Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü anılacaq…
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anılacaq . Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılarında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən tədbir keçiriləcək. Tədbir çərçivəsində teatrın repertuarında yer alan S. Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası nümayiş olunacaq. Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri ilə yanaşı Xocalı şəhərinin sakinləri, faciənin iştirakçısı olan şahidlər iştirak edəcək.
1992-ci il fevral ayının 25-dən – 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edən S.Elsevərin “Arzu və Murad” tamaşasını həmçinin Xocalıdan didərgin düşmüş soydaşlarımız və rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi izləyəcək.
Səhnə əsərində əsas obrazları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edir.