Hüquqşünas dələduzluqda ittiham edildi

Hüquqşünas  Tağı Hüseynov dələduzluqda ittiham olunur. Bu barədə Axar.az-a Şəki şəhər sakini Səadət Vəkilova məlumat verib. Şikayətçi bildirib ki, 2 il öncə yaranmış mülki problemlə əlaqədar  Tağı Hüseynovdan kömək istəyib. Hüquqşünas  ailənin Şəki şəhərində yaşamasına baxmayaraq, problemin onların xeyrinə həll edilməsini öhdəsinə götürüb.

“T. Hüseynov  Bakıda olsa da, proseslərə qatılmaq üçün Şəkiyə gələcəyini bildirdi. İş üçün ilk dəfədən ona 4000 manat pul ödədik. Şəkidə keçirilən prosesin birində iştirak etdi. Digər proseslərə özü gəlmir, köməkçisini göndərirdi. Proses uzandıqca vəziyyətin yaxşı olmadığını görürdük. Sonrakı proseslərə ümumiyyətlə köməkçisi də gəlmədi. Son məhkəmə prosesində hüquqşünassız  qaldıq. Dəfələrlə ona zəng edərək narahatlığımı bildirirdim, deyirdi narahat olmayın, köməkçim hər şeyi həll edəcək. Heç bir prosesdə iştirak etmədiyinə görə ona ödədiyim pulu geri istədim. 1500 manatını qaytardı və qalanını da verəcəyini bildirdi. Prosesdən iki il keçib, ancaq Tağı Hüseynov nə onda qalan sənədlərimizi geri verir, nə də pulumuzu”.

Zərərçəkən S.Vəkilova bildirib ki, hüquqşünas  ondan bununla bağlı mətbuata müraciət etməmək barədə xahiş edib: “Yanvar ayında xahiş etdi ki, bu barədə mətbuata heç bir məlumat verməyək. Demişdi, fevral ayında pulumu geri qaytaracaq. Ancaq qaytarmadı, sənədlərimi də verməyib”.

Məsələ ilə əlaqədar  T.Hüseynovla əlaqə saxlamağa çalışsaq da, köməkçisi onun Bakıda olmadığını bildirib.

Vəkillər  Kollegiyasının Rəyasət Heyətindən  isə,  Olaylara   bildirilib ki,  T.Hüseynov  vəkil  deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir