycan tərəfindən yaradılan Qafqaz İslam Ordusu Gəncədə yerləşdi və çox ciddi hərbi fəaliyyət göstərməyə başladı.
Nəticə olaraq Qafqaz İslam Ordusu gərgin döyüşlər apararaq sentyabrın 15-də Bakıya daxil oldu və şəhəri bolşevik-daşnak işğalından azad etdi. Ordu komandanı Nuru Paşa qısa bir müddətdə şəhərdə qayda-qanun yaratmağa müvəffəq oldu. Ordunun gücünü görən ermənilər barışıq üçün ağ bayraq qaldıraraq yalvarışla sülh istədilər. Bu qırğınlar yenə bizə dərs olmadı. Səhvimizdən nəticə çıxartmadıq. Hətta, digər milli azlıqlar kimi, ermənilərə də Cümhuriyyət parlamentində yer ayrıldı. Bununla yanaşı parlament mart soyqırımını təhqiq etmək üçün Fövqəlaqə İstintaq Komissiyası yaratdı. Lakin, heyhat, komissiya öz işini başa çatdıra bilmədi. Çünki Moskva Bakının müstəqilliyini heç cürə qəbul edə bilmirdi. Bakı nefti Rusiyanın vətəndaş müharibəsində və gələcəkdə də əsas silahı idi və ikinci Dünya müharibəsində də Sovet İttifaqı məhz Bakı neftinin hesabına faşist Almaniyasının üzərində qələbə çaldı.
Cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrünə 28 aprel 1920-ci ildə sovetlərin XI Qızıl Ordusu son qoydu. Yenidən kütləvi represiyalar, qırğınlar başladı. Azərbaycanda Sovet hökuməti quruldu və dərhal da ermənilər özlərini hökumətin bu qurumlarında yerləşdirməyə başladılar. Bunun da nəticəsi olaraq yalnız may 1920-ci ildən noyabr 1921-ci ilə qədər Azərbaycanda 50 minə qədər insan terrora və repressiyaya məruz qaldı. Xalqın əsas düşünən beyinləri sıradan çıxarıldı.
Əsl ziyalısı olmayan xalq məhvə məhkumdur!
Sovet rejimi düşünən beyinləri sıradan çıxardıqdan sonra yeni sistemə uyğun ziyalı yetişdirmək lazım gəlirdi. Beyinləri yuyulmuş nə qədər ziyalı yetişdirildi. Onlar hələ də “yaşayırlar”, özlərinə görə ziyalıdırlar.
Ziyalı həm də xalqla hökumət arasında ildırım ötürücü rolunu oynamalıdır. Ziyalının ən ümdə vəzifəsi dövlətin, əgər çöküşünü görərsə susmamaqdır. Ziyalı həm də cəsarətli olmalı, fikirlərini sərbəst söyləməyi bacarmalıdır. Ancaq fikirlərini sərbəst şifahi və yazılı deyən aydınlarımız amansız repressiya maşınında xıncımlandılar. Bu xalq üçün düşünən insanların fikirləri beyinlərdə qəbirstanlığa çevrildi. Özü də bütün bunları həyata keçirən Moskvada Mikoyandan tutmuş, ta yerlərə qədər ermənilər, yaxud vəzifəyə görə onlara havadarlıq edənlər idi. Nə qədər ziyalımız günahsız qurban oldu, nə qədəri Azərbaycandan qaçaq düşdü? Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və onlarla belə ictimai-siyasi fikir adamları bir də yüz ilə yetişməzdilər.
Hələ bu azmış kimi ikinci Dünya müharibəsində altı yüz mindən çox əsgər və zabitimiz iştirak etdi və bunlardan yarısından çoxu müharibədən qayıtmadı. O zaman üç milyon əhalisi olan Azərbaycanın üç yüz mini geri qayıtmadı. Bu, demoqrafiyamıza sarsıdıcı zərbələr vurdu. Bu, əhalinin çoxalmasının qarşısını almaqla yanaşı, həm də doğulmayan uşaqların faciəsi idi. Əgər hər min uşaqdan biri istedad sahibi olardısa, deməli ən azı üç yüz istedadlı gəncə sahib ola bilərdik. Hələ mən repressiya illərində qurban gedən və yaxud mənəvi terrora məruz qalan ziyalılarımız haqqında yazmadım. İlahi! Millətin başına bu qədər oyunlar gətirilir, amma bizə ibrət olmur.
Bu da azmış kimi, Moskvada kommunist partiyasının siyasi bürosu tapşırıq verdi ki, tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan, yəni əski İrəvan xanlığından azərbaycanlılar köçürülsün.
Siyasi büronun göstərişi və SSRİ Nazirlər Sovetinin qərarı ilə azərbaycanlıların Ermənistandan qovulmasının yeni mərhələsi başlandı.
Beləliklə, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar verdi.
SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin köçürülməsi ilə əlaqədar haqqında” daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu plana görə üç il ərzində Ermənistandan yüz mindən çox azərbaycanlı Azərbaycana köçürüldü.
Qərarın axırıncı, II maddəsində ayrıca göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər.
Bax belə. Heç bir səbəb göstərilmədən soydaşlarımız köçürülür və onların dədə-baba torpaqlarına Suriyadan, Livandan, İrandan və başqa ölkələrdən ermənilər Ermənistana və Sovetlər birliyinin hər yerinə köçürüldülər. 1944-cü ildə isə müharibənin gedişatı zamanı bizi də Krım tatarları, Ahıska türkləri, bulqar və qaraçaylılar kimi Azərbaycandan bir nəfər qalmamaq şərtilə Orta Asiyaya və Qazaxıstana sürgün edəcəkdilər. Yalnız Güney Azərbaycan məsələsi gündəmdə olduğu üçün müvəqqəti saxlanıldı, çünki İranda İ. V. Stalin üçün planlar başqa idi və Sovet qoşunları orada yerləşdirilmişdi. Ziyalılar repressiya olunur, sahibi olmayan xalq isə çöllərə salınırdı. Bu təkcə azərbaycanlılara aid deyildi, bütün türklərə şamil olunurdu. Qazaxıstanda erməni əsili Mirzəyev adlı birisi bu ölkədə yüz minlərlə qazaxlını acından öldürdü. Eyni aqibət özbəklərin də başına gəldi.MediaZona.Az
Ardı var
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.