İspan mətbuatında Ermənistanda hərbi əsir və girov olan azərbaycanlılara qarşı qəddar rəftar pislənilib

İspaniyanın beynəlxalq iqtisadiyyat və maliyyə jurnalının “elmundofinanciero.com” saytında Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününə həsr olunmuş məqalə dərc edilib.

Nəşrdə 1990-cı illərin əvvəllərində başlayan Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı hərbi əsir və girov götürülmüş azərbaycanlılara qarşı qəddar rəftar edilməsi və onların kütləvi şəkildə edam olunması diqqətə çatdırılır.

İspan nəşri Qarabağ müharibəsi zamanı 3890 azərbaycanlının (3171 hərbi qulluqçu, 719 mülki şəxs) itkin düşdüyünü qeyd edir. Beynəlxalq humanitar hüququn tələblərinin kobud şəkildə pozulması demək olduğuna baxmayaraq, Ermənistan tərəfindən girov götürülən 29 uşaq, 98 qadın və 112 qoca olmaqla Azərbaycanın 267 dinc sakini azad edilməyib. Bu günə qədər 224 uşaq, 357 qadın və 225 qoca olmaqla 1102 azərbaycanlı girov erməni əsirliyindən azad olunub.

Məqalədə yazılır ki, Ermənistan qanunsuz hərəkətləri ilə 1949-cu il Cenevrə Konvensiyalarının hərbi əsirlərlə rəftarına və müharibədə mülki əhalinin müdafiəsinə dair müvafiq müddəaları və Protokolu ciddi şəkildə pozur. Bildirilir ki, azərbaycanlılar Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı qüvvələrinin geniş şəkildə həyata keçirdikləri vəhşiliklər nəticəsində, ciddi narahatlıq doğuran şəraitdə itkin düşüblər. Nəşrdə qeyd edilir ki, girovların və əsirlərin qanunsuz saxlanması, onlara işgəncə verilməsi və şəxsi ləyaqətlərinə hücumlar erməni ekstremistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən sistematik kollektiv cəza və ayrı-seçkilik siyasətinin bir hissəsi olub.

İspaniya mətbuatı azərbaycanlılara qarşı ağır cinayətlərdə günahkar olanların məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycanda cinayət işinin açıldığını bildirir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP