Lütfi Zadə təkcə azərbaycanlı yox, həm də Azərbaycandır!

SAHİB ALIYEV

millət vəkili

Dahi Azərbaycan alimi Lütfi Zadənin nəşi artıq vətəndədir. Onunla vida  davam edir. Bu gün o, bir parçası olduğu torpağa tapşırılacaq, Azərbaycan Azərbaycana tapşırılır da deyə bilərik. Bəli, Lütfi Zadə təkcə azərbaycanlı yox, həm də azərbaycan (bu sözü ona görə kişik hərflə yazıram ki, söhbət ölkədən yox, şəxsdən gedir) idi.

Təbii  ki, tək Azərbaycan vətəndaşları deyil, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımz azəbaycanlıdır. Amma həm azərbaycanlı, həm də azərbaycan olmağı bacaran soydaşlarımız da vardı. Yəqin vardır da. Onlardan biri də Lütfi Zadə idi. Kimdir təkcə azərbaycanlı olmayıb, həm də Azərbaycan olanlar? Fərd bir halda vətəninin adına haqq edə bilər ki, onun önündə xidmətləri ya yüz minlərin birgə xidmətlərindən daha böyük olsun, ya da yolunda gözünü qırpmadan belə qurban gedə bilsin.

Sonuncu şəhidlərimizdir, ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz. Lütfi Zadə kimi adamlara gəldikdə isə, onlar içlərindəki vətən sevgisini ola bilər heç vaxt dilə gətriməsinlər. Əslində buna ehtiyac da yoxdur. Belələrinin bir azərbaycanlı olaraq, əldə etdikləri uğurlar elə vətənə ən böyük xidmətdir. Çünki bu uğur istər-istəməz təkcə yaşadığı ölkənin yox, həm də təmsil etdiyi xalqın adına yazılır. Və bundan da hər kəs öz hesabını götürür. O anlamda ki, böyük övladları ancaq böyük xalqlar yetirə bilər. Demək, Lütfi Zadənin də bir elm adamı kimi böyüklüyü işləyib uğurlar qazandığı Amerikayla yanaşı, soyunun da qüdrətinə dayanır.

Lütfi Zadə kimi adamların xidməti sadəcə, öz böyüklükləriylə təmsil etdikləri xalqın böyüklüyün göstərmək  və böyütməklə də bitmir. Su gəldiyi arxdan bir də gəlir axı! Yəqin ki, ən azından adı veriləcək 16 saylı məktəbdə oxuyan neçə-neçə azərbaycanlı uşaq Lütfi Zadənin yoluyla getmək istəyəcək. Aralarından bunu bacaran da olacaq. Niyə də olmasın ki? Axı ortada örnək var. Əgər keçən əsrdə həmən o, 16 saylı məktəbə gedən Lütfi bunu bacarıbsa, bu əsrdə gedən Lütfi niyə bacarmasın? Soy həmən soy deyilmi?

Ona görə də heç şübhə etmiəm ki, bu xalqın içindən yeni lütfilər çıxacaq. Yeni azərbaycanlar doğulacaq. Və bunda Lütfi Zadənin də danılmaz xidmətləri var. Dinə əksər əsl elm adamları necə yanaşırsa o cür yanaşan, ancaq son nəfəsində müsəlman kimi dəfn olunmasını, həm də vətəni Azərbaycanda torpağa tapşırılmasını vəsiyyət edən Lütfi Zadənin. O bunu niyə etdi bilirsinizmi? Uğurlarının kökündə işləyib ad-san qazandığı ölkədən çox, soyunun durduğunu, bu xalqın, bu vətənin bir parçası olduğunu göstərmək üçün. Azərbaycanın adı da, torpağı da halalı olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir