Dolanışıq- YUNUS OĞUZ YAZIR

Hər kəsin dolanışığı bir şeydən… bir zaddan… daha doğrusu bir əməldən çıxır. Bu zad əməli etmədinsə, heç zad, batdın, getdin. Elə hesab et ki, yolunu gözləyən, gözünü əlinə dikən arvad- uşağı çörəksiz qoyursan. Gedirsən evə,  zəngi basırsan ki, qapını kimsə açsın. Arvad gözlükdən baxıb görür ki, yenə də əli ətəyindən uzun qayıtmısan. Əlində içi nə iləsə dolu torbalar yoxdu, qapını açmağa tələsmir. Bayaqdan səs-küy gəlməyən mənzildən dərhal hay-küy qopur. Arvad isə hələ qapını açmır. Uşaqlar guya qışqırır, xanım əfəndi də, guya uşaqları sakitləşdirmək üçün keçir zənguləyə. Bah, zəngi eşitmirlər. Handan-hana qapı açılır. Arvad az qalır kişiyə desin ki, boynuvu yerə soxum, amma başını qaldırıb ərinə baxanda görür ki, kişisinin boynu yoxdu, utandığından çiyni ilə başı birləşib… Day, dalısını yazmıram. Özünüz bilirsiniz sonrası nə olur…

Bax, dolanışıq olmayanda belə olur… Kimisinin dolanışığı işverənlikdən, üzə durmaqdan, yarınmaqdan, əclaflıqdan, halallıqdan, nə bilim saymaqla qurtarmaz, kimininsə torbasının dolması müxalifətdən, məmurdan çıxır. Bəs nə bilmişdiniz?

O gün müxalifət özünü döydürdü, yox, e…, şil-küt etdirdi. Niyə? Dolanışıq üçün. Siyasi möhtəkir, baş pulyığan gənclərə demişdi ki,  kim döyülüb kameraya düşsə xaricə getmək üçün yaşıl kart alacaq. Həzrət Abbas haqqı, görəydin bu binəvalar özlərini polisə necə çırpdırırdılar. Desəydin ki, İmam Hüseynin eşqinə özünə əl qat, deyərdi ki, ət tövbə, mən belə şeylərdən çox uzağam. Amma burda özlərini eşşək sudan gələnə qədər döydürdülər. Neyləsinlər, çörəkləri döyülməkdən çıxır. Kameraya düşdükdən sonra baş dəllala sənədləri tez düzəltmək üçün bir qədər də pul-para verib, dolanışıq torbasının, rəsmi dildə “ehtiyac zənbili”nin arxasınca xaricə üz tutacaqlar. Adam döyülür, adam döyür. Hə, nə olsun? Torbası ki, evə boş getmir. Hələ “Baş pul yığan” ağalarından da bunun üçün nəsə alır. Bu da onun üçün ikiqat dolanışıq olur.

Bax, küçə möhtəkirlərinin  dolanışığı küçə ticarətindən çıxır. Qida Təhlükəsizliyi Agentliyinin və sanepidstansiya işçilərinin də dolanışığı bu küçə ticarətindən  çıxır. Odur ki, onlara ” gözün üstə qaşın var” deyən yoxdur. Gedirsən  küçə ilə… Görürsən ki, daşın üstünə balıqlar düzülüb. Balıqların da üstündə milçəklər vızıldaşır. Milçəklər ağzı açıq qalmış balıqların içinə doluşurlar. Bilmirəm, bu şoğəriblər orda nə tapıblar. Bəlkə də ləvəngilik olmağa hazırlaşırlar. Yazıq balıq az qalır balıqsatana qışqırıb desin ki, ə, tənbəlliyi at qırağa, üstümdən bu zəhrimarları qov, məni tez sat. Kimə deyirsən? Balıqsatan da axşam bu boyat balıqlardan birini evdə qızartdırıb, araqla vurub. İndi “paxmeldən” ayıla bilmədiyi üçün heyi, taqəti qalmayıb. Hara baxırsa stəkana süzülmüş yüz qram araq görür. Yaxud, özünü halal adam kimi göstərən, dini paltar geyinən bir qadın, elə hamının gözü önündə satdığı quru xəngəl torbasının içindən qurd təmizləyir. Torbada qurd gəzişir, arvadın vecinə deyil. Heç kimdən utanmadan, arınmmadan, çirkli barmaqları ilə qurdları bir-bir götürüb yerə vızıldadır. Yaxşı deyiblər: “Quru xəngəli qurd basmasa, dadlı olmaz”. Yanındakı toppuş, “istolova” pişiyi də ağ görünməsi üçün pörtülmüş çolpanı yalayır.

Hələ sənə ətsatandan deyim. “Mercedes”in baqajından toza- torpağa, neftə, sürtkü yağına bulaşmış cəmdəyi çıxardıb atır ət kötüyünün üstünə, arada da qışqırır: “Təzə ətdən qalmadı, bir azdan bu da olmayacaq”. Onun vecinə deyil qazandan nə iyi gələcək: Neft, yoxsa ət iyi? Neft iyi gəlsə lap yaxşı olar. Dolanışıq düzələr.

Hə, necədi sizin üçün belə dolananlar? “Uf” demədən sənə hər şeyi dürtüşdürürlər. Hamı da susur, çünki hərə bir zaddan dolanır. Düşünürəm, o həbs olunan leş satanları da təcili buraxmaq lazımdır. Adam otuz ildir leş satır, indi görürlər? Ağaları da bunları  belə ötüşdürürlər.   Görünür kuratorları dəyişib. Dolanırlar da. Burda ağlıma gəşəng şüar gəldi: “Müstəqilliklə yaşıd olan leş ətləri”

Dolanışıq üçün yarınanları hələ demirəm. “Mişar daşı” yazan dostum Mirzənin də başına gəlməyən oyunlar qalmayıb. Ötən səfər yazmışdım axı. Qeyri-hökumət təşkilatından bir layihəyə o qədər pul alıb ki, yığıb-yığışdıra bilmir. Deməli, bir gün mənə zəng etdi ki, Mirzə, başıma iş gəlib.

Dedim, nə olub, Mirzə?

Dedi ki, hal-qaziyyə belə. Bir bərk gedən rektorun köməkçisinə zəng etmişəm ki, bəs belə layihəmiz var: “Klassik ədəbiyyatımızda Vətənpərvərlik mövzusu”. Dedi: “Gözəl mövzudur, amma bilirsən də. Bizim universitet rektor kimi bərk gedəndir. Gərəkdir ki, tədbirdə məşhurlar olsun.

Mənim  də dilim dinc durmadı. Dedim ki, ay müəllim, bundan məşhur adamlar? Şirazdan Şeyx Baba Kuhi, Suriyadan  Seyid İmaməddin Hüseyni, Gəncədən İlyas Yusuf oğlu N… Köməkçi daha məni danışmağa qoymadı, sözümü kəsərək dilləndi:

– Day lazım deyil, çox hörmətli qonaqlardır. Vaxtını rektor müəllimlə razılaşıb sənə zəng edərəm.

Deyir, həngamə də bundan sonra başlayıb. Dolanışıq üçün yarınmağa çalışan köməkçi də götürüb rektor yoldaşa zəng edib ki, bəs belə-belə işlər, universitetimizə belə dəyərli qonaqlar gəlir. Adları da bir-bir sadalayıb. Ağır iş günündən sonra (yəqin pul sayırmış) rektor da kuratorunun yaninda xal-bal qazanmaq üçün ona təcili zəng edir, əhvalatı danışır və deyir ki, bütün hazırlıqlar bitib, yaxın vaxtlarda mötəbər qonaqlar təşrif gətirəcəklər. Kurator da ağıllı və arif adammış. Rektoru başa salır ki, ay danqaz, yarınmaq, yarınmaqdı. Day bu qədər də yox da… Şeyx Baba Kuhi Şirvani on üçüncü əsrdə yaşayıb. O birilər Nəsimi ilə Nizami Gəncəvidir. Rektor nə təhər hirslənibsə köməkçisini işdən qovub.

Görürsünüzmü dolanmaq  üçün kor-koranə, savadsız yarınmaq hara gətirib çıxardır? Az qalmışdı dövlət səviyyəsində tədbir keçirsinlər.

Bu söhbətdən sonra mən də tənbəllik etməyib zəng etdim rektora (ağlınıza başqa şey gəlməsin. Rektora zəng etmək  nazirə zəng etməkdən daha çətindir. Sadəcə olaraq, biz Mirzələrdə onların gizli nömrələri olur). Rektor mənə and verdirdi ki, məsələni aləmi-faş eyləmə. Sənə də görüm-baxım edərəm, yəni dolandıraram. Tay ona əziyyət vermədim. Dedim ki, dolandırmaq məsələsini, müğənnilərə et. Odur ki, özünə əziyyət vermə. Mənim dolanışığım qələmimdən çıxır, onu da sındırmaq sənlik deyil.

“Dolanışıq çətinləşib, Mirzə!” Bunu mənə vatsapda bir tanışım yazır. Yazır ki, Mirzə, indiyə qədər prezident istefasını qəbul etdiyi məmurların hesabına dolanırdım. İndi bəs necə olacaq? Onların özlərinə təqaüd güclə çatacaq.

Bəs mən neyləyim?

Yazdım ki, rahatsız olma. Onlar özlərinə dolanışıq yerləri hökmən tapacaqlar, hətta bilirəm ki, hansı işlərlə məşğul olacaqlar. Elə  səni də dolandıracaqlar. Bax, Abid Şərifov indi nə ilə məşğuldur? Tunel tikmək üzrə ekspert-mütəxəssisdi. Qəşəng də əli pulla oynayır. Abel Məhərrəmov İspaniyadan gələn çaxırların  dequstatorudur. Misir Mərdanov, Namiq Abbasov, Əli Nağıyev, Əli Abbasov, Eldar Mahmudov, hətta təzəlikcə işdən çıxanların hamısının dolanışıqları üçün hökmən bir əməlləri var. Bunu da növbəti yazımda yazacam.

Bu yazını da ona görə yazdım ki, mənim də dolanışığım babat düzəlsin.

25.10.19