Gəncədə qadının əl-ayağını bağlayıb yandırdılar – FOTO

Gəncədə sələmçiliklə məşğul olan qadın qətlə yetirilib. İzi itirmək istəyən cinayətkarlar daha sonra mənzili yandırıblar.

Oxu.Az Kəpəz TV-yə istinadən bildirir ki, ötən gecə saat 05 radələrində Gəncənin Üzeyir Hacıbəyov küçəsi, bina 81, ev 36-da yanğın hadisəsi baş verib. Yanğından xəbər tutan qonşular dərhal Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarına xəbər veriblər.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər mənzilə daxil olarkən orada 47 yaşlı Pərvanə İsmayılovanın qolu bağlı meyitini aşkar ediblər. Dərhal hadisə yerinə mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, hadisə soyğunçuluq məqsədilə törədilib. Sələmçiliklə məşğul olan Pərvanə İsmayılovanın evinə basqın edən şəxs və ya şəxslər əvvəlcə qadının əlini məftillə bağlayıblar. Evdə axtarış aparan cinayətkarlar daha sonra Pərvanə İsmayılovanı qətlə yetirib və izi itirmək məqsədilə mənzili yandırıblar.

Hələlik hadisənin kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil. Hadisə yerində Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları araşdırmalar aparırlar. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. Xatırladaq ki, bir müddət əvvəl Gəncədə daha bir sələmçi qadın da bu şəkildə qətlə yetirilərək evi yandırılmışdı.

Qeyd edək ki, Gəncə şəhərində yanğın baş vermiş evdə ev sahibəsinin əl və ayağı bağlanmış vəziyyətdə meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  bildirib ki, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Pərvanə İsmayılovanın yaşadığı mənzildə əlləri və ayaqları bağlı vəziyyətdə yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir