Siyasi xəyanətdən Vətənə xəyanətə gedən yol

 

Yetmişinci illərdə rus imperiyasını tərənnüm edən, rus inqilabını, mədəniyyətini Orta Asiyaya daşıyan və bununla öyünən bir film vardı; “Səhranın bəyaz günəşi”. O dövrdə Orta Asiya türklərini aşağılayan bu film Moskvada və bir çox vilayətlərdə bəyənilmişdi, təbliğ olunurdu. Niyə də olmasın? Müsəlman respublikalarının aşağılanması, təhqir olunması xristian respublikalarında rəğbətlə qarşılanırdı. Moskva filmin ssenarisini bilirsiniz kimə yazdırırdı- müsəlmana. Hə dırnaqarası “məhşur” Rüstəm İbrahimbəyova. Bakının kosmopolit mühitində yetişdirilən bu adamı Moskva irəli çəkirdi, ona şərait yaratdı, həm Moskvada, həm də Bakıda komfortlu şəraitdə yuxarıdan gələn göstərişləri can-başla yerinə yetirirdi. Onun vecinə deyildi ki, müsəlman-türk qadınlarını təhqir edir. Bir yadınıza salın, on səkkiz yaşlı rus əsgəri Suxov birdən-birə altı başsız qalmış türk qadınının ərinə çevrilir. Təbiidir ki,  burada nə mentalitet, nə də adət-ənənə nəzərə alınıb. Bizdə məgər qadınlar belə olub? Ola bilsin Rüstəm İbrahimbəyovun ətrafında kosmopolit qadınlar olub, ya da yuxarılara xoş gəlmək üçün belə yazıb. Amma, fakt budur ki,  yuxarının istəyini müəllif filmdə dilə gətirib: “Bütün Sovetlərin qadınları rusa tabedir”.

Sovetlər dağıldı. İbrahimbəyov Moskvada iş tapmadığından  köçüb Bakıya gəldi. Yenə də kosmopolit siyasətini  davam etdirmək məqsədilə bu dəfə “İbrus” teatrını yaratdı. Başına aldadılmış insanları yığaraq onlara yağlı vədlər verməyə başladı. O, burada kosmopolit ideyalarla çoxlu-çoxlu pul qazanmaq istəyirdi. Zatən buna nail də olurdu, amma ilkin mərhələdə. Dövlət və hökumət başbilənləri tez bir zamanda başa düşdülər ki,  müharibə aparan ölkədə absurd və kosmopolit ideyaları yaymaq düzgün deyil. İçində erməni, yaxud xristian sevgisi daşıyan, özünü onların əlquzusuna çevirən, əvəzində Azərbaycan vətəndaşlarına, xalqına nifrət və kin bəsləyən belə bir insanın fəaliyyəti zərərli və qorxuludur. Odur ki, ona bulaq kimi axan vəsaitin qarşısı kəsildi. Teatr əlindən alındı.  Bu dövlətin və xalqın hesabına ona verilən milyonlarla pul mənbəyi dayandırıldı.

Hə, bundan sonra Rüstəmin Molla Nəsirəddinin dəli inəkləri kimi böyürtüsü gəlməyə başladı.  Əvvəl müxalifət siyasətinə baş vurdu. Milli Şuradan onun namizədliyi irəli sürüldü və iflasa uğradı. Elə hesab edirdi ki, “milyarderlər ittifaqı ona milyonlar ayıracaq, o da itkilərini kompensasiya edəcək, yağ-bal içində yaşamağına davam edəcək. Nəyin hesabına? Siyasi xəyanətin naminə. Bu adam o qədər yaxşı yaşamağa adət edib ki, təki pul olsun. Pul olandan sonra vətəni də, torpağı da , xalqı da, dostları da, sənə çörək verənləri, atanı, ananı da satmaq olar. Daha dözmədi. Başa düşdü ki, ruhunu şeytana satan adam üçün siyasi xəyanətdən vətənə xəyanətə qədər olan yolda bir tül pərdə  var. O bunu etdi. Tül pərdəni cırıb  o biri tərəfə- vətənə xəyanət tərəfə keçdi. Bu da “Qafqaz üçlüyü” filmi. Niyə məhz “Qafqaz üçlüyü”? Ssenarinin müəllifi özü, rejissoru gürcü, qəhrəmanları ermənilərdir. Bu da sənə üçlük, həm də burada ən geridə qalan azərbaycanlılardır; “savadsız, köntöy, mədəniyyətsiz, danabaş və s. “Buradan belə mesaj göndərilir ki, Bakını (Azərbaycanı yox ha. Ona qalsa qalan torpaqlarımızı erməni, gürcü və ruslar arasında bölər) yalnız kosmopolit mədəniyyət qurtara bilər, bir şərtlə ki, burada daha çox başqa xalqların nümayəndəsi yaşasın, o cümlədən də erməni axçiləri və dığaları. O inanmaq istəmir ki, lağa qoyduğu, təhqir etdiyi Bakı dünyanın ən baxımlı, modern şəhərinə çevrilib, bura ən təhlükəsiz yerdir. Burada din siyasətə və dövlətə diktə edə bilmir. Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. O buna inanmaq istəmir. O Bakını ələbaxım, başıaşağı görmək istəyir. O buna alışmayıb. Alışmadığından türklərə nifrət, ayrı-ayrı adamlardan isə intiqam almaq hissi ilə alışıb yanır.

İnanmıram ki, bu filmi çəkəndə səngərdə şəhid olanlar, qazi olanlar haqqında düşünsün. Əlbəttə yox. Bəlkə də siyasi xəyanətdən sonra normal Xocalı barədə, hətta sənədli filmi çəksəydi, Azərbaycan tərəfi onun siyasi xəyanətini bağışlayardı, Bakıya dəvət olunardı, şərait yaradılardı. Amma yox. O almağa öyrəşib, pul xərcləməyə, özü də vətən yolunda, xalq yolunda xərcləməyə alışmayıb. Onun üçün belə məsələlər gülməlidir. Niyə də gülməli olmasın? Axı filmin çəkilişi üçün pulu (onun heç zaman öz pulu olmayıb) bu və ya digər şəkildə ermənilərdən alıb. Erməni olsun, yaxud başqası olsun, təki vətənə xəyanət olsun, Rüstəm İbrahimbəyov üçün təki para olsun. Bu vətənə xəyanətdir.  O illər boyu buna hazırlaşırdı, yaxud hazırlayırdılar. Səddi keçəndən sonra nə fərqi var kimə işləyəcəksən.

Yaxın bir zamanlarda onu bizə prezidentliyə namizəd kimi sırımaq istəyən Milli Şura və onun aparıcı üzvləri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və başqaları indi nə deyəcəklər? Onun vətənə xəyanətini indi nə ilə izah, Rüstəmi tənqid edəcəklər? İnanmıram. Sussalar, deməli bunlar da…

İstisna etmirəm, bəzən belələri ortaya çıxacaq, Şura üzvlərindən birisi ermənilərdən elmi iş yazıb onları aborigen edəcək, digəri qız alacaq, ya da qız verəcək, üçüncüsü qardaş olub hayastan- Azərbaycan deyəcək. Amma, Rüstəmdən başlanan vətənə xəyanət yolunu incələmək istəməyəcəklər.

Yunus Oğuz

MediaZona.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir