Sərəncamla 625 MƏHKUM ƏFV EDİLDİ

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı Sərəncamla 625 məhkum əfv edilib.

Milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamı olan bu Sərəncamında Azərbaycan Prezidenti humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb.

Bu əfv Sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir. Belə ki, Sərəncamla 625 məhkum əfv edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub.

Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər.

Əfv edilənlər içərisində 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar məhkum edilmiş 30 nəfər şəxs, bundan başqa Azərbaycan İslam Partiyasının sədr müavini, AXCP-dən olan 5 siyasi fəal və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfər də var.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP