ABŞ-ın Rusiyadakı səfirliyi İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə bağlı məlumatların yayılmasından sonra amerikalı vətəndaşları sağlamlıq və təhlükəsizliklə bağlı mümkün risklər barədə xəbərdar edib.
ABŞ diplomatik missiyası İrkutskda ağciyər taunundan şübhələnilən şəxsin ölümü, karantin tədbirlərinin tətbiqi və xəstəxanaların bağlanması ilə bağlı məlumatlardan sonra vəziyyəti diqqətlə izlədiyini bildirib.
“Səfirliyə İrkutsk vilayətində ağciyər taununa şübhə ilə bağlı insanın ölümü, bununla əlaqədar karantin tədbirlərinin görülməsi və İrkutskdakı xəstəxanaların bağlanması barədə mətbuatda yayılan məlumatlar məlumdur. Vəziyyəti diqqətlə izləməyə davam edirik”, – deyə səfirliyin saytında yayımlanan məlumatda bildirilib.
Diplomatik missiya vurğulayıb ki, ABŞ-ın Rusiyada, xüsusilə də Moskvadan kənarda öz vətəndaşlarına yardım göstərmək imkanları məhduddur. Bundan əlavə, təhlükəsizlik və sağlamlığın qorunması səbəbindən ABŞ hökuməti əməkdaşlarının Rusiyanın bəzi regionlarına səfərlərinə əlavə məhdudiyyətlər tətbiq oluna bilər.
Regionda olan amerikalılara yerli səhiyyə orqanlarının göstərişlərinə əməl etmək, yüksək hərarət və ya tənəffüs yolları ilə bağlı simptomlar yarandıqda isə dərhal tibbi yardım üçün müraciət etmək tövsiyə olunub.
İrkutsk vilayətinə yaxın vaxtlarda səfər etmiş şəxslərə isə geri qayıtdıqdan sonra 14 gün ərzində sağlamlıq vəziyyətlərini diqqətlə izləmələri tövsiyə edilib.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti Rusiyaya səfərlərlə bağlı hazırda ən yüksək – dördüncü səviyyəli xəbərdarlığı qüvvədə saxlayır.
Rusiya ərazisində olan ABŞ vətəndaşlarına ölkəni “dərhal tərk etmək” tövsiyəsi yenidən verilib. Rusiyaya səfər etməyi planlaşdıranlara isə qanunsuz saxlanılma və təhlükəsizlik risklərini əsas gətirərək səfərdən imtina etmək qətiyyətlə tövsiyə olunub.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP
