26 İyun – Milli Ordu Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə – Əlahiddə Azərbaycan korpusu yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr Günü elan olunub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirib. Bu sahədə aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün dünyanın ən güclüləri sırasında olan, Cənubi Qafqazda rəqib tanımayan Azərbaycan Ordusu 107 yaşını şanlı Zəfərin beşinci ildönümünün təntənəsində qeyd edir.
Milli Ordu Günü və Ordu Anlayışının Dərin Mahiyyəti haqqında “Magen David Azərbaycan” hüquq və xeyriyyə təşkilatının rəhbəri, hüquq müdafiəçisi və diaspor nümayəndəsi David Seliverstovun müsahibəsini təqdim edirik:
Sual: 26 İyun tarixinin Azərbaycan üçün fəlsəfi və mənəvi əhəmiyyəti sizcə nədir?
David Silverstov: Bu tarix, sadəcə bir hərbi qurumun yaranma günü deyil, xalqın “öz taleyinin sahibi olma” qərarının rəmzidir. Ordu, varlığımızın maddi zaminidir. Fəlsəfi baxımdan desək, ordu – suveren iradənin bədən tapmış formasıdır. 26 İyun, kollektiv iradənin konkret tarixdə vücuda gəlməsi, xalqın “özünü müdafiə hüququnu” təsdiqləməsidir.
Sual: Ordu və azadlıq anlayışları arasında necə bir əlaqə görürsünüz?
David Silverstov: – Hüquqi məfhumdur, amma onu qoruyan ordu olmasa, tez bir zamanda kağız üzərində qalar. Hegelin öz dövründə dediyi kimi: “Azadlıq yalnız reallıqda qüvvə tapdıqda mənalıdır.” Müstəqilliyimiz və hüquqlarımız məhz güclü ordunun sayəsində yaşayır. Ordu – azadlığın sərhədində duran səssiz fəlsəfədir.
Sual: Bəziləri ordunu yalnız zor və güc vasitəsi kimi görür. Bu yanaşmanı necə qiymətləndirirsiniz?
David Silverstov:, Ordu güc simvoludur. Amma bu güc yalnız haqq üzərində qurulanda mənəviyyat qazanır. Əks halda, sadəcə zor alətinə çevrilə bilər. Azərbaycan Ordusu bu gün həm texniki cəhətdən müasir, həm də mənəvi baxımdan ədalət ruhuna söykənir. Gücün ədalətlə harmoniyası – əsl milli ordu fəlsəfəsidir.
Sual: Heydər Əliyevin və İlham Əliyevin ordu quruculuğundakı fəlsəfi baxışları sizcə nə ilə fərqlənir?
David Silverstov: Heydər Əliyev ordunu formalaşdırmaqla xalqın yaddaşında dövlətçilik iradəsini bərpa etdi. O, ordunu yalnız texniki struktura deyil, milli ideologiyanın daşıyıcısına çevirdi. İlham Əliyev isə bu orduya zəfər əzmi verdi. Onun rəhbərliyində ordu, milli özünüdərkin, qürurun və tarixi ədalətin bərpası vasitəsi oldu. Bu artıq fəlsəfi bir təkamüldür – fikirdən əmələ, ideyadan qələbəyə.
Sual: Gənclərə bu gündən çıxarmalı olduqları fəlsəfi dərs nə ola bilər?
David Silverstov: Gənclər anlamalıdırlar ki, vətən yalnız torpaq deyil – düşüncədir, məsuliyyətdir. Onlar bu torpaqda yaşayan hər fərdin taleyinə cavabdeh olduqlarını dərk etməlidirlər. Orduya xidmət – sadəcə forma geyinmək deyil, xalqın ruhuna xidmət etməkdir. Hər bir gənc içində bir əsgər daşıyır – bu əsgər onun vicdanıdır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP







