Azərbaycan və Rumıniya diasporlarının əməkdaşlığını, təcrübə mübadiləsini əks etdirən memorandum imzalanıb
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyaya səfəri zamanı bir sıra görüşlər keçirib.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Rumıniyadakı diplomatlarımızla birlikdə Buxarestdə yerləşən Tei Parkındakı Heydər Əliyev xiyabanında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Sonra Fuad Muradov xaricdə yaşayan rumınlarla iş üzrə nazir xanım Natalya-Elena İntotero ilə görüşüb. Görüşdə iki ölkə diasporlarının birgə əməkdaşlığını və təcrübə mübadiləsini əks etdirən memorandum imzalanıb. Rumıniyalı nazir rəhbərlik etdiyi qurumun iş istiqamətləri, xaricdə yaşayan rumın diasporu ilə əlaqələrin qurulması, “Diaspor start-up” layihəsi barədə məlumat verib. Eyni zamanda, nazir xaricdə rumın dilinin öyrədilməsi , təhsil layihələri barədə danışıb. Bildirib ki, Rumıniya və Azərbaycan strateji tərəfdaşlardır və iki ölkə arasında imzalanan bu memorandum buna sübutdur.
Fuad Muradov Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu barədə bildirib. O, Azərbaycan diasporunun yaşayış xəritəsi, fəaliyyəti, gələcəkdə nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirib ki, Rumıniya ilə imzalanan memorandum iki ölkə diasporlarının yaxınlaşması, birgə fəaliyyət göstərməsi, layihələrin yerinə yetirilməsi, bir-birinin təcrübəsindən bəhrələnməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etməsi, yüksək nəticələr əldə etməsi, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfə nazirin diqqətinə çatdırılıb. Sədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan diasporunun rolunu qeyd edib.
Sonra F.Muradov dini məsələlər üzrə dövlət katibi Viktor Opaski ilə görüşüb. Görüşdə Rumıniyanın müsəlman icmasının ali müftisi Yusuf Murad da iştirak edib. Görüşün iki ölkə arasında müvafiq sahədə fikir mübadiləsi aparılması üçün əhəmiyyətli olduğunu və Azərbaycanın bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdıran V.Opaski Azərbaycanda mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal iş aparıldığını qeyd edib. Ölkəsindəki dövlət-din münasibətlərindən danışan V.Opaski bildirib ki, Rumıniyada dövlət tərəfindən dini icmalara və din xadimlərinə maaş verilir, bu sahədəki qanunvericilik bütün dini konfessiya mənsublarının etiqad azadlığının təmin olunmasına şərait yaradır. Hazırda Rumıniyada 18 dini icmanın dövlət qeydiyyatına alındığını, bunlardan 16-sının xristian, 1-nin yəhudi, 1-nin isə müsəlman icması olduğunu vurğulayan V.Opaski dini icmalar arasında qarşılıqlı hörmət və tolerant münasibətlərin olduğunu bildirib. Dövlət katibi Münxendə, o cümlədən Madriddə inşa edilən və inşa ediləcək kilsələr barədə məlumat verib. O, Rumıniyada müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb. Həmçinin Azərbaycanla əlaqələrindən, Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlığından bəhs edib.
Fuad Muradov Azərbaycan icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya olunmalarına, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına xüsusi önəm verildiyini diqqətə çatdırıb. O bildirib ki, Rumıniyanın Dini Məsələlər üzrə Dövlət Katibliyinin bu istiqamətdə 160 illik təcrübəsi böyük maraq kəsb edir və bu qurumla komitənin əməkdaşlığının gələcəkdə də davam edərək yeni müstəviyə çatdırılmasını arzulayır.
Sonra Xaricdə Yaşayan Rumınlarla İş Komissiyasının sədri senator Viorel Riçard Badea, Rumıniyanın Baş naziri Viorika Dançilanın iş aparatında dövlət müşaviri Andreea Pastarnak və Baş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini xanım Ana Birçal ilə görüşlər keçirilib. Görüşlərdə iki ölkə diasporları arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub. Bildirilib ki, Rumıniya diasporunun təcrübəsi öyrənilməlidir, xüsusilə diasporun maliyyələşdirilməsi və xaricdə rumın diasporu ilə bağlı qanunun tətbiq edilməsi təcrübəsi Azərbaycan tərəfi üçün maraqlıdır.
Baş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini xanım Ana Birçal tərəflər arasında 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının vacibliyinə toxunub, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin önəmini qeyd edib. Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin səviyyəsindən duyulan məmnunluğu ifadə edən A.Birçal cari ilin mart ayında ölkəmizə səfərini xatırladıb, ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, nəqliyyat və enerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. O əlavə edib ki, Rumıniya Azərbaycan ilə Aİ arasındakı dialoqun inkişafından və yeni müqavilə üzrə danışıqlarda irəliləyişin müşahidə olunmasından məmnunluq hissi keçirir və bu danışıqların uğurla yekunlaşdırılması üçün səylərini əsirgəməyəcək.
Sonra Dövlət Komitəsinin sədri Azərbaycanın Rumıniyadakı səfirliyində Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan azərbaycanlılar ilə görüş keçirib. Görüşdə sədr həmvətənlərimizin qayğıları ilə maraqlanıb, soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb. O, diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə keçməsinin gerçəkləşdirilməsi yolu və istiqamətləri barədə məlumat verib. Azərbaycanlıların yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya problemləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə təbliğatın genişləndirilməsi barədə danışıb. Xüsusilə azərbaycanlılar arasında əlaqələndirmənin gücləndirməsinin mühüm olduğunu vurğulayan sədr gələcəkdə bu istiqamətdə daha qəti addımlar atılacağına inamını bildirib.