Albaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilib

Albaniyanın paytaxtındakı Tirana Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş konfrans keçirilib.

Konfransda universitetin tələbə və müəllim heyəti, Albaniya dövlət qurumlarının və Tiranadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Yunanıstan və Albaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev konfransda çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən işlərdən ətraflı bəhs edib. Bildirilib ki, ən müasir humanist dəyərlər əsasında qurulan bu dövlət bolşevik işğalı nəticəsində süquta uğrayıb.

Albaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tarixçi-alim Entella Muço öz çıxışında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ölkədə həyata keçirdiyi müasir dövlət quruculuğu, Azərbaycanda mövcud olan sekulyar dövlət və multikulturalizm ənənələri haqqında iştirakçılara məlumat verib.

Tirana Universitetinin Tarix və Filologiya fakültəsinin dekanı Professor Sabri Laçi XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan və alban xalqlarının keçdiyi dövlətçilik yolunun bənzərliyinə toxunub.

Sonra 28 may – Respublika Gününə həsr edilmiş ziyafət təşkil olunub.

Tədbirdə Albaniya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri, Dövlət Protokolu İdarəsinin rəisi, Albaniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Yunanıstan və Albaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev 1918-ci il mayın 28-də elan edilən və cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yerinin olduğunu vurğulayıb. Diplomat 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutduğunu vurğulayıb. O, Azərbaycan və Albaniyanın dövlət başçıları arasında dialoqun yüksək səviyyədə olduğunu bildirib və iki ölkənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək TAP layihəsində birgə fəaliyyətini xüsusi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir