“Çoxu elə bilir ki, ərə gedib…” – FOTO
Azərbaycanlı xanımlara özünü inkişaf etdirməyi və özünü sevməyi məsləhət görən müğənni Nadir Qafarzadə hesab edir ki, ərə gedib uşaq dünyaya gətirmək qadının əsas vəzifəsi deyil. Qadın gözəl ana olduğu kimi, gözəl həyat yoldaşı da olmağı bacarmalıdır. Bundan başqa ifaçı yaşını gizlədən qadınların çoxunun aciz olduğunu düşünür.
Nadir Qafarzadə Publika.az-ın “Üç nöqtə” layihəsi çərçivəsində yarımçıq qalan fikirləri belə tamamlayıb.
– İndiki ağlım olsaydı…
– Səhvlərə yol verməzdim, başqa cür yaşayardım.
– Zəmanət verə bilərəm ki…
– Sizinlə danışan Nadir Qafarzadədir.
– Dünyanı dəyişmək imkanım olsaydı…
– Hər kəsi savadlı edərdim.
– Kişilər o qadınlara xəyanət etmir ki…
– Səliqəli, baxımlı və seksual qadınlara kişilər xəyanət etmir.
– Seviləsi qadın olmağın ilkin şərti…
– Qadın yalnız məişət işləri ilə məşğul olmalı deyil, o, həyat yoldaşına da xüsusi diqqət və qayğı ilə yanaşmalıdır. Mənə elə gəlir ki, Azərbaycanda kişilər xanımlara daha çox xəyanət edirlər. Çünki azərbaycanlı xanımların çoxu elə fikirləşir ki, ərə gedib uşaq dünyaya gətirmək, mətbəxdə yemək bişirmək qadının ən ali vəzifələridir. Amma belə deyil, qadın ərinin bütün istəklərinə hərtərəfli cavab verməlidir. Necə deyərlər, qadın qabyuyan, paltaryuyan və yemək bişirən robot deyil. O, gözəl ana olduğu kimi, ideal həyat yoldaşı xüsusiyyətlərinə də malik olmalı, başlıcası isə özünü inkişaf etdirməli, özünü sevməli və yüksək qiymətləndirməlidir.
– Qadınlar yaşını ona görə gizlədir ki…
– Ancaq aciz qadınlar yaşını gizlədir. Yaşını gizlədən qadınlar özlərindən başqa heç kimi aldatmır. Xüsusilə məşhurların neçə yaşda olduğunu hər kəs gözəl bilir. Elə qadınlar var ki, özünə baxdığı üçün yaşından daha cavan görünür. Baxımsız qadınlar isə vaxtından tez qocalır, dərisi qırışır və saçları ağarmağa başlayır.
– Qadına qarşı şiddət…
– Təbii ki, əleyhinəyəm. Bu cür hadisələr də savadsızlığın, cahilliyin ucbatından baş verir. Ümumiyyətlə, savadsız insan natamam şəxsiyyətdir.
– Vicdanıma and olsun ki…
– Hər zaman səmimi danışıram, sünilik məndən tamamilə uzaqdır. Süni və yaltaq insanlara da nifrət edirəm. Vicdanıma and olsun ki, riyakar və yaltaq insan deyiləm.
– Mən təəssüf edirəm ki…
– Təəssüf etdiyim məqamlar çoxdur. Dünənki günümlə fəxr edib bu günümdən utanıram. Nə üçün? Savadsız, tərbiyəsiz və cahil insanlarla eyni cəmiyyətdə yaşadığım və onlarla eyni havanı udduğum üçün.
– Vanqa nənə ilə görüşsəydim…
– Allaha bağlı insanam, odur ki, onun kimi öncəgörücülərlə görüşməyi heç vaxt arzulamamışam. Əgər şansım olsaydı, Allahla görüşərdim.
– Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki…
– Unutmaq sözü leksikomumda yoxdur, o, çox gözəl bilir ki, hər zaman mənim qəlbimdə və beynimdədir.
– Tənhalıq insan üçün lənətdir, yoxsa ki…
– Allah heç kəsi tənha etməsin. Tənha quş yuva qurmaz deyirlər. Tənhalıq çox pis xəstəlikdir, bəlkə də virusdur, heç kimə tənhalıq arzulamazdım. Bu mövzuda danışmaq məni qorxudur.
– Ən böyük səhvim o olub ki…
– Səhvsiz insan yoxdur, mənim də böyük səhvlərim olub. İnsan yaşa dolduqca səhvlərindən nəticə çıxarır, müdrikləşir. Səhvsiz yalnız Allahdır, səhv etmək bəndələrə məxsus xüsusiyyətdir.
– Kiminsə yalan danışdığını hiss edəndə…
– O qədər hissiyatlı insanam ki, bunu dərhal başa düşürəm. Bununla belə heç vaxt kiminsə yalanını üzünə vurmuram, yola verirəm. Çünki istəsən də, o adamı düz yola gətirə bilməyəcəksən.
– Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki…
– Bəndələr bəzən Allahın işinə qarışır, bu, məni narahat edir. Hesab edirəm ki, Allah kimi hansı cilddə, hansı formada, hansı əqidədə yaratdığını özü yaxşı bilir.
– Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…
– Tüklərim biz-biz olur.
– Günahlarım yadıma düşəndə…
– Cəhənnəm odunda yanmaqdan qorxuram.
– Övladlarıma ən çox onu məsləhət görürəm ki…
– Dürüst və savadlı olmağı öyrətmişəm, amma indiki dövrdə dürüst insan olmaq çox çətindir.
– İlahi ədalətə inancımı o zaman itirdim ki…
– İnsanların hansı dinə mənsub olduqları mənimçün maraqlı deyil, əsas odur ki, Allah birdir. Hansı dinə itaət etmələrindən asılı olmayaraq insanlığını qoruyub saxlamalısan. İlahi ədalətə də inancımı həmişə qoruyub saxlayıram.
– Yaxşı gündə, pis gündə…
– Həyat yolaşım hər zaman yanımdadır.