“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin hüquqi rejimi tam məlum deyil, hələlik sazişin detalları açıqlanmayıb. Amma Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir. Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycana məxsus yük və sərnişin avtomobillərinin Ermənistan ərazisindəki hərəkətinin gömrük nəzarətinə cəlb olunub-olunmayacağı ilə bağlı suala birbaşa cavab verməyib. O, yayımlanmış sənədə və baş nazir Nikol Paşinyanın açıqlamalarına istinad edərək, qarşılıqlı istifadə mexanizmini izah edib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Zəngəzur dəhlizi vasitəsi ilə şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin manesiz gediş-gəlişinin təmin olunması əvvəlcədən şərt kimi qoyulub:
“Azərbaycan Respublikası vətəndaşlarının, ökəmizdə yaşamaq və işləmək icazəsi olan şəxslərin Azərbaycanın bir hissəsindən digərinə-Naxçıvan bölgəsinə öz şəxsi avtomobili və ya digər nəqliyyat vasitəsi ilə gediş-gəlişinin təmin edilməsi də həmin tənzimləmələr içərisində öz əksini tapacaq”.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək, Naxçıvanla quru əlaqəsini bərpa etməklə ölkənin iqtisadi və sosial inteqrasiyasını artıracaq. Dəhliz həm də Türkiyə ilə birbaşa yol bağlantısını təmin etməklə türk dünyasının nəqliyyat xəritəsində strateji əhəmiyyət kəsb edəcək. Mütəxəssislərin fikrincə, bu layihə bölgədə yeni logistik imkanlar yaradacaq və Orta Asiyadan Avropaya uzanan tranzit marşrutlarının güclənməsinə töhfə verəcək.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP







