Simurqun izi ilə -YUNUS OĞUZUN “OVÇU” ROMANINI OXUYARKƏN
Yunus Oğuzun “Ovçu” əsəri çağdaş ədəbiyyatımızda 2016-cı ilin aprel döyüşlərinə həsr edilmiş ilk romandır.
Tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bu dəfə tarixi keçmişə deyil, müasiri olduğumuz tarixi hadisələrə müraciət edərək çağdaş qəhrəmanlıq dastanını qələmə almışdır. 2016-cı ilin aprel döyüşləri xalqımızın, dövlətimizin gücünü, qüdrətini, ali baş komandanın torpaqlarımızı düşməndən təmizləmək əzmini bütün dünyaya nümayiş etdirdi. Romanın məhz belə yaxın və şanlı tarixi hadisəyə həsr edilməsi ideoloji baxımdan olduqca önəmlidir və belə bir tarixi məqama müraciət edən yazıçıdan ustalıqla bərabər böyük məsuliyyət tələb edir. Əsəri oxuduqda Yunus Oğuzun bu məsuliyyətli işin öhdəsindən məharətlə gəldiyinin şahidi oluruq.
Yunus Oğuzun “Ovçu” romanında tarix və müasirliyin vəhdətindən bəhs edərkən ilk diqqəti cəlb edən cəhət müəllifin tariximizin həlledici məqamlarına toxunmasıdır. Yazıçı Alp Arslan, Nadir şah dövründəki Azərbaycanı çağdaş tariximizlə yanaşı qoyaraq hər üç bölümü xalqın və hökmdarın qələbəsi ilə tamamlayır. Hər üç tarixi dövrdə Murad obrazı qələbənin qazanılmasında mühüm rol oynayır. Murad gah tədbirli bir sərkərdə olub Nadir şahın qələbəsində mühüm rol oynayır, gah mahir bir usta olub kəşf etdiyi silahla Ani şəhərinin fəthində Alp Arslana kömək edir. Müasirimiz Murad da məhz içindəki ruhun harayı ilə hərbçi olmaq qərarına gəlir: “Təkcə atası Telman qərarsız idi. Oğlunun xasiyyətini bilirdi. Tərsin biri idi. Beyninə bir şey girdisə, çıxartmaq mümkün deyil. Hər halda cəhd etmək lazım gəlirdi.
– Nəyinə lazımdır hərbçi olmaq? Gecən-gündüzün olmayacaq, yuxun ərşə çəkiləcək, ayaq üstə yatacaqsan.
– Mən zabit olmaq istəyirəm. İtirilmiş torpaqlarımızı bir metr də olsa geri qaytarmaq istəyirəm, ata. O zaman istəyimə çatacam. Ermənilərlə döyüşmək istəyirəm.
O, icazə almadan ayağa durmaq istədikdə atası üstünə hirsləndi.
– Bu qədər torpağı təkbaşınamı alacaqsan?
Telman kişinin hirsi tez də soyudu. Başa düşürdü ki, bu sözlərlə oğlunu yolundan döndərə bilməyəcək. Ancaq nə etməliydi? Oğlunun sonuncu sözləri hər şeyi yerinə qoydu. Ürəyində onun dediklərinə təslim oldu. Murad isə artıq qərarını vermişdi, evdəkilərə sözünü deyib rahatlaşmışdı və indi çox sevdiyi armud ağacının altında uzanıb göylərə baxırdı. Muradın atasına dediyi sonuncu sözlər isə həmişəlik Telmanın beynində həkk olundu. “İtirilmiş torpaqlarımızdan bir metr də geri alsam, ata, bil ki, istəyimə çatmışam”.
Əsərdə gördüyümüz, tarixin müxtəlif həlledici məqamlarında mühüm rol oynayan Murad obrazının timsalında yazıçı Azərbaycan nəsrində az işlənən reinkarnasiya metodunu uğurla tətbiq etmişdir. Ruhun yenidən başqa tarixi zaman və məkanda doğulması – reinkarnasiya yolu ilə Yunus Oğuz oxucunu Muradın ruhunun sələfləri ilə tanış edir və bu qəhrəmanın ruhi gücünün mənbəyini aşkarlayır. Müasirimiz Murad tarixin səhifələrində iz salmış özündən öncəki Muradların hələlik ən sonuncusu və ən mükəmməl variantıdır. İşıq zərrələrin toplusu olduğu kimi kəşfiyyatçı, döyüşçü, “ovçu” Murad da özündən öncəki qəhrəmanların bütün spesifik və güclü tərəflərini özündə cəmləyərək ədalət savaşının kəsərli silahına, bayrağına çevrilmişdir.
Bildiyimiz kimi, “ovçu” Muradın ləqəbi, kod adıdır. Lakin əsərdə başqa əlahiddə ovçu obrazı da var. Sözün əsl mənasında ovçu olan bu şəxs qaçmış dovşanın arxasınca getmir. Onun artıq boz qurdun şikarı olduğunu qəbul edir. “Göy guruldadı. Çiskin yağış yağmağa başladı. Ovçu sabahına saxladığı ərzağın dalınca talvara yaxınlaşdıqda gördü ki, ayağını dirəyə bağladığı dovşan yoxdur. Dovşan kəndiri gəmirib parçalamış və çöllüyə üz tutmuşdu. Yağan yağış onun ləpirlərinin hara getdiyini aydın göstərirdi. Bu dəfə o, tüfəngini götürüb ləpirlə yeriməyə başladı. Amma çox getmədi. Dovşan ləpirinə canavar ləpiri də qarışmışdı. Bu ləpir Boz Qurdun ləpiri idi. Ovçu bir qədər düşünüb geri qayıtdı. Boz Qurdun şikarına şərik olmaq istəmədi”.
Bu səhnə əslində, tarixin, zamanın özünün türkə, onun möhtəşəmliyinə, qüdrətinə olan münasibətinin, heyranlığının simvoludur. Türk boz qurd kimi irəli atıldıqda, öz haqqını tələb etdikdə Zaman-Zərvan da onun yolundan çəkilir, Əhrmənin məğlubiyyətini, Hörmüzün qələbəsini alqışlayır. Murad obrazı mifoloji baxımdan da oxucuda maraqlı assosiasiyalar yaradır. Mifoloji Simurqun özüdür Murad. Mifologiyada Feniks, Anka, Qaruda, Benu adları ilə də bilinən Simurq mifoloji versiyaya görə, çox güclü, nəhəng və qeyri-adi bir quşdur. Simurq reinkarnasiyanın, ölüb yenidən dirilmənin, əbədi həyatın simvoludur. Ömrü başa çatanda günəş zərrələrindən alovlanan tonqalda özünü yandırır, külündən yeni, gənc Simurq doğulur. Beləliklə, Muradlar da Simurq kimi xalqın əbədiyaşar əsgərləridirlər, vətən yolunda Simurq kimi yanaraq yurdun keşiyini çəkirlər.
Reinkarnasiya zamanı ruh yalnız fərqli zamanda deyil, fərqli məkanda da doğulma şansına malikdir. Lakin Yunus Oğuzun qəhrəmanı Muradın ruhu tarix boyu həmişə eyni məkanda – öz torpağında zühur edir. Çünki onun bu məkanda missiyası başa çatmamışdır. Nə qədər ki vətən torpağına göz dikən yadellilər var xalqın qəhrəmanlarının ruhu rahatlıq tapmayacaq, yeni Muradların cismində geri qayıdaraq öz yurdunun keşiyində duracaq. “… Göylərə saysız-hesabsız, mavi, qırmızı və yaşıl rəngli ulduzlar səpələnmişdi… Göy üzünə min il ərzində torpaq, vətən uğrunda şəhid olanlar, Muradlar yığılmışdı. Sabah isə yeni MURADLAR, yeni ŞƏHİDLƏR doğulacaqdı!”
Elnarə QARAGÖZOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru